Logo

Bu gündən məktəblər açılır

22.09.2021 00:00 431 baxış
IMG

Bu gün Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayır.

Tehsil.biz xəbər verir ki, təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.

Orta və yuxarı siniflərdə dərslərə isə sentyabrın 29-da start veriləcək və həftədə beş dəfə olmaqla əyani formada keçiriləcək.

Tədris olunmayan dərs saatları il ərzində tətil günləri hesabına bərpa ediləcək. Belə ki, tədris ilinin başlanması müddətləri nəzərə alınaraq, təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə payız tətili günlərindən 16-18 noyabr, qış tətili günlərindən 27, 28 yanvar tarixləri dərs günləri hesab ediləcək.

Ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdə payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri hesab ediləcək.

Orta ixtisas, peşə təhsili müəssisələri və universitetlərdə də tədris sentyabrın 29-dan əyani olaraq (bəzi istisnalar olmaqla) həyata keçiriləcək.

Qeyd edək ki, 2021-2022-ci tədris ilində ölkənin ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird oxuyacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə isə 471 661 şagird təhsil alacaq. I sinifdə 49 171, IX sinfində 36 199, X sinfində 27 016, XI sinfində 23 707, XII sinfində 176 şagirdin oxuması ehtimal olunur.

Hazırda respublikada 309 ibtidai məktəb, 3333 tam orta məktəb, 775 ümumi orta məktəb, 13 xüsusi tipli ümumi orta məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 64 məktəb-lisey, 54 lisey, 15 gimnaziya və 16 inteqrasiya təlimli internat tipli gimnaziya, 1 inteqrasiya təlimli internat məktəbi olmaqla, ümumilikdə 4435 məktəb fəaliyyət göstərir.

Xəbər lenti