Logo

Dövlət Gömrük Komitəsinin Akademiyasında 18 oktyabr Müstəqilliyin Bərpası Günü qeyd olunub

19.10.2021 09:06 58 baxış
IMG

Dövlət Gömrük Komitəsinin Akademiyasında dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov tədbirdə çıxış edərək bildirib ki, bu il keçirilən Müstəqilliyin Bərpası Günü digər illərdəkinə nəzərən olduqca fərqlidir. Bu il Müzəffər Ali Baş Komandanımızın, şanlı ordumuzun və qədirbilən xalqımızın birgə səyi nəticəsində bayramın olduqca möhtəşəm əhval-ruhiyyədə keçirildiyini bildirən Akademiya rəisi Azərbaycanın özünün əsl müstəqilliyini Ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdiyini vurğulayıb. Məhz Ümummilli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu öndərin siyasi kursunu uğurla davam edən Müzəffər Ali Baş Komandan İlham Əliyev dönəmində isə Azərbaycan zəfərə doğru gedən yolda əmin addımlarla irəlilədi və nəhayət ötən il zəfər bizim oldu. Akademiya rəisi bundan sonra alnımız açıq, üzümüz ağ olaraq əbədi müstəqilliyimizin bərpası gününü qeyd edəcəyimizi bildirib.

Daha sonra çıxış edən Akademiyanın müəllimi Samir Həsənov Azərbaycan xalqının müstəqillik yolundakı tarixinə nəzər salaraq, müstəqil Azərbaycan Respublikasının 18 oktyabrdan etibarən möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutduğunu vurğulayıb, 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Sonra müstəqilliyin bərpası gününə həsr edilmiş videoçarx nümayiş olunub və tədbir bədii hissə ilə davam edib.

Xəbər lenti