Logo

"Əyani təhsilə keçsək belə distant təhsilə diqqəti azaltmamalıyıq..."

12.09.2021 17:00 306 baxış
IMG

Nadir İsrafilov: “Əlbəttə, qeyri-müəyyənliklər var və haqlı sualların yaranması da təbiidir".

Nazirlər Kabineti "Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlimtərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında" qərar verib.

Qərara əsasən, Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində təhsilin pillələri və səviyyələri üzrə 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesi aşağıdakı tarixlərdən başlanacaq və əyani formada təşkil ediləcək.
Hər şeydən əvvəl onu qeyd edim ki, Təhsil Naziri Emin Əmrullayevin ali təhsil müəssisələrinin rəhbərləri ilə onlayn formatda görüşü, görüşdə sentyabrın 29-da ali təhsil müəssisələrində ənənəvi təhsilin bərpası ilə bağlı müvafiq hazırlıq işlərinin həyata keçirilməsi, tədrisin təşkili, müəllim və tələbələrin vaksinasiyadan keçirilməsi, auditoriyaların və digər müvafiq infrastrukturun hazırlıq vəziyyətin müzakirə edilməsi və bununla bağlı təkliflərin dinlənilməsi, təhsildə aşkarlıq və şəffaflıq prinsiplərinin gözlənilməsi və ümumi rəyin öyrənilməsi baxımından zəruri və faydalıdır. Məlum olduğu kimi, bir müddət öncə keçirilən mətbuat konfransında da ali məktəblərdə müəyyən məhdudiyyətlər, o cümlədən auditoriyalarla bağlı limit tətbiq ediləcəyinin anonsu verilmişdi. Əlbəttə qeyri-müəyyənliklər var.

İstər orta ümumtəhsil məktəblərində istərsə də ali və orta ixtisas müəssisələrində nəzərdə tutulan müddətdə ənənəvi tədrisə başlanılması, heç də əyani təhsilin bütün il boyu davamlı və dayanıqlı olacağı barədə kimlərdəsə arxayınçılıq yaranmasına əsas vermir. Hər şey mətbuat konfransında da xüsusi olaraq vurğulandığı kimi vaksinasiyadan, təhsil müəssisələrində sanitar-gigiyenik qaydalara və digər təhlükəsizlik normalarına necə riayət olunmasından asılı olacaq.  Yəqin ki, yaxın vaxtlarda rektorlarla görüşün nəticələri də nəzərə alınaraq ictimailəşəcək “Qaydalar”da bütün bu məqamlar öz əksini tapacaq.

Əsas vəzifə ondan ibarətdir ki, təhsilin davamlılığı və dayanıqlılığı təmin edilsin. Çünki, dayanıqlı təhsilə münasibət birmənalıdır. Nazirin də açıqlamalarının birində qeyd etdiyi kimi “Pandemiya dövründə insan inkişafını dondura bilmərik. Ona görə də təhsilin dayanıqlı formada təşkili təmin edilməlidir. Çalışmalıyıq ki, sosial-iqtisadi və digər amillər şagirdlərin təhsil almalarına təsir göstərməsin”.

Bir vacib məqamı da nəzərdən qaçırmaq olmaz ki, üz-üzə (əyani) təhsilə keçsək belə, məsafədən (distant) təhsilə diqqəti azaltmamalıyıq. Məlum olduğu kimi,  distant təhsil  tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu fоrmasıdır. Təhsilin distant forması xüsusilə ali məktəblər üçün xarakterik olub, müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır. Bu təhsil forması ənənəvi təhsil formalarına nisbətən öyrənənlərin müstəqilliyini, fəallığını, şüurluğunu, yaradıcılığını optimal şəkildə inkişaf etdirir.

Göründüyü kimi hər şey yoluxmanın növbəti eniş və yüksəliş tendensiyasından asılı olacaq. Bunun üçün hər hansı bir proqramın qəbul edilməsinə və ya müvafiq islahatın həyata keçirilməsinə ehtiyac görmürəm. Sadəcə olaraq, proseslərin gedişatını nəzarətdə saxlamaq, yeni çağırışlara hazır olmalıyq. Ən ümdəsi isə 2 ilə yaxın bir müddətdə qazanılmış təcrübə ümumiləşdirilməli, aidiyyatı qaydalar təkmilləşdirilməlidir. Ali və orta ümumtəhsil məktəblərində İKT baçarıqlarının inkişaf etdirilməsinə  diqqət artırılmalı,təhsil alanlara informasiyaları  çap materiallarını, elektron materialları müstəqil öyrənməyi öyrətməli,  yerlərdə  internetə və internet tariflərinə əlçatanlıq təmin edilməli, internetin sürətində olan məhdudiyyətlər aradan qaldırılmalıdır. 

Əgər ənnəvi adlandırdığımız əyani təhsilin davamlı və dayanaqlı olmasını istəyiriksə, onu da nəzərə almalıyıq ki, Ənənəvi təhsili bərpa etməyin inamlı və təhlükəsiz yolu vaksinasiyadan keçir. Heç də təsadüfi deyil ki, Təhsil Nazirliyi  təhsil işçilərini virusdan qorunmaq üçün peyvənd olunmağa və sanitar-gigiyenik normalara əməl etməyə çağırıb.

Nadir Israfilov

Xəbər lenti