Logo

Azərbaycan və İtaliya alimlərinin birgə tədqiqatları amiloid xəstəliklərinə qarşı mübarizədə yeni perspektivlər açıb

29.09.2021 11:35 313 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə İtaliyanın Milli Tədqiqatlar Şurası (CNR) arasında imzalanmış əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində aparılan birgə tədqiqatlar amiloid xəstəliklərinə qarşı mübarizədə yeni perspektivlər açıb.

Tədqiqat işlərinə Azərbaycan tərəfindən AMEA-nın Biofizika İnstitutunun direktoru Oktay Qasımov, İtaliya tərəfindən isə Kimya Elmləri və Texnologiyaları İnstitutunun (Milan şəhəri) alimi Laura Raqona rəhbərlik edir. Uzun müddət aparılan tədqiqat işində Biofizika İnstitutunun dissertantı Aidə Məmmədzadə də yaxından iştirak edib.

Bu barədə AMEA-dan bildirilib. Qeyd olunub ki, aparılan tədqiqatlarda ipək fibroini zülalının amiloid əmələgətirmə mexanizminin insan orqanizmində baş verən patoloji fibril əmələ gəlməsi ilə oxşar olması göstərilib.

Həmçinin müxtəlif biofiziki yanaşmalardan istifadə etməklə antibiotik kimi yaxşı tanınan fusidik turşusunun fibroinə qarşı anti-aqreqasiya agenti kimi fəaliyyət göstərməsi müəyyən edilib. Fusidik turşusu insanlarda istifadə üçün təsdiqlənib və hazırda oftalmologiyada istifadə olunur.

Aparılan tədqiqatlar nəticəsində ilk dəfə olaraq fusidik turşusunun katarakt əməliyyatı zamanı aqreqasiyaya uğramış büllur materialında da anti-aqreqasiya agenti funksiyasını yerinə yetirdiyi müəyyən edilib. Maraqlıdır ki, fusidik turşusu nəinki zülalların amiloid əmələ gəlməsinin qarşısını alır, hətta artıq yaranan amiloidləri parçalaya bilir. Tədqiqatların nəticəsi göstərir ki, fusidik turşusunun istifadəsi bir çox amiloid xəstəliklərinin inkişafının qarşısının alınmasında və müalicəsində mühüm rol oynaya bilər.

Layihə üzrə alınan mühüm nəticələr yüksək impakt faktorlu “Biophysical Chemistry” beynəlxalq jurnalında dərc olunan məqalədə öz əksini tapıb.

Qeyd edək ki, son illər aparılan tədqiqatlar Altsheymer, Parkinson və s. bu kimi amiloid xəstəliklərinin dünya əhalisi arasında çox geniş yayıldığını göstərir. Bu xəstəliklər yaşla əlaqəli xəstəliklər sinfinə aid edilir və katarakt, şəkərli diabet zamanı amiloid əmələ gəlməsi ilə müşahidə olunur. Amiloid xəstəliklərinin yaxın gələcəkdə dünyanın böyük tibbi və iqtisadi problemi olacağı gözlənilir.

Xəbər lenti