Logo

Seçilmiş peşə təhsil müəssisələrinin rəhbər şəxslərinin Türkiyəyə təlim səfərinin ilk həftəsi uğurla tamamlanıb

11.10.2021 18:54 331 baxış
IMG

Peşə təhsil müəssisələrinin idarəetməsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə seçilmiş 15 peşə təhsil müəssisəsinin rəhbər şəxsləri üçün 3 oktyabr tarixindən başlayan təlim və təcrübə səfəri uğurla davam edir.

Təlim səfəri çərçivəsində 9 oktyabr tarixində peşə təhsil müəssisəsinin rəhbərlərinin Alibeyköy Mesleki ve Teknik Anadolu Lisesinə səfəri baş tutub. Telekomunikasiya, elektrik, maşınqayırma, metal, kimya və avtomobil texnologiyası istiqamətlərində ixtisaslaşan müəssisənin rəhbəri Hakan Eren qonaqları salamlayaraq açılış nitqi edib. Cənab Eren Türkiyədə peşə təhsilinin idarə edilməsi, xüsusilə də dayanıqlı investisiyanın təşviqi sahəsində görülən işlər bərədə təlim iştirakçılarını məlumatlandırıb.

Tədbirdə çıxış edən Türkiyənin Sənaye Palatasının nümayəndəsi Meltem Arıoğlu özəl sektorla əməkdaşlığın vacibliyini vurğulayaraq, ölkədə özəl sektor təmsilçilərinin peşə müəssisələri ilə əməkdaşlığı və mexanizmləri barədə ətraflı məlumat verib. Daha sonra, Recep Arslan lift istehsalı sahəsində müəssisənin özəl sektorla əməkdaşlığı barədə təqdimatla çıxış edib. “Mercedes-Benz” təlim mərkəzinin nümayəndəsi Vedat Sünbüloğlu sənayedə ixtisaslı mütəxəssisə olan ehtiyacı ödəmək məqsədilə peşə müəssisələrində yaradılan təlim mərkəzlərinin ixtisasartırmada oynadığı xüsusi rolunu dilə gətirib.

Sonda müəssisədə təşkil olunan infotur çərçivəsində burada yerləşən müxtəlif emalatxanalar, tədrisin təşkili, müəllim heyəti ilə tanışlıq baş tutub. Təlimin 6-cı günü Eyüpsultan bələdçisinin müşayiəti ilə İstanbulun Eyüpsultan bölgəsindəki tarixi məkanlara məlumatlandırma xarakterli ziyarət ilə sonlanıb.

Qeyd edək ki, 19 fevral 2021-ci il tarixində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında imzalanan peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində həyata keçirilən səfərin əsas məqsədi peşə təhsili müəssisələrinin idarəedilməsində Türkiyədə tətbiq edilən qabaqcıl təcrübənin öyrənilməsidir. Təlim təcrübə səfərinin 17 oktyabr tarixinədək davam etməsi nəzərdə tutulur.

Xəbər lenti