Logo

Tarixi zəfərlərə aparan yol

15.09.2021 11:55
IMG

Bu gün xalqımız Qafqaz İslam Ordusu tərəfindən Bakının 15 sentyabr 1918-ci ildə mənfur erməni-bolşeviklərdən azad olunmasının 103-cü ildönümünü qeyd edir. Hələ 1915-ci ildə azərbaycanlı oğullar Çanaqqalada türk qardaşlarının köməyinə çatmışdı. Döyüşçülər qardaş torpaqlarında şəhadətə qovuşdular. Üç il sonra 1918-ci ildə böyük türk ordusu oxşar mübarizə üçün Azərbaycanda idi. Azərbaycan çar Rusiyasının əsarətindən qurtarıb, 1918-ci il mayın 28-də ilk müstəqil respublikasını qursa da, ölkədə mürəkkəb, təhlükəli hərbi-siyasi şərait mövcud idi və dövlətin müstəqilliyini müdafiə etməyə qadir olacaq yetərli milli hərbi qüvvələr hələ formalaşmamışdı. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi.

Tehsil.biz xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi Aidə Bəndəliyeva deyib. O bildirib ki, müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Neft Bakısı o zaman erməni tör-töküntüləri, bolşeviklər və ingilislərin işğalı altında idi. Ermənilər otuz min azərbaycanlını qətlə yetirmişdi. Belə bir şəraitdə Azərbaycanın bir çox bölgələrini və Bakını işğaldan azad etmək üçün Cümhuriyyət hökuməti hərbi kömək göstərilməsi üçün Osmanlı Türkiyəsinə müraciət etdi. Osmanlı dövlətinin çox ağır durumuna baxmayaraq, qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə ölkəmizə böyük sevgisi olan Ənvər Paşa qardaşı Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Azərbaycana gəlmiş türk hərbi qüvvələri ilə Azərbaycanın milli hərbi qüvvələrinin bazasında Qafqaz İslam Ordusu yaradıldı. Nuru paşa ordunun komandanı təyin edildi. Osmanlı və Azərbaycan əsgərləri döyüş meydanlarına atıldı, zəfərə gedən yolda yeri gəldi bir tikə çörəklərini yarıya böldü, bir-birinin yaralarını sarıdı, amma yollarından geri dönməyərək, düşmənin nəfəsini kəsməyə qalxdılar.

O zamanlar zülm ərşə dayanan Gəncənin vəziyyətini görən Məhəmməd Əmin Rəsulzadə Nuru paşanın şəhərə gəlişini “göydən enən bir mələk idi” sözləri ilə ifadə etmişdi. O yazırdı: “Qırğından nalə edən müsəlmanların səsi bütün Gəncəni iniltilədi. Gözlərimizi hara çeviririksə, o qorxunc mənzərəni xatırlayırıq. Süngüdə iki erməni və rus əsgəri tərəfindən keçirilmiş körpə çırpınırdı. Şəhər qəbiristanlığa bənzəyirdi. Küçələrdə gəzirdik, meyitlərin üstündən tullanırdıq. Gözləri, qulaqları və burunları kəsildi, zinət əşyaları işgəncə ilə alındı, evlər talan edildi”.

A.Bəndəliyeva qeyd edib ki, 1918-ci il mayın 25-də Gəncəyə gələn Qafqaz İslam Ordusunda əsgər sayı, Azərbaycan korpusundan min əlavə ilə 12 minə çatdı. Bu ordu rəşadətlə döyüşərək, Göyçay, Salyan, Ağsu və Kürdəmir yolunu, kəndləri bolşevik qoşunlarından və erməni dəstələrindən təmizləyərək, Bakıya doğru irəlilədi. Qafqaz İslam Ordusunun Bakının xilas etməsiylə bağlı, tarixçi alim Mehman Süleymanov yazır: “1918-ci il iyulun son günlərində Qafqaz İslam Ordusu qüvvələrini Bakı ətrafında cəmləşdirməsi ilə Stepan Şaumyanın rəhbərliyi altında olan Bakı Soveti şəhərə nəzarəti Sentrokaspi adlanan eser-menşevik-daşnak hökumətinə təhvil vermək məcburiyyəti qarşısında qaldı. Sentrokaspi diktaturası özünü Bakının hakimi elan etdikdən sonra daşnak nümayəndələri İrana göndərildi və İranda mövcud olan ingilis hərbi qüvvələrinin komandanı general Denstervil rəhbərlik etdiyi hərbi qüvvə ilə birlikdə Bakıya dəvət olundu. Bakı neftinə və bütünlükdə Xəzər hövzəsinə sahib olmaq üçün yollar axtaran Böyük Britaniya hökuməti yaranmış fürsətdən istifadə etməyə çalışdı və general Denstervilə göstəriş verildi ki, Bakıya hərbi qüvvə çıxarsın. Nəticədə, Bakıya göndərilməsi qərarlaşdırılan 39-cu ingilis briqadasının ilk bölmələri 1918-ci il avqustun 4-də gəmilərlə Ənzəlidən Bakıya gətirildi. Cəbhə bölgəsində aparılan təhlillərdən sonra Azərbaycana əlavə bir türk diviziyasının göndərilməsi haqqında məsələ qaldırıldı. Bu məsələ ilə bağlı Türkiyə Hərbi Nazirliyinə müraciət edildi. Bakı şəhərinin ən qısa zamanda azad olunmasını arzulayan Ənvər paşa da bu təkliflə razılaşaraq 15-ci piyada diviziyasının Bakı ətrafına göndərilməsi haqqında sərəncam verdi. Eyni zamanda, Azərbaycan daxilində yenidən mövcud qüvvələrin cəbhəyə səfərbər edilməsi üçün lazımi tədbirlər görüldü. Bakı ətrafındakı milli qüvvələrə kömək məqsədilə Ağdaş alayının bölmələri bura gətirildi, Qazax və Gəncə ətrafında toplanmış milli qüvvələrin Bakı ətrafına göndərilməsinə göstəriş verildi. Sentyabrın 6-da Türkiyədən əlavə olaraq göndərilən 15-ci piyada diviziyası, nəhayət, Ağstafaya çatdı və oradan qatarla Gəncəyə, sonra isə Bakı ətrafına yola salındı. Bu diviziyanın gəlişi ilə Bakı üzərinə həlledici hücuma hazırlıq son mərhələsinə qədəm qoydu. Hücumun təşkili məqsədilə sentyabrın 10-da Qafqaz İslam Ordusu komandanı Nuru paşa və Azərbaycan Korpusunun komandanı Əliağa Şıxlinski Bakı ətrafına gəldilər və vəziyyətlə tanış oldular. Sentyabrın 14-ü üçün qarşıya qoyulan tapşırığı yerinə yetirən Qafqaz İslam Ordusu qüvvələri, sentyabrın 15-də uğurlu hücumu davam etdirdilər. Beləliklə, Bakı şəhəri bütünlüklə Qafqaz İslam Ordusu tərəfindən azad edildi”.

“Türk və Azərbaycan əsgərlərinin rəşadəti sayəsində 1918-ci il sentyabrın 15-də Bakı xilas edilərək, düşmənlərdən təmizləndi. Azərbaycanın paytaxtı Bakıya köçürüldü. Zəfərdən iki gün sonra Cümhuriyyət hökuməti də Bakıya köçdü. Azərbaycan xalqı bu böyük zəfəri hər yerdə bayram edirdi.

Bakının işğalçılardan azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra hər il sentyabrın 15-də bu hadisəni qeyd edir, şəhid əsgərlərin xatirəsini anır. Azərbaycan və türk əsgərlərinin Bakını düşmən işğalından azad edərək, XX əsrdə açdıqları böyük zəfər yolunda birgə addımlaması, XXI əsrdə də bizi yenidən böyük qələbəyə qovuşdurdu. Azərbaycan-Türkiyə dostluğu qədim olduğu qədər, əbədi və dönməzdir!”, - deyə Aidə Bəndəliyeva fikrini yekunlaşdırıb.

Xəbər lenti