Logo

Peşə öyrənən ali təhsillilər

08.10.2021 11:44 330 baxış
IMG

Peşə təhsili bir seçim deyil, günün tələbidir

Tehsil.biz xəbər verir ki, təhsil sistemində son illər ən sürətlə inkişaf edən sahələrdən biri də peşə təhsilidir. 2016-cı ildə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanına əsasən “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Yol xəritəsi” təsdiq edilib. Sənəddə peşə təhsili və təlimi sektoru üzrə 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış müəyyən edilib. Dövlət tərəfindən peşə təhsilinə xüsusi diqqətin ayrılması, peşə təhsili müəssisələrinin maddi-texniki bazasının yenilənməsi, əmək bazarının tələblərinə uyğun müasir peşələrin yaranması son illər yeniyetmələrin və gənclərin bu sahəyə marağını xeyli artırıb. Təsadüfü deyildir ki, bu gün xeyli sayda gənc ali təhsil müəssisəsini bitirməsinə baxmayaraq özlərini inkişaf etdirmək, əmək bazarının tələblərinə uyğun bacarıqlara yiyələnmək üçün peşə təhsili müəssisələrinə üz tutur. Bütün bunlar bir daha onu göstərir ki,  peşə təhsili artıq bir seçim deyil, həm də günün tələbidir.  Fürsətdən istifadə edib ali təhsil müəssisəsini bitirib, peşə təhsili müəssisələrinə üz tutan gənclərimizlə söhbətləşdik. Onlarda bu sahəyə marağın haradan qaynaqlandığını öyrəndik.

“Düşünürəm ki, əmək bazarında özümə asanlıqla yer tapa biləcəyəm”

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin tələbəsi Əsədulla İbrahimov Odlar Yurdu Universitetinin məzunudur. Ali məktəbdə avtonəqliyyat ixtisası üzrə təhsil alsa da, hazırda o sahədə işləmədiyini bildirib: “Universiteti bitirdikdən sonra öz ixtisasım üzrə iş tapmaqda çətinlik çəkdim. Sonralar yavaş-yavaş elektrik avadanlıqlarının həm satışı, həm də quraşdırılması ilə məşğul oldum. Zaman keçdikcə anladım ki, mən özümü bu sahədə tapmışam. Sənətimi daha da mükəmməlləşdirmək üçün əlavə təhsil almağın vacibliyini də düşünürdüm. Araşdırma apardıqdan sonra elektrik sahəsi üzrə peşə təhsili məktəblərində uyğun ixtisaslar olduğunu öyrəndim. Beləliklə, sənədlərimi Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinə təqdim etdim. Hazırda həmin məktəbdə müasir elektrik avadanlıqlarının təmiri və tənzimlənməsi, PLS ixtisası üzrə mütəxəssis ixtisasında təhsilimi davam etdirirəm. Düşünürəm ki, bu ixtisasa tam olaraq yiyələndikdən, bilik və bacarığımı artırdıqdan sonra əmək bazarında özümə asanlıqla yer tapa biləcəyəm”.

“Oxumaq, öyrənmək heç vaxt gec deyil”

Həmsöhbətlərimizdən biri də Leyla Həsənovadır. O, ali təhsilini Bakı Musiqi Akademiyasında alıb. Hazırda ali təhsil ixtisası üzrə Niyazi adına simfonik orkestrində solist kimi çalışır. L.Həsənova həmçinin uzun illərdir ki, toy və müxtəlif tədbirlərin musiqi və art hissəsinin təşkili ilə də məşğuldur. Bu sahədə təhsilini, bilik və bacarığını təkmilləşdirmək məqsədilə peşə təhsili müəssisəsinə üz tutub. Hazırda Mədəniyyət və Sənətkarllıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi 5 nömrəli Bakı Peşə Məktəbində tədbirlərin təşkilatçısı ixtisası üzrə təhsil aldığını deyir: “Uzun illərdir ki, təşkilatçılıq işi ilə məşğul olmağıma baxmayaraq bilik və bacarığımı təkmilləşdirmək üçün peşə məktəbinə üz tutdum. Oxumaq, öyrənmək heç vaxt gec deyil. Bu sahə mənim üçün həm maraqlı, həm də perspektivli görünür. Onu da qeyd edim ki, məktəbdə çox səmərəli dərslərimiz keçir. Seçimimdə yanılmadığım üçün sevincliyəm”.

“Arzularımı reallaşdırmaq üçün peşə məktəbində təhsil almağı qarşıma məqsəd qoydum”

Şahnaz Salmanova ali təhsilini Rusiya Federasiyasında alıb. Əmək bazarında özünə yer tapmaq üçün peşə təhsili müəssisəsinə müraciət edərək Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi 5 nömrəli Bakı Peşə Məktəbində təhsilini davam etdirib. O, karyera planlamasının nəzərdə tutduğu kimi olduğunu bizimlə bölüşüb: “Düşünürəm ki, işlə təmin olunmaq üçün mütləq peşəyə yiyələnmək lazımdır. Mən də iş tapmaq, arzularımı reallaşdırmaq üçün peşə məktəbində təhsil almağı qarşıma məqsəd qoydum. Allaha şükürlər olsun ki, məqsədimə çatdım. Elə peşə məktəbində oxuyarkən istehsalat təcrübəsini CBC kanalında keçdim. Rus dilini mükəmməl bildiyim üçün məni həmin kanalda işlə təmin etdilər”.

 

Xəbər lenti