Logo

Elm pandemiya ilə mübarizədə cəmiyyətin xidmətində

10.11.2020 09:55 465 baxış
IMG

Hər il noyabrın 10-da Sülh və İnkişaf Naminə Dünya Elm Günü qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd elmin cəmiyyətdəki rolunu və geniş ictimaiyyətin elmi məsələlərin müzakirəsində iştirakının vacibliyini, eyni zamanda, elmin gündəlik həyatda əhəmiyyətini və aktuallığını vurğulamaqdır.

 

Dünya Elm Günü bütün maraqlı tərəflərə - dövlət adamlarından tutmuş media nümayəndələrinə və məktəblilərə qədər hamıya elm mövzusunda sülh və inkişaf naminə səfərbər etmək üçün bir fürsət verir.

 

Bu əlamətdar gün, həmçinin cəmiyyətin dinc və davamlı inkişafı üçün elmin rolu barədə ictimaiyyətin məlumatlandırılmasına, müxtəlif ölkələr arasında elmi nailiyyətlərin paylaşılması üçün milli və beynəlxalq həmrəyliyin təşviqinə xidmət edir. Eyni zamanda, elmin cəmiyyətin xeyrinə istifadəsinə dair milli və beynəlxalq öhdəliyi yeniləməyi, qarşılaşdığı problemlərə diqqət çəkməyi və elmi fəaliyyəti dəstəkləməyi qarşısına vəzifə qoyub.

 

Tehsil.biz  xəbər verir ki, 2020-ci ildə Sülh və İnkişaf naminə Dünya Elm Günü “Elm pandemiya ilə mübarizədə cəmiyyətin xidmətində” devizi altında qeyd olunur. UNESCO bu böhran dövründə elm sahəsində beynəlxalq əməkdaşlığı möhkəmləndirməyə çalışır.

 

Təşkilatın COVID-19 ilə mübarizədə iştirakı üç əsas sahəyə yönəlib: beynəlxalq elmi əməkdaşlığın təşviqi, suya çıxışın təmin edilməsi və ətraf mühitin qorunmasına dəstək.

 

Dünya Elm Günü münasibətilə UNESCO-nun Baş direktoru Odre Azule ictimaiyyətə müraciət edib. Müraciətdə qeyd olunur ki, elm bizə pandemiya ilə mübarizə yolunu göstərə bilər. Tarixi miqyasda pandemiya və iqlim böhranı, bioloji müxtəlifliyin itirilməsi ilə mübarizə aparmaq məcburiyyətində olduğumuz dövrdə biz həm humanist elm konsepsiyasına, həm də ciddi təhlili ilə elmi yanaşmaya riayət etməliyik.

 

Elmin öz potensialına çatmasını təmin etmək üçün UNESCO Üzv Dövlətlər tərəfindən 2019-cu ilin noyabrında qəbul edilmiş qərara uyğun olaraq “Açıq elm” üzrə tövsiyə hazırlayır. Bizim vəzifəmiz hər kəsin elmə töhfə verməsinə imkan yaratmaqdır.

 

Eyni zamanda, məlumatlı, məsuliyyətli və vətəndaşların kollektiv qərar qəbulu prosesində iştirak etdiyi elmi mədəniyyəti inkişaf etdirərək hədəfləri cəmiyyətin ehtiyaclarına yaxınlaşdırmaqdır.

 

Sülh və İnkişaf naminə Dünya Elm Günü 2001-ci ildə UNESCO-nun Baş Konfransında 1999-cu ildə Budapeştdə keçirilmiş UNESCO-nun və Dünya Elmi Şurasının ortaq birliyi zamanı verilən öhdəliklər çərçivəsində təsis edilib.

 

Dünya elminə böyük töhfələr bəxş edən dövlətlər sırasında olan Azərbaycan elm, təhsil sahəsində əhəmiyyətli nailiyyətlər qazanıb. Çünki ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biri elm və təhsil sahəsinə göstərilən qayğının ardıcıl davam etdirilməsi, elmi-texniki potensialın qorunub saxlanılmasıdır.

 

Bu gün elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması istiqamətində bir sıra mühüm qərarların qəbul edilməsi ən aktual məsələlərdəndir. Azərbaycanın milli məhsulda elm və təhsilin çəkisini artırması, kapital resurslarının zəngin elmi bazaya, kadr potensialına yönləndirilməsi kimi mühüm addımlar atması elm və təhsil sahəsində yeni yanaşmalara, bu istiqamətdə nailiyyətlərin genişləndirilməsinə münbit şərait yaradır.

 

COVID-19 pandemiyası bütün dünyada ənənəvi şəraitdən tam fərqli bir situasiya yaradıb, prioritetlərə yenidən baxılmasını zəruri edib. Hər bir ölkə bu situasiyadan daha az itkilərlə çıxmaq üçün xüsusi strategiyalar müəyyənləşdirib.

 

Pandemiya dünyada olduğu kimi, Azərbaycanda da təhsil sisteminə təsirsiz qalmayıb. Lakin pandemiyanın hələ davam edəcəyi aydın olandan sonra təhsilin fasiləsizliyinin təmin edilməsi ilə bağlı mühüm addımlar atılıb, lazımi tədbirlər görülüb.

Xəbər lenti