Logo

15-ci Beynəlxalq İnformasiya-Kommunikasiya Texnologiyaları Konfransı başa çatıb

18.10.2021 10:19 366 baxış
IMG

“İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” üzrə 15-ci Beynəlxalq Konfrans (AICT2021) başa çatıb. Onlayn Konfrans ADA Universitetinin, ABŞ-ın Corc Vaşinqton Universitetinin və İtaliyanın Alessandro Faedo İnformasiya Elmləri və Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı, Elektrik və Elektron Mühəndisləri İnstitutunun texniki sponsorluğu və onun Azərbaycan bölməsinin dəstəyi ilə keçirilib.

ADA Universitetindən bildirilib ki, bu ali təhsil müəssisəsinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Səncər Yeralan konfransda elm, təhsil, biznes və sənaye sahələrində İKT-nin tətbiqindəki yeni tendensiyalardan bəhs edib.

Beynəlxalq konfransda böyük verilənlər mühəndisliyi, kibertəhlükəsizlik, təhsil və süni intellekt texnikaları üzrə xarici alim və mütəxəssislərin, eləcə də ABŞ, Avstraliya, Azərbaycan, Braziliya, Çin, Hindistan, İran, İtaliya, Yaponiya, Türkiyə və digər ölkələrdən qoşulan iştirakçıların elmi məruzələri dinlənilib.

Qeyd edək ki, konfransın əsas məqsədi İKT sahəsində çalışanları və tədqiqatçıları bir araya gətirmək, əldə edilən nailiyyətlər, elmi araşdırmaların nəticələri və beynəlxalq təcrübə ilə bağlı fikir mübadiləsi aparmaq, həmçinin gələcək inkişaf istiqamətləri barədə müzakirə platforması təşkil edərək bu sahənin inkişafını dəstəkləməkdir.

Xatırladaq ki, beynəlxalq konfrans oktyabrın 13-dən 15-dək keçirilib.

​​​​​​​​​​​

Xəbər lenti