Logo

Azərbaycan “WorldSkills International” təşkilatının Müsabiqə Komitəsinin iclasında iştirak edib

12.10.2021 17:20
IMG

Azərbaycan nümayəndə heyəti “WorldSkills International” təşkilatının Müsabiqə Komitəsinin iclasına qatılıb. 2 gün davam edən onlayn qaydada təşkil edilən tədbir zamanı 2022-ci ilin oktyabr ayında Çinin Şanxay şəhərində keçiriləcək növbəti yarışlara hazırlıq, tətbiq ediləcək qaydalar, qatılacaq iştirakçıların yaş senzi və digər məsələlərlə bağlı yenilliklər açıqlanıb. Sözügedən yarışlarda Azərbaycan kibertəhlükəsizlik, aşpazlıq və veb texnologiyaları olmaqla 3 bacarıq istiqaməti üzrə təmsil olunacaq. Yarışlar iştirakçı gənclərə sahib olduqları bilik və bacarıqları nümayiş etdirməyə şərait yaradacaq. Eyni zamanda, müsabiqədə ölkəmizi təmsil edəcək sahə mütəxəssisləri müvafiq ixtisaslarda beynəlxalq standartları öyrənmək və tədrisdə tətbiq etmək imkanı əldə edəcəklər.

Xatırladaq ki, WorldSkills Azerbaijan peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Azərbaycan ötən ilin oktyabr ayında peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən WorldSkills hərəkatına qoşulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan WorldSkills hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə  inteqrasiya etmək imkanı yaradır.

Xəbər lenti