Logo

“İdarəetmə uçotu: beynəlxalq və milli uçot standartları” kitabının təqdimatı keçirilib

12.10.2021 10:04 443 baxış
IMG

Naxçıvan Dövlət Universitetinin professoru Teymur Abbasovun “İdarəetmə uçotu: beynəlxalq və milli uçot standartları” kitabının təqdimatı keçirilib.

Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev ali təhsil ocağında dərs vəsaitlərinin təqdimatının keçirilməsinin ənənəvi hal aldığını qeyd edib.

Bildirilib ki,  müəllif tərəfindən ərsəyə gətirilən dərs vəsaitindən təkcə müəllim, bakalavr, magistr, doktorant və dissertantlar deyil, həm də menecerlər, iqtisadçılar, baş mühasiblər, peşəkar mühasiblər, maliyyəçilər və auditorlar da istifadə edə bilər. Rektor ömrünü gənc nəslin öyrədilməsinə həsr edən müəllifə yeni yaradıcılıq uğurları arzulayıb.  

Tədbirə onlayn olaraq qatılan Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktorunun müavini, iqtisad elmləri doktoru Ramil Hüseynov kitabın fəsilləri haqda ayrı-ayrılıqda məlumat verib.

Vurğulanıb ki, kitabda idarəetmə uçotunun predmeti və metodu, strukturu və müqayisəli xarakterisitikası məsələri geniş izah edilib.

Bildirilib ki, müəllif dərs vəsaitində dünya ölkələrində milli mühasibat uçotu sistemləri və Azərbaycanda idarəetmə uçotunun Qərb idarəetmə uçotuna uyğunlaşdırılması problemlərinə toxunub. 

“İqtisadiyyat” kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Ceyhun Mahmudov qeyd edib ki, dünya üzrə bu sahəyə diqqətin artdığı bir vaxtda muxtar respublikada ana dilimizdə bu cür dərs vəsaitinin hazırlanması təqdirəlayiq haldır.

Vurğulanıb ki, müəllifin gərgin əməyi nəticəsində ərsəyə gələn,  9 fəsil və əlavələr və idarəetmə uçotuna dair terminoloji lüğətin əks olunduğu kitabın fəsillərinin hər birində bu sahə ilə bağlı geniş araşdırmalar oxucuların diqqətinə çatdırlır.  

“Dünya və menecment iqtisadiyyatı” kafedrasının müdiri,  iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımov bildirib ki, dərs vəsaitində idarəetmə uçotunun nəzəri metodoloji əsasları, məsrəflər və onların təsnifatı, eyni zamanda məhsulların, işlərin və xidmətlərin maya dəyərinin kalkulyasiyası əsasları nəzərdən keçirilib. 

Çıxış edənlər müəllifi təbrik edərək, ona yaradıcılıq uğurları arzulayıblar. 

Sonda müəllif kitabın ərsəyə gəlməsində göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.

Xəbər lenti