Logo

Naxçıvanda uşaqların kütləvi profilaktik müayinələrinə başlanılıb

19.10.2021 08:45 519 baxış
IMG

Naxçıvanda hər il yaz və payız mövsümlərində tam orta məktəblərin şagirdləri arasında profilaktika xarakteri daşıyan dərin tibbi yoxlamalar aparılır.

Tehsil.biz AZƏRTAC-ın Naxçıvan bürosuna istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində keçirilən məktəblilərin tibbi müayinəsinə bu il ilk olaraq Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdən başlanılıb. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının pediatr, stomatoloq, kardioloq, cərrah-ortoped, LOR, nevropatoloq, pediatr və digər ixtisaslı həkimlərdən ibarət briqadası müayinələrdə iştirak edib. Xəstəliyi dəqiqləşdirilən şagirdlər üçün müvafiq konsultasiyalar, eləcə də lazımi müalicə tədbirləri təşkil olunub. Ətraflı müayinəyə ehtiyacı olan məktəblilər dispanser qeydiyyatına alınıb və Mərkəzi Uşaq Xəstəxanasına dəvət ediliblər.

Mərkəzi Uşaq Xəstəxanası tərəfindən məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinə getməyən uşaqlar da qeydiyyata alınıb. Mütəmadi olaraq Naxçıvan şəhər, eləcə də muxtar respublikanın rayonlarında yaşayan həmin uşaqların valideynləri ilə əlaqə saxlanılır və xəstəxanaya dəvət edilərək müayinələrə cəlb olunurlar.

Naxçıvan şəhər, eləcə də muxtar respublikanın rayonlarında uşaqların dərin tibbi müayinələri dekabrın əvvəlinədək davam edəcək.

Xəbər lenti