Logo

Arzusu İŞIQLI olanlar

08.10.2021 17:50 420 baxış
IMG

Tələbə adını qazanan internat məktəbinin görmə əngəlli məzunlarının uğur hekayəsi

İnsan iradəli olan zaman istədiyi arzuya çata bilər və fiziki əngəl belə bunun qarşısını ala bilməz. Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin görmə əngəlli  iki məzunu Əzim Əzimov və Gülnaz Talıbov bu ilki qəbul imtahanlarında yüksək nəticə göstərərək arzuladıqları ixtisaslara qəbul olublar.  Gözlərinin həyat işıgından məhrum olmasına baxmayaraq, gələcəyə ümidlə baxıblar. Onlarla söhbət zamanı bir daha anladım ki, bu gəncləri uğura aparan işıqlı düşüncələri və arzuları olub.

Əzim Əzimov: “Müəllimlərimin üzərimdə olan əziyyətini unutmaram"

Sizlərə əvvəlcə internat məktəbinin məzunu, 583 bal toplayaraq Bakı Ali Neft Məktəbinin kompüter mühəndisliyi fakültəsinə qəbul olan  Əzim Əzimov barəsində söhbət açmaq istərdim. Əzim Famil oğlu Əzimov 2003-cü il mayın 19-da Rusiya Federasiyasının Moskva şəhərində dünyaya göz açıb. Anadangəlmə görmə qüsurlu olduğundan  2009-cu ildə internat məktəbinə qəbul olub. O, bizimlə söhbətində bildirdi ki, ibtidai savadını məktəbə getməmişdən əvvəl valideynlərindən alıb. Daha sonra  internat məktəbində xüsusi proqramlar əsasında təhsilini davam etdirib: “İnternat məktəbində bizlər çox yüksək səviyyədə təmin olunurduq.  Orada olduğumuz  müddətdə həmişə dövlətin dəstəyini hiss etmişik. Bizlər orada gündə dörd dəfə yeməklə təmin olunur, eyni zamanda dərslərimizi də keçirdik. Fizioterapevtik prosedurlara əsaslanan səmərəli reabilitasiya tədbirlərinə cəlb olunmaqla, bizə cəmiyyətə inteqrasiya imkanlarına malik olmağımız  üçün hər cür şərait yaradılmışdır. Orada həyati əhəmiyyət daşıyan bir çox bilikləri sevimli müəllimlərimiz tərəfindən öyrənirdik. Yuxarı siniflərdə və abituriyentlik dövründə isə çox şeyi özüm öyrənmişəm. Hər hansı çətinkliklə qarşılaşanda isə yenə də müəllimlərimə müraciət edirdim. Görmə imkanımın məhdud olmasına və brayl əlifbası ilə oxuyub yazmağıma baxmayaraq,  dəqiq elmlər üzrə məktəbdə birincilərdən olmuşam. Elə bu da mənim Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul  imtahanında iştirak etmək üçün I ixtisas qrupu üzrə sənəd verməyimə kömək olub. İnternat məktəbində təhsil aldığım müddətdə müəllimlərimin düzgün istiqaməti məndə ali təhsil almağıma həvəs  yaratdı. Onlar mənim istedadımı hiss edirdilər. Və həmişə məni oxumağa, çalışmağa  həvəsləndirirdilər. Müəllimlərimin mənim üzərimdə olan  əziyyətini heç vaxt unutmaram.  Bu gün internat məktəbinin rəhbərliyi  başda olmaqla,  hər kəsə təşəkkürümü bildirirəm.

11-ci sinifdə oxuyarkən Respublika Fənn Olimpiadasında iştirak etmişəm  Musiqidə piano, gitar, vokal, həmçinin stolüstü oyunlarda şahmat və dama ilə məşğul olmuşam. Nəticədə bu il  öz istəyimlə 582.3 balla I ixtisas qrupu üzrə müsabiqəyə qatılıb Bakı Ali Neft Məktəbinin kompüter mühəndisliyi (tədris ingilis dilində)  ixtisasına qəbul olmuşam. Çünki uşaqlıqdan bu ixtisasa böyük həvəsim  var idi.

Artıq bir neçə gündür ki,  ali məktəbdə dərsə başlamışıq. Orada məni çox yaxşı qarşılayırlar. Ali məktəbdə  elə bir mehribanlıq var ki, sanki özümü gözdən əlil hesab etmirəm.  Mən indiyə qədər inanmırdım ki, hansısa gözdən əlil bu yüksəkliyə qalxa bilər. Mənə bu yolda kömək edən valideynlərimə də təşəkkür edirəm. Onlar hər zaman mənim yanımda oldular. Görmə qüsuru olsam da özünə güvənmək istənilən arzuya çatmaq üçün insana ən böyük köməkdir”. 

Gülnaz Talıbova: “Ən böyük arzum müəllim olmaq idi”

Həmin məktəbin görmə qüsurlu digər məzunu - 18 yaşlı   Gülnaz Talıbova  da arzusuna çatmaq üçün əngəlləri aşan insanlardandır. O, da builki qəbul imtahanlarında  yüksək nəticə göstərərək  552 balla Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat fakültəsinə qəbul olub. Deyir ki, ona ali məktəbə qəbul olmağında ən çox kömək edənlərdən biri də görən gözləri adlandırdığı  bacısı olub. Qəhrəmanımızın həm də gözəl səsi və fortepionoda musiqi ifa etmək istedadı var:  “Mən Gülnaz Talıbova 2002-ci ildə Ağdam rayonu Zəngişallı kəndində anadan olmuşam. Gözdən əlil olduğumdan 2009-cu ildə  Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud uşaqlar üçün  5 nömrəli Respublika xüsusi internat məktəbinin I sinfinə qəbul olmuşam. Mən də hər kəs kimi  məktəbdə oxuduğuma görə çox sevinirdim. Müəllimlərimiz çox qayğıkeşliklə dərslər keçirdilər. Tez-tez məktəbdə  müxtəlif  tədbirlər keçirilirdi. Mən də həmin tədbirlərdə fəal iştirak edirdim. Müəllimlərin sayəsində dərslərmi əla qiymətlərlə oxuyurdum. Bütün dərslərimi sevirdim. Ancaq ən çox sevdiklərim Azərbaycan dili və alman dili olub. Ən böyük arzum məktəbdəki müəllimlərimdən ilham alaraq universitetə daxil olub, onlar kimi şagirdlərin sevimlisi olan müəllim olmaq idi. Artıq bu arzunu reallaşdıran nərdivanın ilk pillələrindəyəm. Bu uğuruma görə başda internat məktəbinin direktoru İradə Vəzirova olmaqla, bütün müəllimlərimə sonsuz təşəkkürümü və sevgimi bildirirəm.   Mənə elə gəlir ki, görmə əngəlli olsam da insanın iradə və əzmi güclü olsa hər arzuya çata bilər.  Bu yolda usanmadan gecə-gündüz demədən çalışmaq lazımdır. Musiqini də çox sevirəm. Yaxşı səsimin olduğunu deyirlər. Məktəbdə və respublika daxili tədbirlərdə, müsabiqə və festivallarda iştirak etmişəm. Qabaqcıl yerləri tutmuşam. Bundan başqa Moskva və Türkiyənin müxtəlif şəhərlərində çıxışlarım olub. Özümə aid mahnılarım və bəslədiyim musiqilərim də var. Sonda bu yolda mənim ən böyük dayağım olan bacıma çox minnətdaram. Bacım mənim görən gözlərim olub. O, mənimlə bərabar, gecələr yatmayıb, kitabları və tapşırıqları mənə oxuyub. Mən onun zəhmətini ömür boyu unuda bilmərəm”.

Qeyd edək ki, 2020-2021-ci tədris ilində internat və internat tipli təhsil müəssisələrindən 1954 nəfər şagird məzun olub.  Onlardan 1262 nəfər ümumi orta təhsil pilləsi üzrə, 533 nəfər tam orta təhsil pilləsi üzrə və 159 nəfər isə xüsusi təhsil sinifləri üzrə məzun olub.

Tam orta təhsil pilləsini bitirmiş 202 şagird ali təhsil müəssisələrinə  (500-600 bal arası 28 nəfər, 4 nəfər isə 600 baldan çox bal toplayıb), ümumi orta təhsil pilləsi üzrə 120 şagird orta ixtisas təhsil müəssisələrinə, ilk-peşə ixtisas təhsili üzrə 125 şagird peşə təhsil müəssisələrinə, 10 nəfər isə xarici ölkələrdə ali təhsil müəssisələrinə (9 nəfər Türkiyə Respublikasında fəaliyyət göstərən müxtəlif universitetlərə, 1 nəfər isə Xarkov Milli Daxili İşlər Universitetinə) qəbul olunublar.

Rəşad ZİYADOV

Xəbər lenti