Logo

Göyçayda “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda tədbir keçirilib

15.10.2021 20:08 475 baxış
IMG

Oktyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Göyçay şəhər Əbülfəzlil-Abbas  məscidi dini  icmasının təşkilatçılığı ilə Göyçay rayonunda  “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda tədbir keçirilib.

Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə əməl etməklə təşkil olunan seminarda  rayonun idarə, müəssisə, təşkilatlarında çalışan qadınlar və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalova mövzunun aktuallığından danışaraq bu sahədə həyata keçirilən layihələrin zəruriliyini vurğulayıb. O, dini maarifləndirmə işinin əhəmiyyəti və bu prosesdə qadınların rolunun vacibliyi barədə də məlumat verib.

DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova çıxışında xalqımızın multikultural və tolerantlıq ənənələrinin qorunub saxlanılmasının, o cümlədən bu dəyərlərin gələcək nəsillərə ötürülməsinin vacibliyinə diqqət çəkib. Qeyd edib ki, gənclərin müasirlik, eləcə də milli dəyərlərə bağlılıq əsasında tərbiyəsi sağlam gələcək deməkdir. Onların tərbiyəsində, mənəvi aləmlərinin zənginləşməsində milli-mənəvi və tolerant dəyərlərimizin  təbliği xüsusi önəm daşıyır. Zərərli dini meyillərin formalaşdırdığı təhdidlər və onların multikultural cəmiyyətə təsiri barədə də danışan şöbə müdiri mənfi təzahürlərə və məkrli təxribatlara qarşı aparılan maarifləndirmədə  cəmiyyətimizin əsas sütunu olan qadınların da əhatə olunmasının önəminə toxunub. Həmçinin Elnarə Kərimova heç bir qüvvənin ölkəmizdə mövcud olan sarsılmaz milli həmrəylik və birliyi  pozmaq iqtidarında olmadığını deyib. 

Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva isə “Sosial media və dindarlıq” mövzusunda təqdimatla çıxış edib.  Bildirib ki, günümüzdə müasir həyatla yanaşı dindarlığın ölçüləri də çox əhatəli və fərqli olub. Sosial media və bu kimi digər amillər cəmiyyətdəki dindarlıq anlayışlarına fərqli bir yanaşma gətirib. Texnologiyanın və ünsiyyət vasitələrinin sürətli inkişafı ilə yeni və daha təsirli olan sosial media dindarlığı aktuallıq kəsb etməyə başlayıb. Sosial mediada dini düşüncələrdən istifadə edilməsi populist dindarlığa zəmin yaradıb. Şöbə müdiri vurğulayıb ki, dini radikalizmin ən geniş yayılmış təbliğat platformalarından biri  məhz sosial şəbəkələrdir. Bəzi qruplar sosial şəbəkələrdən istifadə edərək öz zərərli fikirlərini yaymaq, cəmiyyətdə insanlar arasında dini və məzhəb ayrı-seçkiliyi yaratmağa cəhd edirlər. Son zamanlar sosial şəbəkələrdə məzhəblərarası və konfessiyalararası münasibətlərə ciddi zərbə vuracaq təhrikedici çıxışçılar arasında qadınlara da rast gəlinidiyini  qeyd edən şöbə müdiri təqdimatında həmin qrupların əsl niyyəti, hansı qüvvələrin əlində alətə çevrilməsi barədə geniş məlumat verərək tədbir iştirakçılarını diqqətli, ayıq-sayıq olmağa çağırıb.

Tədbirdə çıxış edən Aşağı Qaraməryəm kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Rəhilə Xəlilova, şəhər 4 nömrəli tam orta məktəbin müəllimi Firəngiz Məmmədyarova, Göyçay Qadın Resurs Mərkəzinin rəhbəri Vüsalə Məmmədova, Vətən müharibəsi şəhidi Vidadi Xəlilovun anası Nəsibə Xəlilova və Mərkəz məscidinin nümayəndəsi Natavan Abdullayeva maarifləndirmə tədbirlərinin cəmiyyətin bütün sahələrini əhatə etməsinin vacibliyi və gənc nəslin Vətənə sevgi, milli-mənəvi dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasının əhəmiyyəti barədə danışıblar.

Tədbir müzakirələrlə yekunlaşıb.

Xəbər lenti