Logo

ICESCO-nun Elm və Texnologiya bölməsinin məsləhətçisi Məhəmməd Şərif BDU-da olub

14.09.2021 13:40 77 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev və İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Elm və Texnologiya bölməsinin məsləhətçisi Məhəmməd Şərif arasında keçirilmiş görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub. Görüşdə əsas müzakirə mövzusu olaraq ICESCO-nun ali məqsədləri çərçivəsində Azərbaycanla əməkdaşlıq şəraitində görüləcək işlərdə Bakı Dövlət Universitetinin yaxından iştirakı imkanlarına toxunulub.

Azərbaycanın ICESCO-nun yaxından əməkdaşlıq etdiyi və əlaqələrə böyük önəm verdiyi əsas üzv dövlətlərdən biri olduğunu diqqətə çatdıran rektor Elçin Babayev bildirib ki, nüfuzlu beynəlxalq təşkilat olduğu üçün onun vasitəsilə digər üzv ölkələrlə qarşılıqlı əməkdaşlıq, təhsil, elm və mədəniyyət sahələrində bir-birinə inteqrasiyası üçün geniş imkanlar var. Geniş əməkdaşlıq əlaqələri Universitetin də qlobal təhsil mühitinə və elmi ictimaiyyətinə inteqrasiyasına böyük yol aça bilər.

Rektor, ICESCO tərəfindən 2020-ci il 29 sentyabr tarixində verilən, Azərbaycan və Ermənistan arasında cərəyan edən son hadisələr, əhəmiyyətli sivil dəyərə malik arxeoloji və tarixi məkanların, o cümlədən bir sıra məscidlərin və müqəddəs tarixi yerlərə qarşı dağıntıların törədilməsi barədə narahatlığını əks etdirən bəyanatı yüksək qiymətləndirib. O, eyni zamanda bildirib ki, 2021-ci il 13 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik arasında görüş zamanı sıx əməkdaşlığa dair səsləndirilən fikirlər bir daha onu təsdiq edir ki, ICESCO həmişə Azərbaycanın yanındadır.

ICESCO ilə əlaqələrin inkişafının yeni keyfiyyət mərhələsinə qədəm qoymasında, canlanmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz xidmətlərindən danışan E. Babayev, onun sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə geniş miqyaslı və fədakar fəaliyyəti, qayğıya ehtiyacı olan uşaqlara diqqəti, onların yaşayış şəraitinin yaxşılaşdırılması, təhsili, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyi barədə qonağa məlumat verib.

Görüş zamanı ICESCO-nun irəli sürdüyü təşəbbüs əsasında və mövcud əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və ICESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaxından iştirakı ilə Bakı Dövlət Universitetində keçiriləcək “Cihazqayırma və Tərsinə Mühəndisliyin əsasları üzrə 1-ci ICESCO seminarı” adlı beynəlxalq tədbirə hazırlıq işləri geniş müzakirə edilib.

ICESCO-nun Elm və texnologiya bölməsinin məsləhətçisi Məhəmməd Şərif isə öz növbəsində BDU-da qonaq olmaqdan məmnunluğunu bildirərək təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib. Qonaq ICESCO qarşısında duran vəzifələrdən birinin də İslam aləmində elmin, təhsilin, zəngin mədəni irsin qorunmasını təmin etməkdən ibarət olduğunu diqqətə çatdırıb. Bu baxımdan təmsil etdiyi təşkilatın Azərbaycanla bağlı son illərdəki fəaliyyətini yüksək dəyərləndirən Məhəmməd Şərif Azərbaycan-Ermənistan münaqişəsinə toxunaraq bildirib ki, adıçəkilən bəyənat təşkilat tərəfindən tərəddüd etmədən verilib və ICESCO-nun Azərbaycanın qələbəsinə olan inamının təzahürüdür.

Son illər yeni müstəvidə inkişaf etməkdə olan Azərbaycan-ICESCO əməkdaşlığı çərçivəsində gələcəkdə də ölkəmizlə bağlı bir sıra tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdıran qonaq onu da qeyd edib ki, təmsil etdiyi təşkilat bu mühüm təşəbbüsün yüksək səviyyədə həyata keçirilməsi üçün lazım olan bütün işləri görəcək. Artıq bir çox sahələrdə BDU ilə əlaqələrin yaradıldığını vurğulayan Məhəmməd Şərif münasibətlərin genişlənməsində qarşılıqlı səfərlərin önəmini qeyd etdi.

Qonaq “Cihazqayırma və tərsinə mühəndisliyin əsasları üzrə 1-ci ICESCO seminarı” adlı beynəlxalq tədbirin yüksək səviyyədə təşkilinə görə rektor Elçin Babayevə minnətdarlığını ifadə etdi.

Görüşdə Azərbaycanla ICESCO arasında elm, təhsil və mədəniyyət sahələrində həyata keçirilən digər layihələr və bu layihələrdə BDU-nun iştirakı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xəbər lenti