Logo

İlqar Orucov: Prezidentin son Sərəncamı da əhalinin rifahına yönəlmiş işlərin davamıdır

18.10.2021 09:17 686 baxış
IMG

Prezident İlham Əliyevin ölkəmizə 18 illik rəhbərliyi dövründə əhalinin sosial rifahının qorunması, yaşayış səviyyəsinin artırılması dövlətin əsas prioritet məqsədlərindən biri olub. Dövlət başçımızın ölkəyə rəhbərliyinin ilk günlərindən indiyədək hər birimiz bu istiqamətdə kifayət qədər sərəncamların, dövlət proqramlarının, normativ-hüquqi bazanın gücləndirilməsi istiqamətində gördüyü işlərə şahid olmuşuq. Bu illər ərzində sosial siyasət dövlət siyasətində başlıca yerlərdən birini tutub. Birmənalı olaraq dövlət büdcəsində imkanlar genişləndikcə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətdə dövlətin siyasətini hər bir vətəndaşımız daim hiss etmiş və etməkdədir.

Tehsil.biz xəbər verir ki, bunu Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Bildirib ki, sosial sahədə islahatların son illərdə, xüsusilə geniş vüsət almasını müavinət və təqaüdlərin, pensiyaların ciddi şəkildə artırılması bir daha sübut edir:

“Belə ki, görülmüş tədbirlər nəticəsində 2018-ci ilin əvvəli ilə müqayisədə orta aylıq nominal əməkhaqqının məbləğində 39 faiz, əmək pensiyalarının orta məbləğində 60 faiz, sosial müavinətlərin orta məbləğində 2 dəfə, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin orta məbləğində isə 2,2 dəfə artım əldə olunub. Son 3 üç ildə ölkəmizdə xalis minimum əmək haqqının xalis orta aylıq əmək haqqına nisbəti 2018-c il ilə müqayisədə 26 faizdən 2020-ci ilə 38 faizlə yüksəlib. Bu da aşağı gəlirli vətəndaşlarımızın gəlirlərinin artırılmasına, digər tərəfdən, işləyən vətəndaşlarımızın layiqli əməkhaqqı almasına gətirib çıxarıb. Eyni zamanda, bu, layiqli əməkhaqqı ilə bağlı hədəflərə nail olunması Avropa Sosial Xartiyası normalarına uyğunluğun təmin edilməsində ciddi irəliləyişdir. Son 3 ilə nəzər salsaq görərik ki, ölkəmizdə Prezidentin imzaladığı sərəncamlar, dövlət proqramları ümumilikdə 900-dən çox normativ hüquqi aktın hazırlanması ilə nəticələnib. Digər bir məsələ isə sosial təminat növləri üzrə əhalinin ödəniş alanlarının sayının 160 min nəfər artaraq ümumi əhalimizin təxminən dörddə birini əhatə etməsidir.

Oktyabrın 16-da Prezidentin “Əhalinin sosial rifahının qorunması haqqında əlavə tədbirlər barədə” Sərəncamı, xüsusilə az təminatlı və həssas qrupların maraqlarının qorunmasına və əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edir. Sərəncamın özəlliyindən danışarkən qeyd etmək lazımdır ki, Azərbaycan əhalisinin yaşayış səviyyəsini beynəlxalq bazarlardakı qiymətlərin ölkədaxili bazara sirayət etməsindən, xüsusilə, məhz COVID-19 pandemiyasının dünya iqtisadiyyatına göstərdiyi təsirdən qorunması sənədin vacib elementidir.

Sərəncamda da qeyd olunur ki, beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə, həssas əhali qruplarına mənfi fəsadlarını yumşaltmaq və əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə Nazirlər Kabineti əmək haqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Bu sərəncam aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsi ilə onların gəlirlərinin - əmək haqlarının, təqaüdlərin, digər sosial ödənişlərin məbləğlərinin artırılmasının 2022-ci ilin dövlət büdcəsində əks olunması üçün Nazirlər Kabinetinin bu istiqamətdə işlərə başlanılması ilə uzlaşdırılır.

Son sərəncam bir daha əhalinin rifahına yönəlmiş işlərin davamı olmaqla yanaşı, sosial ödənişlərdə növbəti mərhələyə uğurlu keçiddir. Sərəncamdan 1.8 milyon insan yararlanacaq. Təbii qaz və elektrik enerjisi üzrə tariflərin tənzimləməsi ilə paralel olaraq maaşların və sosial müavinətlərin artırılması tariflərdəki artımların kompensasiya edilməsi baxımından da qiymətləndirilməlidir. Bu dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifah halının, güzəranının yaxşılaşdırılmasının dayandığını bir daha sübut edir. Ölkəmizdə son illərdə görülən işlərin məntiqi davamı olaraq imzalanan sonuncu sərəncamın icrası ilə nəzərdə tutulan işlər həssas, aztəminatlı ailələrin yaşayış səviyyəsinin yaxşılaşdırılmasının dövlətimizin sosial siyasətində əsas yer tutduğunu nümayiş etdirir”.

İlqar Orucov qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm qələbəsindən bizi çox qısa müddət ayırır. “Düşmən tərəfindən 30 ilə yaxın müddətdə işğalda saxlanılan torpaqların azad edilməsinin bir ilini qeyd etməyə hazırlaşırıq. Bu ərazilər minalardan təmizləndikcə, oralarda yeni və möhtəşəm infrastruktur layihələri icra olunacaq, müasir kəndlər, qəsəbələr, şəhərlər inşa ediləcək. Həmin ərazilərin iqtisadiyyatımıza verəcəyi töhfələrdən bəhrələnən Azərbaycan daha böyük uğurlara imza atacaq, daha da güclənəcək. Əminəm ki, Azərbaycanın Müzəffər Ali Baş Komandanının, Prezidentinin rəhbərliyi altında bizi qarşıda daha böyük qələbələr, uğurlar gözləyir.

Söhbətimizin əvvəlində 18 il əvvələ diqqəti yönəltmədim. 18 il öncə - 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam!” dedi və bu illər ərzində hər zaman Azərbaycan xalqının milli maraqlarını qorudu, torpaqlarımızın ərazi bütövlüyünü təmin etdi, bütün sahələrdə Azərbaycanı inkişaf etdirməklə hər bir azərbaycanlının firavan və xoşbəxt yaşayışının təmin edilməsi istiqamətində işlərə imza atdı. Əminik ki, Prezidentin rəhbərliyi ilə qalib dövlətimizin bütün imkanları bundan sonra da vətəndaşlarının daha yaxşı yaşamasına yönələcək”, - deyə İ.Orucov vurğulayıb.

AZƏRTAC

Xəbər lenti