Logo

UNEC-də dəyirmi masa: Müstəqilliyin 30-cu ilində Azərbaycan və türk dünyası

18.10.2021 15:36 558 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk dünyası iqtisad fakültəsində “Müstəqilliyin 30-cu ilində Azərbaycan və türk dünyası” mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə universitetdən məlumat verilib.

Tədbirdə İqtisadiyyat və işlətmə kafedrasının müdiri Oqtay Quliyev müsəlman Şərqində ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən danışıb. Həyata keçirilən tədbirlərin müstəqil Azərbaycanın dövlətçilik əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Fakültə dekanı professor Mehmet Yüce “Müstəqilliyin 30-cu ilində Azərbaycan və türk dünyası” mövzusunda çıxış edib. Türk dünyası ölkələri arasında iqtisadi, sosial-mədəni əlaqələrin əhəmiyyətini vurğulayan Mehmet Yüce, eyni zamanda, Qarabağın işğaldan azad edilməsinin türk dünyasını quru yolu ilə Türkiyəyə, eləcə də Avropada yaşayan türklərə bağlayacağını və inteqrasiyanın təmin olunacağını bildirib.

Sonra kafedranın müəllimi Mirsahib Eminov Türkiyə ilə Azərbaycanın dostluq münasibətlərini təhlil edib, Türkiyənin əhəmiyyətli ticarət tərəfdaşı olduğunu vurğulayıb.

Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb.

Xəbər lenti