Logo

Məktəbə ilk dəfə ayaq basan Şəhid övladı: "YAXŞI OXUYUB HƏRBÇİ OLACAM" - VİDEOREPORTAJ

22.09.2021 18:57 947 baxış
IMG

Bu gün Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayıb. Yeni dərs gününü maraqla gözləyən şagirdlər sırasında Vətən müharibəsinin qəhrəmanlarının övladları da var. 

Biz isə News24.az olaraq öz növbəmizdə bu günü onlara həsr etmək qərarına gəldik. 

Elə həmin qəhrəmanlarımızdan biri də Baş gizir Alıyev Vahiddir. O, Vətən müharibəsində igidlik və mərdlik göstərərək, 02.10.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Qəhrəmanlıqlarına görə, ”Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. 

Alıyev Vahidin bizə əmanəti olan Abbas da məktəbə ilk dəfə qədəm qoyan birincilərdəndir. Abbasın ilk dərs günü ilə bağlı təəssüratlarını öyrənən zaman balaca gözlərində böyük qürur müşahidə etdik. Sanki anlayırdı ki, digər uşaqların dərsə rahat getməsi, sağlam böyüməsi, işıqlı gələcəklərinin olması üçün atası şəhidlik zirvəsinə ucalıb. Abbasla həmsöhbət olan zaman o, dərslərini yaxşı oxuyub, hərbçi olacağını və atasının qisasını alacağını dedi. 

Abbasın anası Alıyeva Sona xanım övladının birinci sinfə qədəm qoyduğu üçün sevincli, atası yanında olmadığı üçün isə kədərli olduğunu bildirdi. 

69 nömrəli tam orta məktəbin direktoru Taleh Şahbazov rəhbərlik etdiyi təhsil ocağında şəhid övladının təhsil almasının qürurlu hadisə olduğunu vurğuladı. O, bütün şagirdlər kimi Abbasın da inkişafı üçün lazımi dəstəyi verəcəklərini qeyd etdi.


Abbasın müəlliməsi Kərimova Samirə də məktəb direktorunun sözlərinə qoşuldu. Müəllimə artıq özünü Alıyevlər ailəsinin bir üzvü kimi hiss etdiyini, Abbasın ziyalı, sayılıb-seçilən fərd olması üçün əlindən gələni əsirgəməyəcəyini dedi. 

Məktəbdə diqqətimizi çəkən məqam isə bütün siniflərdə şəhidlərimizin guşəsinin yaradılması və sinfin o şəhidin adına ayrılması idi. Direktor şagirdlərdə vətənpərvərlik ruhunu oyatmaq, şəhidlərə ehtiramı yüksəltmək məqsədilə belə bir addım atdıqlarını dilə gətirdi. Bundan əlavə, şəhidlərimizə həsr olunan ümumi guşə də məktəbdə yaradılıb. Guşədə şəhidlərin əşyaları, Qarabağın tarixi abidələri və rayonlarının bütün xüsusiyyətlərini özündə əks etdirən lövhələr var.

Reportajı təqdim edirik:

https://youtu.be/kKTWHt0pYW4

Müxbir: Məhərrəm Əliyev
Video/Montaj: Nicat Niftəliyev

Xəbər lenti