Logo

"Universitetlər yalnız diplom deyil, həm də yüksək təhsil və tərbiyə verməlidir" - Deputat

29.09.2021 09:43 563 baxış
IMG

"Bu gün Azərbaycanın ali təhsil müəssisələri ənənəvi təhsilə qayıdır. Ötən bir il yarım təhsilimiz üçün kifayət qədər çətin və mürəkkəb dövr oldu. Bu müddətdə nə qədər çalışsaq da müxtəlif obyektiv və subyektiv səbəblərdən distant təhsil ənənəvi təhsili tam əvəz edə bilmədi".

Tehsil.biz xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

O bildirib ki, hər bir ölkənin inkişafı onun təhsili ilə bilavasitə bağlıdır:

"Yüksək inkişaf yolu keçən hər bir dövlət öncə təhsilinin gücləndirilməsi üçün səylə çalışmalıdır. Buna nail olan ölkələr iqtisadiyyatlarını gücləndirə biliblər. Bu gün Azərbaycanda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafına yüksək diqqət və qayğı var. Yeni ali təhsil müəssisələri yaradılır, universitetlərimizin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır".

Millət vəkili hesab edir ki, burada ali təhsil müəssisələrimizin də üzərinə çox ciddi vəzifələr düşür:

"Hər bir müəssisənin konkret inkişaf strategiyası, gələcəyə baxışı və hədəfləri olmalıdır. Universitetlər yalnız diplom deyil, həm də yüksək təhsil və tərbiyə verməli, ölkəmiz üçün layiqli vətəndaş yetişdirmək vəzifəsinin öhdəsində layiqincə gəlməyi bacarmalıdırlar. Bir neçə universiteti çıxmaqla digər universitetlərdə bu ab-hava hiss olunmur".

C.Məmmədov böyük vəzifənin gənclərin üzərinə düşdüyünü qeyd edib:

"Layiqli vətəndaş olmaq həm də yüksək təhsildən və dərin və peşəkar biliklərdən keçir. Müharibə bitsə də mübarizəmiz davam edir. Görünən odur ki, düşmənlərimiz qələbəmizi, bölgədə yaratdığımız yeni reallığı həzm edə bilmirlər. Qarşıda hələ sizi böyük vəzifələr gözləyir. Bu günün gəncləri gələcəyin idarəçiləri və rəhbərləridirlər".

Millət vəkili gənclər üçün bəzi tövsiyələr edib:

"Düşmən üzərində qələbə həm də sizin nə qədər bilikli və savadlı olmağınızdan asılıdır. Çalışın əsas hədəfinizdən yayınmayın, yüksək biliklər əldə edin, mütləq xarici dilləri öyrənin, informasiya texnologiyaları sahəsində biliklərinizi inkişaf etdirin. Vaxtdan maksimum səmərəli istifadə edin. Gələcək əzmkar, üzərində işləyən, savadlı və bilikli gənclərindir".

Fəqan Əzimli

Xəbər lenti