Logo

Masallıda "İcma əsaslı məktəbəqədər təhsil" layihəsi çərçivəsində yerli icma nümayəndələri ilə görüş keçirilib

13.09.2021 16:50 236 baxış
IMG

Sentyabrın 10-da “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində yerli icma nümayəndələri ilə görüş məqsədilə Masallı rayonuna səfər təşkil olunub. Səfər çərçivəsində ARTİ-nin direktoru Rüfət Əzizov, layihənin rəhbəri İlahə Rəsulova və Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov ilk öncə ümummilli lider Heydər Əliyevin Masallı şəhərində yerləşən abidəsini ziyarət ediblər.

Daha sonra Masallı rayon Heydər Əliyev Mərkəzində görüş baş tutub. Görüşün məqsədi layihə haqqında ictimaiyyətə geniş məlumat vermək, layihə ilə bağlı gələcək perspektivləri müzakirə etmək olub. Tədbirdə ARTİ-nin direktoru Rüfət Əzizov, Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, Masallı rayon İcra Hakimiyyətinin nümayəndəsi Abbas Abbasov, Masallı rayonunda fəaliyyət göstərən icma əsaslı məktəbəqədər təhsil qruplarında çalışan tərbiyəçi-müəllimlər, məktəb direktorları, valideynlər və digər icma nümayəndələri iştirak ediblər.

Tariyel Əkbərov 2018-ci ildən bəri Masallı məktəblərində fəaliyyət göstərən 32 icma əsaslı məktəbəqədər mərkəz və 34 qrup haqqında məlumat verib, layihənin rayon və kəndlər üçün əhəmiyyətini vurğulayıb. Rüfət Əzizov erkən yaşda təhsilin uşaqların növbəti akademik nailiyyətlərinə müsbət təsiri, bu layihənin tək uşaqlara deyil, onların valideynlərinə, yaşadıqları icmalara olan təsirləri, həmçinin ARTİ-nin 5 yaşlı məktəbəhazırlıq qrupları ilə bağlı müsbət artım tendensiyası, son illər icra edilən digər təhsil layihələri haqqında geniş məlumat verib.

Layihə haqqında tanıtım videosundan sonra layihə rəhbəri İlahə Rəsulova layihə haqqında geniş məlumat verib və indiyədək görülmüş işlər barədə danışıb. Daha sonra Abbas Abbasov  rayonda uşaq bağçalarının olması ilə yanaşı, hələ də erkən yaş uşaqların tam əhatə olunması üçün layihənin vacibliyini vurğulayıb.

İcma əsaslı məktəbəqədər təhsil qruplarının yerləşdiyi məktəblərin direktorları və müəllimləri çıxış edərək layihənin önəmindən, bu qruplarda iştirak edən uşaqların digər uşaqlardan sosial-emosional, davranış, nitq, ümumi bilik baxımından yaxşı mənada fərqləndiklərini bildiriblər.

Tədbirin sonunda icma əsaslı məktəbəqədər təhsil qruplarında iştirak etmiş uşaqlar şeirlər söyləyiblər.

Xəbər lenti