Bu gün Bakı Dövlət Universitetində (BDU) Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Böyük Qayıdış” İctimai Birliyinin təşkilatçılığı ilə “44 günün qəhrəmanları” layihəsi çərçivəsində Vətən müharibəsi qaziləri ilə tələbələrin görüşü keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Vətən müharibəsinə həsr olunmuş videoçarxın nümayişindən sonra giriş sözü ilə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın, qazilərimizin gənclər arasında tanıdılması, onların şərəfli döyüş yolunun təbliği istiqamətində BDU-da həyata keçirilən layihələrdən danışıb, vətənpərvərlik mövzsunda keçirlən tədbirlərin əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edənlər - Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, ATGTİ-nin sədri Pərviz Mirələmli, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədrinin müşaviri Elşən Qəhrəmanoğlu dövlət siyasətinin prioritetlərindən olan şəhid və qazilərə diqqət və qayğıdan danışıb, layihənin məqsədi barəsində tədbir iştirakçılarına məlumat verib, Vətən müharibəsi qəhrəmanlarının gənclər arasında təbliği və təhsil müəssisələrində vətənpərvərlik ruhunun formalaşmasında qəhrəmanlarımızın tanıdılmasında tələbə təşkilatlarının rolundan bəhs ediblər.
Sonra Vətən müharibəsi qaziləri Əli Pərviz, Kənan Qasımov və Fərid Həsənov keçdikləri şərəfli döyüş yolu, ordumuzun ruh yüksəliyi barəsində tələbələrə məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.












