Logo

İşğaldan azad olunan torpaqlarımızda üçrəngli bayrağımız qürurla dalğalanır

18.10.2021 14:36 426 baxış
IMG

Azərbaycanın  dövlət müstəqilliyinin bərpasının 30 ili tamam olur.

1918-ci il mayın 28-də Tiflisdə Azərbaycanın milli-demokratik qüvvələrini təmsil edən Müsəlman Milli Şurası 6 maddədən ibarət “İstiqlal Bəyannaməsi”ni qəbul etdi. Bu bəyannamə ilə Azərbaycan öz müstəqilliyini elan etdi.

1920-ci ildə baş vermiş ictimai-siyasi dəyişikliklər nəticəsində Azərbaycan xalqı milli azadlığından, dövlət müstəqilliyindən, milli-mənəvi ənənələrindən məhrum olmuşdur. Azadlıq, müstəqil dövlət halında yaşamaq xalqımız üçün ən böyük xoşbəxtlikdir, misilsiz nemətdir. Çünki, dövləti olmayan xalq məhvə məhkumdur. Məhz buna görə də qədirbilən xalqımız bugünkü müstəqil dövlətçiliyimiz, siyasi varlığımız üçün, ilk növbədə, öz dahi oğlunun – Heydər Əliyevin parlaq xatirəsini əziz tutur. Hər bir Vətən övladına gün kimi aydındır ki, əgər XX yüzilliyin sonunda Ulu Tanrı şəxsiyyət və zaman problemini Azərbaycanımızın xeyrinə həll etməsəydi - xalqımızın Heydər Əliyev kimi qüdrətli şəxsiyyəti olmasaydı, müstəqilliyimizi qoruyub saxlamaq çox çətin olardı.

Heydər Əliyevin hələ XX yüzilliyin 70‐80‐ci illərinin əvvəllərində həyata keçirdiyi kompleks inkişaf proqramları nəticəsində Azərbaycan o zaman SSRİ məkanında qabaqcıl sənaye, kənd təsərrüfatı və mədəniyyət respublikasına çevrildi. Bu, Heydər Əliyevin məqsədyönlü, qabaqcadan götür‐qoy edilmiş, dərindən ölçülüb‐biçilmiş və gələcəyə istiqamətlənmiş müdrik siyasətinin, dahiyanə uzaqgörənliyinin parlaq nəticəsi idi. Heydər Əliyevin özünün dediyi kimi: “Azərbaycanın Sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi‐texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır”. Heydər Əliyev hələ o zaman müstəqil yaşadığımız bu günləri görürdü, doğma Vətənini bu günlər üçün hazırlayırdı. Böyük düha sahibi yeni Azərbaycanı – bugünkü Azərbaycanı hələ o vaxtdan qurmağa başlamışdı! Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün bu əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, əslində XX yüzilliyin 70‐ci illərində Azərbaycan xalqının milli‐azadlıq hərəkatının yeni mərhələyə – yüksəliş mərhələsinə daxil olması demək idi. Bu, Heydər Əliyevin xalqımızın istiqlal mübarizəsi tarixində misilsiz xidmətidir.

1991‐ci il oktyabrın 18‐də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunarkən Azərbaycan artıq müstəqil bir dövlət kimi yaşamağa tamamilə hazır idi. Heydər Əliyev yeni, müstəqil Azərbaycanı qurduğu illərdə tariximizin yuxarıda bəhs etdiyimiz dövrünü yada salaraq deyirdi: “Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get‐gedə daha dərindən inteqrasiya olunması hələ 1970‐1985‐ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır”.

XX yüzilliyin 80‐ci illərinin ortalarında, artıq, Sovet İttifaqı dərin böhran içərisində idi. Böhran ictimai‐siyasi, iqtisadi və mənəvi həyatın bütün sahələrini əhatə etməkdə idi. SSRİ‐də başlanmış böhran, əslində, özünü doğrultmayan sosializm cəmiyyətinin ümumi böhranının tərkib hissəsi idi və bütünlükdə sosializm sistemini əhatə etmişdi. Ölkəni yetişməkdə olan növbəti ağır böhrandan xilas etmək üçün 80‐ci illərin ikinci yarısında müəyyən cəhdlər göstərildi. Sov.İKP MK‐nın 1987‐ci il Yanvar plenumunda yeni siyasi xətt – ʺaşkarlıq və demokratiya xəttiʺ qəbul edildi. Qeyd etmək lazımdır ki, ölkənin türk xalqları 70‐80‐ci illərin birinci yarısında, artıq, mühüm sosial‐iqtisadi, mənəvi‐intellektual, siyasi inkişaf yolu keçmişdi.

İmperiyanın müxtəlif bölgələrində əvvəlcədən məharətlə hazırlanmış milli münaqişə ocaqları alovlandırıldı. Mərkəz mühüm geosiyasi əhəmiyyəti olan Azərbaycanı və bununla, bütün Cənubi Qafqazı əldə saxlamaq üçün yenidən uydurma ʺDağlıq Qarabağ problemiʺni qızışdırdı.

Münaqişəni daha da alovlandırmaq və onun doğurduğu dağıdıcı prosesləri qarşısıalınmaz hala çevirmək üçün 1988‐ci il fevral ayının 28‐də mərkəzin və Ermənistanın xüsusi xidmət orqanlarının birgə işləyib hazırladığı Sumqayıt təxribatı törədildi. Sumqayıt təxribatı Moskvaya Azərbaycanın partiya rəhbərliyini dəyişdirmək üçün “əsas” oldu. Moskvanın Dağlıq Qarabağ məsələsində yeritdiyi açıq ermənipərəst siyasət, Vəzirov hakimiyyətinin acizliyi və Mərkəzin antiAzərbaycan siyasətinin yedəyində getməsi, xüsusən də ermənilərin nadir Topxana meşəsində sənaye obyekti tikintisinə başlanması xəbəri Azərbaycan xalqını ayağa qaldırdı. 1988‐ci il noyabrın 17‐dən Bakıda Lenin meydanında (indiki Azadlıq meydanı) xalq hərəkatı başlandı. Noyabrın 19‐da Mərkəzin tabeliyində qalınca Dağlıq Qarabağ məsələsinin həll olunmayacağına əmin olan xalq Azadlıq Meydanında, ilk dəfə olaraq, 1918‐1920‐ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını qaldırdı. Hökumət nümayəndələri mitinqi dayandırmağı tələb etdikdə Azadlıq Meydanında ʺMoskvanın fitnələrinə son qoyulsun!ʺ, ʺSuverenlik!ʺ, ʺAzadlıq!ʺ şüarları səslənməyə başladı. Azadlıq hərəkatı yeni vüsət aldı. Dekabrın 4‐də gecə Bakıda yerləşən sovet hərbi hissələri hücuma keçib zor gücünə meydanı boşaltdılar. Xalq hərəkatının fəalları həbs olundular. Xalq hərəkatının birinci – kortəbii mərhələsinin zirvəsi olan Meydan hərəkatı göstərdi ki, mitinq və nümayişlərlə mövcud problemin həll olunması mümkün deyil. Moskvanın təyin etdiyi rəhbərlər əvəzinə xalqın özünün sevdiyi, seçdiyi lideri olmalıdır. Liderlə xalq birləşməlidir.

Xalq Azərbaycanın üzləşdiyi taleyüklü problemləri həll etməyə qadir siyasətçi kimi ancaq Heydər Əliyevi görürdü. Lakin onun qarşısında yaradılan əngəllər 1990‐cı il 20 Yanvar qırğınına aparan yolun da başlanğıcını qoydu. 1990‐cı il 20 Yanvar qırğını bir daha xalqın başsız qaldığını göstərdi. Məhz belə bir ağır şəraitdə Heydər Əliyev Moskvanın Azərbaycana qarşı həyata keçirdiyi imperiya siyasətinə öz etiraz səsini qaldırdı. Bu, əslində, 1987‐ci ildən sonra Heydər Əliyevin ikinci dəfə böyük siyasətə qayıdışı demək idi. 1990‐cı il yanvarın 21‐də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək 20 Yanvar faciəsinə siyasi qiymət verdi, əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd siyasət yeridən mərkəzin və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Moskvadakı 21 yanvar 1990‐cı il tarixli çıxışı ilə Heydər Əliyev Azərbaycan xalqının Qurtuluş mübarizəsinin önünə keçdi.

Azərbaycanda, Bakıda fövqəladə vəziyyət olmasına baxmayaraq, yanvarın 22‐də xalq – yüz minlərlə insanı əhatə edən izdiham seli 20 Yanvar şəhidləri ilə vidalaşdı. Paytaxt matəm libası geyinmişdi. Respublikada üç günlük matəm elan olunmuşdu. Azadlıq meydanında izdihamlı matəm mitinqi keçirildi. Mitinqdə və dəfn mərasimində milyona qədər insan iştirak edirdi. Bu, azadlıq, haqq, ədalət, demokratiya yolunda, Vətən torpağını – Dağlıq Qarabağı qoruyub saxlamaq naminə canlarından keçmiş şəhidlərin müqəddəs ruhuna ümumxalq ehtiramının, eyni zamanda, Moskvanın qanlı cinayətinə qarşı kəskin ümumxalq etirazının ifadəsi idi.  Xalqa qarşı Mərkəzdən göstəriş alan sovet ordusunun qanlı cinayətləri isə hələ bitib‐tükənmək bilmirdi. Bakıda fövqəladə vəziyyət, komendant saatı tətbiq edildi. Kütləvi həbslər həyata keçirildi. Lakin imperiya rəhbərliyi və onların yerli əlaltıları Azərbaycan xalqının iradəsini qıra bilmədi.

Azərbaycan Respublikası Ali Sovetinin 1991‐ci il 7 mart tarixli sessiyasında Heydər Əliyev, bütün qətiyyəti ilə, SSRİ‐nin saxlanmasına münasibət bildirilməsi üçün təşkil olunması nəzərdə tutulan Ümumittifaq referendumunda iştirak etməyin əleyhinə çıxdı. “Mən yeni İttifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin, heç bir şərt qoymadan, tam əleyhinəyəm... Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam... Azərbaycan tam müstəqil dövlət kimi fəaliyyət göstərmək üçün bütün imkanlara malikdirʺ. Heydər Əliyev eyni qətiyyətlə respublika rəhbərliyinin əməldə müstəqillik əleyhinə olduğunu, bunu iqtisadi çətinliklər, uydurma ʺvətəndaş müharibəsi təhlükəsiʺ kimi amillərlə əsaslandırmağa çalışdığını, Bakıda fövqəladə vəziyyəti ləğv etmək istəmədiyini və bütün bunların hakimiyyəti əldə saxlamaq niyyətindən irəli gəldiyini göstərdi. SSRİ‐nin saxlanılmasına münasibət bildirmək üçün kommunistlər birləşib Azərbaycanın referendumda iştirakı barədə qərar qəbul etdilər. Ermənistanın boykot etdiyi bu referendumda Azərbaycanın iştirakı Moskvanın antiAzərbaycan mövqeyinə heç bir təsir göstərmədi.

Bu ibrətamiz tarixi faktdır ki, Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi ilə Naxçıvan MR‐in Ali Məclisi 1991‐ci il martın 14‐də SSRİ‐nin saxlanılması barədə referendumda iştirak etməmək haqqında qərar qəbul etdi. Respublika iqtidarının bunu ʺseparatçılıqʺ kimi qiymətləndirməsi, Muxtar Respublikaya təzyiqlər göstərməsi Heydər Əliyevi və onun arxasında duran Naxçıvan əhalisini yolundan döndərə bilmədi. Azərbaycanın demokratik qüvvələri də referendumu boykot etdilər. On gün ərzində  (qanunla iki ay olmalı idi!) tələm‐tələsik ʺhazırlıqʺdan sonra martın 17‐də keçirilmiş ʺreferendumʺun nəticələri saxtalaşdırıldı, guya səsvermədə iştirak edənlərin tam əksəriyyəti SSRİ‐nin saxlanılmasına tərəfdar oldu. Bu, əslində, şanlı istiqlal mübarizəsinə qalxmış Azərbaycan xalqının tarixinə vurulmuş qara ləkə idi. Demokratik qüvvələrin birgə fəaliyyəti nəticəsində SSRİ‐də dövlət çevrilişinin qarşısı alındı. Azərbaycanda da irticaya tərəfdar olan qüvvələrə qarşı mübarizə gücləndi. Mitinqlərdə respublikada prezident seçkilərinin dayandırılması, parlamentin buraxılması, yeni parlament seçkiləri keçirilməsi, Kommunist Partiyası hakimiyyətinin, fövqəladə vəziyyətin ləğv edilməsi, DQMV‐də Azərbaycanın suveren hüquqlarının təmin olunması üçün qəti tədbirlər görülməsi tələb edildi.

Xalqın tələbi ilə çağırılmış Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyası 1991‐ci il avqustun 30‐da Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyanat  – ʺAzadlıq Bəyannaməsiʺ qəbul etdi. Sessiyada Heydər Əliyevin bundan az əvvəl keçirilmiş referendumun nəticələrinin ləğv edilməsi, ʺAzadlıq Bəyannaməsiʺnin legitimliyini təmin etmək üçün yeni referendum keçirilməsi haqqında tələbi qulaqardına vuruldu. Heydər Əliyev sessiyadakı çıxışında dedi: ʺBiz artıq sovet imperiyasının, Kommunist Partiyasının dağılmasının şahidiyik... Bizim respublikamızın, Azərbaycan xalqının vəziyyəti daha çətin, daha ağırdır. Bunun əsas səbəbi respublikada hökm sürən Azərbaycan Kommunist Partiyasının diktatura rejiminin mürtəce siyasəti və buraxdığı kobud, bağışlanılmaz səhvlərdirʺ. O, bildirdi ki, Azərbaycan Kommunist Partiyası dərhal hakimiyyətdən getməlidir. Lakin respublika başçıları hələ də gözləmə mövqeyi tutur, qətiyyətsizlik nümayiş etdirirdilər.

Naxçıvanda isə müstəqillik uğrunda mübarizə getdikcə dərinləşməkdə idi. Belə ki, Naxçıvan MR Ali Məclisi 1991‐ci il sentyabrın 3‐də dəfələrlə namizədliyini geri götürməsinə baxmayaraq, Heydər Əliyevi xalqın təkidli tələbi ilə Ali Məclisin sədri seçdi. Ali Məclisin 4 sentyabr tarixli qərarı ilə Naxçıvan ərazisində prezident seçkiləri dayandırıldı. Azərbaycan iqtidarı Naxçıvana ciddi təzyiqlər göstərməyə başladı. Bu məqsədlə Naxçıvana xüsusi qüvvələr göndərildi. Lakin Ali Məclisin sədri Heydər Əliyev yerli televiziya ilə bəyanat verib xəbərdarlıq etdi ki, Naxçıvana təzyiq üçün gələn qüvvələr buranı tərk etməlidirlər, əks təqdirdə bütün əhali ayağa qalxacaqdır. İqtidar geri çəkilməyə məcbur oldu. Sentyabrın 8‐də keçirilən prezident seçkilərində iqtidar xalq arasında böyük nüfuza malik olan Heydər Əliyevin prezident seçilə biləcəyindən təşvişə düşüb qanuna yaş senzi və son beş ildə Azərbaycanda yaşamaq haqqında yeni maddə daxil etdi. Xalq bu məhdudiyyətlərin ləğv olunmasını tələb edir, çoxsaylı mitinqlər keçirirdi. Nəticədə Prezident seçkiləri Naxçıvan MR ərazisində keçirilmədi. 8 sentyabr seçkilərinin nəticələrinə görə A.Mütəllibov yenidən respublikanın prezidenti elan olundu. Sentyabrın 14‐də artıq tamamilə iflasa uğramış Azərbaycan Kommunist Partiyası XXXIII fövqəladə qurultayını çağırıb özünü buraxılmış elan etdi. Nəhayət, 1991‐ci il oktyabrın 18‐də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında yekdilliklə ʺAzərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktıʺ qəbul edildi. 1991-ci il dekabrın 29-da isə Azərbaycanda ümumxalq səsverməsi keçirilir. Referendum bülleteninə bir sual yazılır: “Siz “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?” Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxır. 1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edilir.

Beləliklə, Azərbaycan xalqı XX əsrdə dövlət müstəqilliyini bərpa etmək imkanı qazandı. Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edildi. Xalq müstəqil dövlətini qurmaq, möhkəmləndirmək, müdafiə etmək və inkişaf etdirmək üçün ağır sınaqlarla, çətinliklərlə üzləşməli oldu. Lakin Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə bu çətinliklərin öhdəsindən gəlməyə nail olmuş Azərbaycan Respublikası həm müstəqilliyini qoruyub saxladı, həm respublika daxilində ictimai-siyasi sabitlik yaratdı.

Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətçilik siyasəti Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 44 günlük Zəfər müharibəsi nəticəsində qəhrəman Azərbaycan ordusu və onun Ali Baş Komandanı 30 il düşmən işğalı altında torpaqlarımızı azad etdi, şəhidlərimizin intiqamını aldı. Bu gün işğaldan azad olunan torpaqlarımızda üçrəngli bayrağımız qürurla dalğalanır.

 

Anar İsgəndərov,

Milli Məclisin üzvü, BDU-nun Tarix fakültəsinin professoru

Xəbər lenti