Logo

Hadrut beynəlxalq mədəniyyət və turizm mərkəzinə çevriləcək

14.10.2021 20:25 551 baxış
IMG

30 il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistan buradakı bütün yaşayış məskənlərini talan edib, binaları və tarixi abidələri dağıtdıb. Bir sözlə bu əraziləri yaşayış üçün yararsız hala salıb. Bütün bunlara baxmayaraq bu illər ərzində işğal etdikləri ərazilərdə özləri üçün heç bir şərait yaratmayıb, daşı daş üstə qoymayıblar.

Bütün bunlar azmış kimi, işğal etdikləri ərazilərdə amansızcasına ekoloji terror törədiblər. Ermənilər Kəlbəcər, Laçın və digər rayonlardakı meşələrimizi kəsib yandırdılar. Kəlbəcər, Laçın , Zəngilan və Cəbrayıl rayonlarında təxminən 60 min hektar meşə tamamilə məhv edilib.

Ötən həftə Prezident İlham Əliyevin Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfəri zamanı bir daha gördük ki, ermənilər bu torpaqları özləri üçün doğma torpaq hesab etməyiblər. Digər ərazilərdə olduğu kimi Hadrut qəsəbəsində və Tuğ kəndində də 30 il ərzində heç nə dəyişilməyib. Xocavənd sakinləri bu əraziləri necə tərk etmişdisə, elə də qalıb. 30 il ərzində yararsız vəziyyətə düşən binalarda heç bir təmir işləri aparılmayıb, yaşayış üçün minimum şərait belə yaradılmayıb. Prezident İlham Əliyev səfər zamanı Hadrut qəsəbəsində və Tuğ kəndindəki mövcud vəziyyətlə bağlı sual etdi: “30 il ərzində Ermənistan dövləti xarici ermənilərdən milyonlarla pul alıb. Onlar hər il marafon düzəldirdilər, hər il təqribən yüz milyon dollardan çox pul yığılırdı. Onu vurun 30 ilə, görün təxminən nə qədər pul edir. Mən indi bütün bu bölgələrə gedirəm – Hadrutda da, Hadrutun kəndlərinin bir çoxunda da, Xocalının Çanaqçı, Sığnax kəndlərində də olmuşam. Azıx olsun, Tuğ olsun, Susanlı olsun və başqa kəndlər – hamısı bərbad vəziyyətdədir. İndi bizim inşaatçılar bəzi kəndlərə gedirlər, təhlil aparırlar ki, binaların 95 faizi yararsız vəziyyətdədir. Bəs, yığılan bu milyardlar hara gedib? Deməli, Ermənistan rəhbərliyi, onun keçmiş oğru rəhbərliyi, sadəcə olaraq, dünyanın zəngin ermənilərini aldadaraq, marafonlar düzəldərək o pulları cəlb edib özləri üçün bildikləri kimi xərcləyiblər”.
Dövlət başçısı işğaldan azad olunmuş hər bir şəhərə, kəndə səfəri zamanı yeni infrastruktur layihələrinin açılışını edir, bu ərazilərin bərpası, gələcək inkişafı ilə bağlı mühüm layihələrə start verir. Prezident İlham Əliyevin Xocavənd səfəri də mühüm addımlarla yadda qaldı. Dövlətimizin başçısı Hadrut qəsəbəsində yeni məscidin təməlini qoydu, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış oldu, 35 kilovoltluq yeni “Hadrut” yarımstansiyasının təməlini qoydu.
Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı Hadrutun inkişafı ilə bağlı perspektiv planlar barədə də fikirlərini bildirdi.
Ölkə başçısı bildirdi ki, biz Hadrutu beynəlxalq mədəniyyət və turizm mərkəzinə çevirmək əzmindəyik: “Qəsəbənin və Xocavənd rayonunun inkişafı ilə bağlı əsas istiqamət kənd təsərrüfatı olacaq – bitkiçilik, heyvandarlıq, üzümçülük. Burada üzümçülük ənənələri olubdur, üzüm üçün çox münbit şərait var. Kənd təsərrüfatı ilə bərabər, bura çox dəyərli turizm mərkəzi olacaq. Çünki Xocavənd rayonunun turizm potensialı çox genişdir. Bura təbiətcə çox zəngin məkandır, hər tərəf dağlar, meşələr, çaylar, cənnətə oxşayan bir yerdir. Tarixi abidələr, körpülər, eyni zamanda, məşhur Azıx mağarası, Tağlar mağarası – bunlar burada yerləşir”.
Tarixi abidələrlə zəngin olan bu yerlərdə turizm mərkəzləri, otellər tikmək üçün azərbaycanlı və xarici investorları da dəvət etmək istəyini vurğulayan ölkə başçısı əlavə etdi ki, dünyada Xocavənd kimi, Hadrut qəsəbəsi kimi gözəl səfalı yerlər çox azdır.

Prezident İlham Əliyevin bütün rayonlarımızın, eləcə də Xocavənd rayonunun, Hadrut qəsəbəsinin gələcək inkişafı ilə bağlı da planları var. Səfər çərçivəsində ölkə başçısı bu planların icrasına start verdi.
Xocavənd rayonunun Tuğ kəndinin bərpa konsepsiyası hazırlanır. Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Tuğ kəndində olarkən bu xəbəri sakinlərin diqqətinə çatdırdı.
Dövlət başçısı bildirdi ki, Tuğun bərpa konsepsiyası ayrıca hazırlanır və o, sonra təqdim olunacaq. Prezident İlham Əliyev kənddəki tarixi binaların hamısının konservasiya olunacağını da qeyd etdi: “Burada turizm yerləri, sanatoriyalar yaradılacaq. Cənnət kimi bir yer olacaq. Görəcəklər ki, torpaq sahibinin əlində olanda cənnətə dönür”.

Prezident İlham Əliyevin hər bir səfəri bizdə işğaldan azad olunmuş ərazilərimizin qısa müddətdə bərpa olunacağı, əvvəlki illərdən daha yaxşı olacağı əminliyini yaradır. Bu gün digər ərazilərimizlə yanaşı Hadrutda da Azərbaycan bayrağı dalğalanır və bu bayraq burada əbədi olaraq dalğalanacaq.

Elşad Eyvazov, Əməkdar müəllim

Xəbər lenti