Logo

“Xarıbülbül” respublika uşaq rəqs festivalına qeydiyyat davam edir

16.10.2021 16:39 662 baxış
IMG

Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhər ümumtəhsil məktəblərinin və respublikada fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin rəqs kollektivləri arasında “Xarıbülbül” respublika uşaq rəqs festivalına qeydiyyat davam edir.

Bu barədə Tehsil.biz-ə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqə milli (xalq və folklor) rəqslər, Azərbaycanda yaşayan milli azlıq, azsaylı xalqlar və etnik qrupların rəqsləri, vətənpərvərlik mövzusunda fləşmob, rəqs kompozisiyaları üzrə 3 yaş (7-12, 13-17 və qarışıq) qrupunda və 3 mərhələdə keçirilir.

Müsabiqənin şərtləri:

- Festivalda Bakı şəhərinin ümumtəhsil məktəblərinin, respublikada fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin 7-17 yaşadək olan uşaq və yeniyetmələrdən ibarət rəqs kollektivləri iştirak edə bilər;

- Rəqs qrupunun tərkibi 6-12 nəfərdən ibarət ola bilər;

- Təhsil müəssisələri hər nominasiyada müxtəlif yaş qrupları üzrə 1 rəqs nömrəsi təqdim edə bilər;

- Təqdim olunan rəqs nömrələrinin videogörüntüləri aydın və keyfiyyətli çəkilməli və təşkilat komitəsinin xaribulbulfestival[email protected] ünvanına göndərilməlidir;

- Çıxışın müddəti 1-3 dəqiqədən artıq olmamalıdır;

- Rəqs kollektivinin geyimi rəqsin məzmununa uyğun olmalıdır;

- Rəqsin musiqisi aydın və keyfiyyətli olmalıdır.

Festivalın oktyabrın 22-dək davam edəcək l mərhələsində iştirakçıların qeydiyyatı ilə bağlı sifarişlərin və videogörüntülərin qəbulu aparılır. İştirakçılar sifarişləri və videogörüntüləri təşkilat komitəsinin elektron ünvanına göndərməlidir.

ll mərhələdə münsiflər heyəti tərəfindən videogörüntülərə baxılacaq və qiymətləndirilmə aparılacaq. Bu mərhələ oktyabrın 23-dən 31-dək davam edəcək.

Festivalın lll mərhələsində - noyabrın 6-da final konserti, qaliblərin elan olunması və mükafatlandırılması olacaq.

Müsabiqədə hər yaş qrupu üzrə l, ll, lll yerlərə layiq görülən iştirakçılar Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılacaq, hər nominasiya üzrə yüksək ifa tərzi ilə seçilən rəqs kollektivləri münsiflər heyətinin xüsusi mükafatına layiq görüləcək, festivalda iştirak edən rəqs kollektivləri diplomlarla təltif ediləcək.

Xəbər lenti