Logo

“Molecular Biology Reports” jurnalında elmi məqaləsi dərc olunub

17.08.2021 23:02 683 baxış
IMG

ADPU-nun Quba filialının müəllimləri Səltənət Ağayeva və Ayaz Məmmədovun “Molecular Biology Reports” jurnalında elmi məqaləsi dərc olunub.

Qeyd edək ki, AMEA Genetik Ehtiyatlar İnstitutunun və Türkiyə Uludağ Universitetinin alimlərinin zeytun bitkisi üzərində apardıqları birgə tədqiqat işinin nəticəsi “Web of Science”, “Springer” və “Scopus” kimi nüfuzlu elmi bazalarda indeksləşən adı çəkilən jurnalında dərc olunub.

“Azərbaycan və Türkiyənin zeytun genetik ehtiyatları arasında genetik müxtəliflik və əlaqə” adlı məqalədə bildirilib ki, ölkəmizdə ilk dəfə Genetik Ehtiyatlar İnstitutun kolleksiyasında olan “Azərbaycan”, “Ağ zeytun”, “Ağbaba”, “Abşeron”, “Qaragöz” və s. yerli zeytun sortları da daxil olmaqla 30 nümunə üzərində molekulyar-genetik səviyyədə tədqiqat aparılıb, genetik müxtəliflik, genotiplər arasında filogenetik əlaqə, genetik oxşarlıq və s.araşdırılıb və bir neçə sortun ölkəmizə məxsus olduğu müəyyən edilib.

Tədqiqat zamanı 19 SSR (Simple Sequence Repeat) markerdən istifadə edərək, 30-u Azərbaycandan və 11-i Türkiyədən olmaqla 41 zeytun genotipi arasındakı genetik əlaqə öyrənilib və hər iki ölkəyə məxsus genotiplərin genetik cəhətdən bir-birindən fərqli olduğu aşkar edilib.

Əldə olunmuş nəticələr gələcəkdə yeni zeytun sortlarının yaradılmasına, Azərbaycanla Türkiyə arasında zeytun bitkisi üzərində birgə tədqiqat proqramlarının həyata keçirilməsinə geniş imkanlar yarada bilər.

Azərbaycanda iqtisadi əhəmiyyət malik zeytun bitkisi bizim eranın yeddinci əsrindən becərilir. Bakı və Abşeron zonasında çoxlu sayda qiymətli zeytun ağaclarının qorunub saxlanıldığı tədqiqatlarla sübut olunub.

Xəbər lenti