Logo

Prezident təqaüdçüsü: “Bakı Ali Neft Məktəbində təhsil almaq bir şansdır” 

19.10.2021 09:12 61 baxış
IMG

Prezident təqaüdçüsü Murad Əliyev 2004-cü il martın 24-də Bakıda doğulub. Bakı şəhəri, Xətai rayonu Sədrəddin Həsənov adına 63 saylı tam orta məktəbin məzunudur. 669.4 balla Bakı Ali Neft Məktəbinin (BANM) Biznesin idarə edilməsi ixtisasına daxil olub. Bunu həyatının bir şansı hesab edən Murad Əliyev Prezident təqaüdçüsü olmaqdan qürur duyur.

Tehsil.biz xəbər verir ki, BANM-in tələbəsi gələcək hədəfləri və arzularını da bölüşüb.

- BANM-lə tanışlığınız necə oldu?
- Müəllimlərimdən birinin övladı BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbəsidir. Müəllimim tez-tez oğlunun təhsili haqqında danışırdı. BANM haqqında məlumatlandıqca buranı sevməyə başladım. BANM-də II qrup ixtisasının açıldığını öyrənəndə çox sevindim və burada təhsil almağı qarşıma məqsəd qoydum. Qəbul imtahanında yüksək bal topladım və ixtisas seçimində elə birinci yerə BANM-in Biznesin idarə edilməsi ixtisasını yazdım. Bura daxil olmağım özüm üçün bir möcüzə idi. İnana bilmirdim ki, BANM-in tələbəsi oldum. Biznesin idarə edilməsi ixtisasının keçid balı ilə daxil olduğumu görəndə sevincdən qışqırmışdım. Buna görə özümü şanslı hesab edirəm.
 
- Adınızı Prezident təqaüdçüləri sırasında görəndə hansı hissləri keçirdiniz?
- Prezident təqaüdünə layiq görülənlər arasında olacağımı gözləyirdim. Lakin siyahıda adımı görəndə sevincimin həddi-hüdudu yox idi. Bu, mənim üçün çox böyük fəxrdir. Cənab Prezidentin imzaladığı sərəncamda adımın olmağı böyük qürurdur. Qarşıdakı illərdə də bu ada layiq olmağı sübut etmək üçün fəal və uğurlu tələbə olmağa və bu adın haqqını verməyə çalışacağam.

- Qəbul imtahanlarına necə hazırlaşırdınız?
- Gün ərzində həm dərslərimi oxuyurdum, həm də əlavə məşğuliyyətlərim olurdu. Məsələn, gəzintiyə çıxırdım, göl və ya dəniz kənarına gedirdim, həzin musiqi dinləyirdim, ətrafı müşahidə edirdim, dostlarımla görüşürdüm, müxtəlif tədbir və layihələrdə iştirak edirdim. 2020-ci ildə “Əlaçı” verilişinin ikincisi, “Mən Azərbaycanlıyam” verilişinin qalibi olmuşam. “Ölkəmizi tanıyaq” layihəsində məktəbimizi təmsil etmişəm. Sosial həyatda aktivlik həm də mənə yeni dostlar qazandırıb. Onlardan biri olan Zahid Abdullayev hazırda BANM-də qrup yoldaşımdır.
 
- Gələcək hədəfləriniz nədir?
- Düşünürəm ki, insan zamanın, dövrün tələbinə uyğun olaraq özünə hədəf formalaşdırmalıdır. Hazırda məni sevindirən odur ki, mühəndislərlə birlikdə təhsil alırıq. Bu isə bizə tələbəlik dövründə  müxtəlif startap layihələri hazırlamaq imkanı verir. Olduğum, getdiyim yerlərdə problemləri müşahidə etməyi və  innovativ həll yolları tapmağı sevirəm. Hər hansı problemi həll etmək üçün addım atsaq, bu addım başlanğıc olsa belə, biz bunu bitirməsək də, o problem mütləq həllini tapacaq. Hazırda Ali Məktəbdə məqsədim daha sosial olmaq, daha çox insan tanımaq və hər kəslə birlikdə komandada işləmə bacarıqlarımı inkişaf etdirməkdir. BANM-də təhsil aldığım müddətdə hədəflərim də böyüyəcək.

Xəbər lenti