Logo

“Qarabağ zəfəri - Azərbaycan dövlətçilik tarixinin şanlı səhifəsi”

19.10.2021 08:56 319 baxış
IMG

Bu gün Bakı Dövlət Universitetində (BDU) 18 oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Gününün 30 illiyinə həsr olunmuş “Qarabağ zəfəri - Azərbaycan dövlətçilik tarixinin şanlı səhifəsi” mövzusunda Beynəlxalq onlayn elmi konfrans öz işinə başlayıb.

Tehsil.biz xəbər verir ki, konfransda əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bu gün konfransın plenar iclası keçirilib. İclasda BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev giriş sözü ilə çıxış edərək xalqımızın ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa etməsini mühüm tarixi hadisə kimi qiymətləndirib. Ə.Ağamirzəyev qeyd edib ki, 1991-ci ildə yaranmış tarixi şəraitin nəticəsi olaraq Azərbaycan Ali Soveti avqustun 30-da müstəqillik bəyannaməsini qəbul etmiş, oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunmuşdur. Xalqımız 70 ildən sonra öz müstəqilliyini bərpa etmişdir. Müstəqilliyi qoruyub saxlamağın onu qazanmaqdan qat-qat çətin olduğunu tarix dəfələrlə sübut edib. Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.

Müstəqilliyinin ilk illərində xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi, Azərbaycanın ərazisinin 20 faizi Ermənistan qəsbkarları tərəfindən işğal edildi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Qarabağ müharibəsi, digər tərəfdən ölkə daxildə gedən siyasi çəkişmələr, separatçılar hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaratmışdı. Lakin 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə siyasi rəhbərliyə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi.

Məhz milli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. O, müstəqilliyin möhkəmlənməsində və milli dövlət quruculuğu prosesində Ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayaraq, bu böyük şəxsiyyətin rəhbərliyi altında Azərbaycanın tarixi nailiyyətlərə imza atdığını söyləyib. Vətən müharibəsində qazanılan parlaq qələbənin ölkənin uğurlu inkişafının nəticəsi olduğunu vurğulayaraq, Azərbaycanın bu möhtəşəm zəfəri Ali Baş Komandanın müdrik qərarları, rəşadətli Ordumuzun gücü və xalqımızın sarsılmaz həmrəyliyi sayəsində əldə etdiyinə diqqət çəkib.

Daha sonra Milli Məclisin üzvü, BDU-nun Tarix fakültəsinin kafedra müdiri Anar İsgəndərov, Tarix fakültəsinin professoru İbrahim Zeynalov, Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti Ələmdar Bayramov, Tarix fakültəsinin professoru Qabil Əliyev, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sultan Zahidov məruzə ilə çıxış ediblər.

Konfrans 19-20 oktyabr tarixlərində bölmə iclaslarında öz işini davam etdirəcək.

Xəbər lenti