Logo

Oğlan tələbələr kirayə ev tapmaqda niyə çətinlik çəkir? - Ekspert səbəbi və həll yollarını AÇIQLAYIR

14.10.2021 11:18 456 baxış
IMG

"Biz bu il oğlan tələbələrə şəhərdə kirayə evlərin verilməsi ilə bağlı problemlər yarandığını müşahidə etdik".

Bu sözləri  "Tehsil.biz"ə açıqlamasında təhsil üzrə ekspert Elçin Əfəndi deyib.

O bildirib ki, bunun başlıca səbəbi kirayə ev verən şəxslərin sırf oğlanlara etibar etməməsidir:

"Bir neçə kirayə verən şəxslərlə biz də əlaqə saxladıq, bunun səbəbini öyrənməyə çalışdıq. Onların bəziləri bildirdilər ki, bəzi oğlan uşaqları daha çox sərbəst olmağa çalışırlar, biz də istəmərik ki, evimizə yad insanlar gətirilsin və ya hər hansısa mənfi hallar baş versin. Bu səbəbdən də oğlanlara yox, daha çox qız tələbələrə ev verməyə çalışırıq".

Elçin Əfəndinin sözlərinə görə, universitetlərin hər birinin öz yataqxanası olsa, bu cür hadisələrlə də qarşılaşmarıq:

"Bu kimi problemlərin olmaması üçün yaxşı olardı ki, universitetlərin hər birinin özünün yataqxanası olsun. Bu zaman rayondan gələn tələbələrin gələcəkdə bu kimi problemlərlə üzləşməsinin qarşısı alına bilər. Hər bir təhsil müəssisəsi üçün yataqxananın olması vacib şərtdir. Düşünürəm ki, qarşıdakı dövrdə bu məsələ mütləq aradan qaldırılmalı, öz həllini tapmalıdır. Yalnız onda ev kirayələnməsi zamanı ayrı-seçkilik hallarının qarşısı alına bilər".

Qeyd edək ki, tədris müəssisələrində dərslər başladıqdan sonra tələbələr Bakıda ev kirayələməkdə çətinliklə üzləşdiklərini, şəraiti zəif olan evlərin isə həddindən baha olduğunu bildirirdilər. Aparılan araşdırmalar zamanı bu kimi problemlərdən əziyyət çəkənlərin əsasən oğlan tələbələrin olması müşahidə edilirdi.


Fəqan Əzimli

Xəbər lenti