Logo

“Mentorun 48 saatı” adlı “Bootcamp” tədbirinə start verilib

08.09.2021 16:42 461 baxış
IMG

Şamaxıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin növbəti komponenti olan “Mentorluq üzrə ixtisaslaşma proqramı”na keçid məqsədilə “Mentorun 48 saatı” adlı “Bootcamp” tədbirinə start verilib.

Tədbirdən əvvəl təhsil sahəsinə aid startapların nümayiş olunduğu sərgiyə baxış keçirilib. “Bootcamp”ın açılışında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, təhsil nazirinin müavini Firudin Qurbanov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış ediblər.

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında bildirib ki, hazırda dünyada əsaslı qlobal dəyişikliklər baş verir və bu dəyişikliklər gələcək şəxsiyyətin kompetensiyalarını formalaşdırır. Bu baxımdan qlobal problemlərin həll edilməsi, onların aradan qaldırılması üçün cəmiyyət hansı tip insanın formalaşmasından daha çox asılıdır. Firudin Qurbanovun sözlərinə görə, müasir tələblərə cavab verən, yüksək mədəniyyətə malik şəxsiyyətin formalaşması üçün lazım olan milli və bəşəri dəyərləri cəmiyyət mükəmməl təhsil vasitəsilə verə bilər. Bu baxımdan təhsil sitemimiz iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğun səviyyəyə qaldırılmalıdır.

Ölkəmizdə ali təhsilin inkişafı istiqamətində görülən işlərdən danışan nazir müavini qeyd edib ki, son illərdə aparıcı beynəlxalq təşkilatların statistik təhlilləri Azərbaycanda yerləşən ali təhsil müəssisələrinin reytinq səviyyəsinin yüksəldilməsinin zəruri olduğunu göstərir və bu da ali təhsildə yeni yanaşmalar tələb edir.

Tədbirdə bildirilib ki, 2021-ci ilin aprel ayından həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir. Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startap kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edən 2 komponentdən ibarətdir.

Tədbirdə dünyanın müxtəlif ölkələrindən innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların ölkəmiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, birgə fəaliyyətin təmin olunması, xüsusən də startapların inkişafı istiqamətində geniş imkanlar yaradan “TECH Diaspora” və “İnnovasiyalar Evi”nin yaradılmasından da danışılıb. Habelə innovasiya sahəsində ekosistemin daha da inkişaf etdirilməsi ilə bağlı “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin bu sahənin oyunçuları olan şirkətlərlə uğurlu əməkdaşlığı, görülən və görüləcək işlər haqqında məlumat verilib.

Çıxışlardan sonra “İnnovasiyalar və təhsil: yeni inkişaf yolu” mövzusunda panel müzakirələr gerçəkləşdirilib.

“Bootcamp”ın gedişində iştirakçılar “Microsoft”un qurucusu Bill Geytsin uşaqlığı, iş karyerası və inkişaf etməkdə olan ölkələrdə insanların həyatını yaxşılaşdırmaq istəyindən bəhs edən “Inside Bill's Brain” adlı sənədli filmi izləyiblər.

Qeyd edək ki, tədbirin bu gün davam edən ikinci günündə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov ilə görüş, “Mentorluq, texnika və mexanizmləri”, “İdeyadan innovasiyaya” mövzusunda təlimlər, “EduTech” panel müzakirəsi, eyni zamanda, Şamaxı Safari Parkına tur nəzərdə tutulur.

Xəbər lenti