Logo

Nurlana Əliyeva: “Vətən müharibəsinin 700-dən çox qazisini müalicə edərək sağaltmışıq”

20.08.2021 12:14 770 baxış
IMG

ATU-nun Tədris Cərrahiyyə Klinikasında Fizioterapiya və reabilitasiya şöbəsi fəaliyyət göstərir. Bu şöbədə bir şox xəstəliklərin profilaktikasında fizoterapiya effektiv üsul kimi tətbiq olunur. Bu həm də təhlükəsiz müalicə üsulu olduğu üçün bir çox xəstəliklərdən əziyyət çəkənlər fizioterapik müalicə almağa da üstülük verirlər. Şöbənin10 ilə yaxın fəaliyyəti dövründə minlərlə pasiyent tibbi personalın xidmətindən yararlanıb, sağlamlıqlarını bərpa edib. 

Şöbə müdiri Nurlana Əliyeva fizioterapiyanın ən çox oynaq, dayaq-hərəkət sisteminin bərpası zamanı istifadə olunduğunu bildirib: “Məlumdur ki, fizioterapiya fiziki üsullarla müallicə deməkdir. Biz elektrik, maqnit və ultrasəs dalğalarından istifadə etməklə pasiyentləri müalicə edirik”. 

N.Əliyeva neyrocərrahiyyə, nevrologiya, travmatologiya və ortopediya şöbəsində müalicə alanların əksəriyyətinin bərpa prosesində onun rəhbərlik etdiyi şöbənin müstəsna xidmətləri olduğunu vurğulayıb. Bildirib ki, pasiyentlər əməliyyata qədər və əməliyyatdan sonra fizioterapiya müalicəsi alıblar: “Elə xəstələr olub ki, müayinədən keçən zaman əməliyyata göstəriş olub, amma şöbəmizdə müalicə aldıqdan sonra əməliyyata ehtiyac qalmayıb. Sağalıb gediblər”. 

Şöbə müdiri, həmçinin Vətən müharibəsində iştirak edən 700-dən çox qazinin Fizioterapiya və reabilitasiya şöbəsində müalicə aldığı barədə məlumat verib, böyük əksəriyyətinin sağaldığını qeyd edib: “Bizdə ayağa durmayan qazi qalmadı. Peşəkar həkim personalımız böyük həvəslə qazilərimizi müalicə etdi, onların qulluğunda durdu. 3 nəfər qazimiz ağır onurğa, kəllə-beyin travması aldığına görə müalicə üçün Türkiyəyə göndərildi. Onlar da sağalaraq Vətənə döndülər”.  

Nurlana xanım insult xəstələrinin də bu şöbədə müalicə kursu keçdiyini və aparılmış müalicənin əksər hallarda effekt verdiyini diqqətə çatdırıb: “Müasir müalicə üsullarından istifadə etməklə xəstələrimizi sağaldırıq. Şöbəmizdə peşəkar həkim və tibbi personal fəaliyyət göstərir. Müalicə aşağı tezlikli səs dalğaları yaradan cihazlar vasitəsi ilə aparılır. Doğrudur, bu, hər xəstəyə tətbiq olunmur. Amma tətbiq olunması nəzərdə tutulan xəstələr etdiyimiz müalicənin təsirini görür, çox razı qalırlar”.

Xəbər lenti