Logo

“Dövlət qulluğunda mövcud islahatlar: çağırışlar və perspektivlər” mövzusunda onlayn konfrans keçirilib

15.09.2021 11:33
IMG

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) və Astanada yerləşən “Dövlət Qulluğu üzrə Regional Xab”ın (Regional Xab) birgə təşkilatçılığı ilə 14 sentyabr 2021-ci il tarixində “Dövlət qulluğunda mövcud islahatlar: çağırışlar və perspektivlər” mövzusunda onlayn konfrans keçirilib. 

Konfransın məqsədi dövlət qulluğu sistemində səmərəli idarəetmənin qurulması üçün islahatların aparılması istiqamətində ən qabaqcıl təcrübənin hərtərəfli icmalı və müzakirəsi olub. Görüşdə Azərbaycan, Qazaxıstan, Gürcüstan, Ukrayna, Qırğızıstan və Şimali Makedoniyanın dövlət qulluğu orqanlarının rəhbərləri və ekspertləri öz ölkələrində aparılan islahatlar barədə təqdimat ediblər və dövlət qulluğu sahəsində COVID-19 ilə əlaqədar yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində tətbiq edilə biləcək yeniliklər barədə fikir mübadiləsi aparıblar. 

Konfransda DİM-in Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov və “Regional Xab”ın İdarə Heyətinin sədri Əlixan Baymənov açılış nitqi ilə çıxış ediblər.

Tədbir Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri Agentliyinin sədr müavini, Gürcüstanın Dövlət Qulluğu Bürosunun direktoru, Ukrayna Dövlət Qulluğu Milli Agentliyinin rəhbəri, Qırğızıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru və Şimali Makedoniyanın Tetova Universitetinin professorunun çıxışları ilə davam edib.

Konfransda DİM-in əməkdaşları tərəfindən aşağıdakı mövzularda təqdimatlar edilib:

· “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair Strategiya və institusional islahatlar” - Vüqar Əsgərov, Dövlət qulluğu məsələləri şöbəsinin müdiri;

· “Azərbaycan Respublikasının dövlət qulluğu sistemində “Səriştə modelinin təsdiqlənməsi layihəsi” - Vəli Hüseyn, Strateji inkişaf şöbəsinin müdiri.

İlk çıxışda “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” (Strategiya), onun 2019−2021 və 2022-2025-ci illərdə icrası üzrə Fəaliyyət planları barədə tədbir iştirakçılarına məlumat verilib. Növbəti təqdimat DİM əməkdaşı tərəfindən Strategiyanın “5.4. Dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi”nin həyata keçirilməsinə dəstək məqsədilə Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə birgə SIGMA proqramı çərçivəsində təşkil edilən dövlət qulluğunda “Səriştə modelinin təsdiqlənməsi” üzrə pilot layihə barədə edilib.

Tədbir “Zoom” platforması vasitəsilə keçirilib və çıxışlar Azərbaycan, qazax, ingilis və rus dillərinə sinxron tərcümə edilib. 

Xatırladaq ki, 2013-cü ildə Azərbaycanın da üzv dövlət kimi iştirakı ilə yaradılmış Regional Xab, ölkələr arasında dövlət qulluğu sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsində əhəmiyyətli rol oynayaraq dövlət qulluğu sistemlərinin inkişaf etdirilməsi üçün toplanmış təcrübə mübadiləsini həyata keçirir.

Xəbər lenti