Logo

Prezident təqaüdçüsü: "BANM-da aldığım təhsillə peşəkar mütəxəssis olmaq istəyirəm"

07.10.2021 21:12 736 baxış
IMG

Anar Abdullayev 2003-cü ildə Gəncə şəhərində anadan olub.

Orta təhsilini Sumqayıt şəhər Texniki və təbiət elmləri liseyində alıb. Qəbul imtahanlarında 682,7 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olunub.

Prezident İlham Əliyevin Sərəncamına əsasən, ölkə üzrə Prezident təqaüdünə layiq görülən 102 tələbədən biridir. Deyir ki, abituriyent jurnalında ən yüksək Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının keçid balını toplamağı qarşısına hədəf qoyub.
 
-Anar, Prezident təqaüdçüləri arasında Bakı Ali Neft Məktəbinə qəbul olunan  33 tələbədən biri də sizsiniz. Adınızı siyahıda görəndə hansı hissləri keçirdiniz?
 
- Qəbul imtahanlarında 682,7 bal toplamışdım. İmtahanların nəticələri elan edildikdən sonra Prezident təqaüdçüsü olacağımı təxmin edirdim. Bununla belə, Azərbaycan Prezidentinin Sərəncamında adımı görəndə çox sevindim, böyük qürur hissi yaşadım. Dostlarımın, yaxınlarımın, qohumlarımın zəng edərək təbrik etməsi məni fərəhləndirdi.
 
- Ali məktəb və ixtisas seçimində qarşınıza hədəf qoymuşdunuzmu?
 
- Həmişə imtahanlardan yüksək nəticə toplamağı, yüksəkballı ixtisasa qəbul olmağı qarşıma məqsəd qoymuşdum. Abituriyent jurnalında ən yüksək bal Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının keçid balı olub. Mən də qarşıma hədəf qoydum ki, bu balı toplamalıyam. 682 bal topladım və Prezident təqaüdçüsü oldum. Həm də ölkə üzrə ən yüksək keçid balı olan ixtisasa qəbul olundum. Beləliklə, bu hədəfimə də çatdım.
 
- Qəbul imtahanlarına necə hazırlaşırdınız? Yüksək bal toplamaq istəyən abituriyentlərə nə məsləhət görürsünüz?
 
-Orta məktəbi həmişə çox yaxşı oxumuşam. Dərslərimə yüksək səviyyədə hazırlaşmışam. Abituriyentlərə məsləhətim odur ki, buraxılış imtahanına ciddi şəkildə hazırlaşsınlar. Çalışmaq lazımdır ki, ilk imtahandan toplanılan bal yüksək olsun. Buraxılış imtahanından toplanılan bal yüksək olanda 2-ci imtahan üçün motivasiya yaranır. Abituriyentlərə xüsusilə məsləhətim odur ki, imtahan zamanı gərgin olmasınlar, həyəcanlanmasınlar.
 
-Artıq Bakı Ali Neft Məktəbində dərslərə başlamısınız. İlkin təəssüratlarınız necədir?
 
-Bir neçə gündür dərslərə başlamağımıza baxmayaraq, BANM haqqında təəssüratlarım çox yüksək səviyyədədir. Burada təhsilə İngilis dili ilə başlamaq tələbələr üçün böyük avantajdır. Mən kurslarda İngilis dili üzrə hazırlaşmışam,  lakin burada İngilis dilinin tədrisi çox yüksək səviyyədə aparılır. Üstəlik, mənim üçün ödənişsiz olması böyük şansdır.  
 
-Gələcək hədəfləriniz nədir?
 
- İxtisasımı çox yüksək səviyyədə mənimsəmək, onun bütün sirlərinə yiyələnmək ən böyük hədəflərimdəndir. Gələcəkdə BANM-də aldığım təhsillə informasiya təhlükəsizliyi üzrə yüksək səviyyəli, peşəkar mütəxəssis olmaq istəyirəm.

Xəbər lenti