Logo

Yeni dərs ilinə yeni dərsliklə: “Şüa terapiyası”

12.10.2021 13:20 339 baxış
IMG

Şüa diaqnostikası və terapiyası kafedrasının əməkdaşları tərəfindən “Şüa terapiyası” adlı yeni dərs vəsaiti hazırlanıb və tələbələrin ixtiyarına verilib. Tibb Universitetinin tələbələri üçün nəzərdə tutulmuş vəsait, tədris proqramına uyğun tərtib olunub. 

Tehsil.biz xəbər verir ki, vəsaitin müəllifləri tibb elmləri doktoru Məlahət Sultanova, tibb üzrə fəlsəfə doktorları Gülşən Əliyeva və Aytən Agamalıyevadır. Rəyçilər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkoloji Mərkəzin Şüa terapiyası şöbəsinin rəhbəri, Əməkdar elm xadimi İsa İsayev və ATU-nun Şüa diaqnostikası və terapiyası kafedrasının dosenti Mətanət Pənahovadır. 

Fəxrlə deməliyik ki, ölkəmizdə elmin və praktikanın ən son nailiyyətlərini  birləşdirərək fəaliyyət göstərən Milli Onkoloji Mərkəzdə müasir şüa terapiyasının bütün üsulları uğurla tətbiq edilir. 2012-ci ildə bu mərkəz tərəfindən akademik C.Ə.Əliyev və Əməkdar elm xadimi İ.H.İsayevin müəllifləri olduğu “Bədxassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” adlı fundamental əsər dərc olunub. Mənbədə bu sahədə çalışan praktik həkimlər üçün əvəzolunmaz məlumatlar var. Kitab hər sistemdə, anatomik zonada çox və ya nadir rast gəlinən bədxassəli şişlərin şüa müalicəsini geniş əks etdirir. 

Şüa terapiyası haqda ilk dərslik isə 1982-ci ildə professor B.Ə.Baxşıyev tərəfindən yazılaraq 2004-cü ildə təkrar nəşr olunub. Müasir onkoradiologiya 3D ölçülü sistemlər əsasında şüalandırma, şüa dəstəsinin intensiv modulyasıyası, xəstələrin immobilizasiya texnologiyasının təkmilləşməsi, konform şüalanmanın istifadəsi kimi yenilikləri özündə əks etdirir. Bu yenilikləri özündə birləşdirən və dərs proqramı əsasında tərtib edilmiş mənbəyə ehtiyac duyulması səbəbindən dərs vəsaiti tələbələrə təqdim olunur.

Vəsait ümumi və xüsusi hissələrdən ibarətdir. Ümumi hissədə ionlaşdırıcı şüaların tarixi, şüa müalicəsinin fiziki, bioloji və texniki əsasları əhatəli və sistemli şəkildə öz əksini tapıb. Xüsusi hissədə çox təsadüf edilən bəzi şişlərin şüa terapiyasının əsasları yer almaqdadır. Dərs vəsaitinin sadə, anlayışlı, kiçikölçülü, asan oxunan olmasına üstünlük verilib.

Xəbər lenti