Logo

NDU-da Mirnazim Seyidovun 70 illik yubileyi qeyd edilib

12.10.2021 09:35 442 baxış
IMG

Naxçıvan Dövlət Universiteti Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində “Kimya” kafedrasının dosenti Mirnazim Seyidovun 70 illik yubileyi keçirilib.

Ali təhsil ocağının rektoru Elbrus İsayev ömrünü elmə, təhsilə sərf edən  müəllimlərin yubileylərinin keçirilməsini onlara olan diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirib. 

Müəllimliyi sevdirmənin yeganə yolunun şəxsi nümunə olduğunu qeyd edən rektor bildirib ki, bu cür müəllimlərin həyat yolu tələbələrə əsl örnəkdir. Rektor yubiliyarı təbrik edərək ona sağlıqlı ömür, uğurlu peşə fəaliyyəti arzulayıb və elmi-pedaqoji fəaliyyəti qiymətləndirilən müəllimə universitetin fəxri fərmanını təqdim edib. 

Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Bəhruz Məmmədov bildirib ki, Mirnazim Seyidov 1951-ci il Şahbuz rayonunun Kükü kəndində anadan olub. O, 1958-ci ildə Kükü kənd orta məktəbinə daxil olub və məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra təhsilini Naxçıvan Pedaqoji Məktəbində davam etdirib.

Vurğulanıb ki, bir müddət Şahbuz rayonunun kəndlərində müəllimlik fəaliyyəti ilə məşğul olan Mirnazim Seyidov 1972-ci ildə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) Kimya-biologiya fakültəsinə daxil olub. 

1987-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim kimi işləyən Mirnazim Seyidov baş müəllim, dosent vəzifəsi üzrə fəaliyyət göstərib. Diqqətə çatdırılıb ki, Mirnazim müəllim 96 elmi və elmi-metodiki məqalənin, 3 müəlliflik şəhadətnaməsinin və 2 metodiki vəsaitin müəllifidir. 

“Kimya” kafedrasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Şəmil Mahmudov və kafedranın müəllimləri yubiliyarla bağlı xoş xatirələrini bölüşüb, ən səmimi arzularını ifadə ediblər.  

“Kimya müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Jalə Əsgərli tələbələr adından onlara xüsusi qayğıkeşliklə yanaşan, kimya elminin sirlərini xüsusi həssaslıqla öyrədən Mirnazim müəllimi təbrik edib, xoş arzularını səsləndirib. 

Sonda yubiliyar ona göstərilən diqqət üçün xüsusi minnətdarlığını ifadə edib. 

Xəbər lenti