Logo

Kimya, biologiya, fizika, tarix, coğrafiya, ingilis dili və rus dili fənlərindən hazırlıq kursları keçirilib

18.10.2021 17:41 310 baxış
IMG

16-17 oktyabr 2021-ci il tarixlərində Dövlət İmtahan Mərkəzində buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və açıq tipli tapşırıqların yoxlanılmasına dair hazırlıq kurslarında kimya, biologiya, fizika, tarix, coğrafiya, ingilis dili və rus dili fənlərinin məşğələləri keçirilib.

COVID-19 pandemiyası ilə bağlı ölkədə tətbiq edilən karantin rejiminin qaydaları nəzərə alınaraq hazırlıq kursları onlayn – “Zoom” platforması üzərindən həyata keçirilib.
Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak ediblər.

Öncə şöbə müdiri Afiqə Batıyeva hazırlıq kurslarının proqramı haqqında məlumat verərək qeyd etdi ki, kursun nəzəri hissəsi mövcud şəraitə görə 2 gün ərzində onlayn qaydada keçiriləcək. Sonra kursun praktiki hissəsində iştirakçıların ev tapşırıqlarını 15 gün müddətində internet vasitəsi ilə onlara təqdim edilən elektron ünvana göndərməli olduqlarını bildirdi. Hazırlıq kursunun sonunda iştirakçıların kalibrləmə prosesindən keçməli olduqlarını qeyd etdi. Çıxışın sonunda A. Batıyeva kurs iştirakçılarına uğurlar arzulayaraq sözü moderatorlara verdi.

Hazırlıq kurslarında kimya fənni üzrə moderator Elşad Abdullayev, biologiya fənni üzrə moderator Nailə Əliyeva, fizika fənni üzrə moderatorlar Sona Hacılı və Əlövsət Rəcəbli, tarix fənni üzrə moderator Hafiz Cabbarov, coğrafiya fənni üzrə moderator Nərminə Seyfullayeva, ingilis dili fənni üzrə moderator Nərminə Əliyeva və rus dili fənni üzrə moderator Viktoriya Ələkbərova müvafiq fənn kurikulumunun strukturu, mahiyyəti, məzmunu haqqında və imtahanlarda mənimsənilmə səviyyəsinin yoxlanılması, qiymətləndirilməsi mümkün olan alt standartlar, onları reallaşdıran mövzular, qiymətləndirmə vasitələrinin formaları, məzmunu və qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı təqdimatlar etdilər.

Kursu başa vurmuş müdavimlərin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək. Onlara DİM-in sertifikatı veriləcək. Gələcəkdə sertifikat almış şəxslər DİM-lə əməkdaşlığa cəlb ediləcəklər.

Xəbər lenti