Logo

Azərbaycan Dillər Universitetində ənənəvi Çin bayramı qeyd olunub

18.10.2021 18:43 307 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çinin ənənəvi “Çunyan – əkiz doqquzlar” bayramına həsr olunan tədbir keçirilib.

ADU-dan bildirilib ki, tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Xan sülaləsinin imperatoru Lyu Banın uzunömürlülük əldə etmək üçün doqquzuncu ayın doqquzuncu günündə əyninə zoğal ağacının budaqlarını geyinmək və xrizantem şərabı içmək adətini gündəmə gətirməsi ilə bağlı yaranan bayram haqqında əfsanəni danışıb. R.Abbasov, həmçinin bayramın fəlsəfi məzmunu və kainatın iki əsas elementindən biri olan kişi başlanğıcı “yan” haqqında danışıb.

Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayeva isə bayramın ənənələri, fəlakətlərdən xilas olmaq və xoşbəxt ömür sürmək üçün dua edərək dağa qalxma mərasimi, düyü unundan hazırlanaraq ərik çəyirdəkləri, xurma, qoz-fındıq və kişmişlə bəzədilmiş bayram şirniyyatları haqqında məlumat verib. O bildirib ki, bayramda əcdadların xatirəsi ehtiramla yad edilir və bayramın rəmzi olan beşqatlı kökə – “çunyan gao” hazırlanır.

Tədbirdə XX əsr dövlət, siyasi və partiya xadimi, müasir Çin Xalq Respublikasının qurucusu Mao Tszedunun və qədim Çin şairləri Tao Yuanminin və Van Veyin bayrama həsr olunmuş şeirləri səsləndirilib.

Xəbər lenti