AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu Elmi Kitabxana ilə birgə keçirdiyi “Qarabağ Azərbaycandır!” mövzusunda elmi konfrans başa çatıb.
Tehsil.biz-in məlumatına görə, Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən institutun direktoru, AMEA-nın müxbir üzvi Fəxrəddin Səfərli Qarabağ tarixindən və bu tarixi həqiqətlərin dünyaya çatdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən danışıb. Bildirib ki, 200 ildən bəri Azərbaycan xalqına qarşı təcavüz və soyqırımı siyasəti həyata keçirən ermənilər XX yüzilliyin sonlarında havadarlarının köməyi ilə Dağlıq Qarabağı və ətraf rayonları işğal etdilər. Bununla kifayətlənməyən ermənilər son illər Azərbaycandan yeni torpaqlar qoparmaq üçün tez-tez təxribatlar törətməyə başladılar. Ancaq nəzərdən qaçırdılar ki, Azərbaycan dövləti 20-25 il bundan əvvəlki dövlət deyil.
Həyata keçirilən məqsədyönlü siyasət sayəsində yüksək səviyyədə inkişaf etmiş, güclü bir dövlətə çevrilmiş Azərbaycanda qüdrətli bir ordu yaradıldığını söyləyən alim Aprel döyüşlərini, tarixdə “Naxçıvan əməliyyatı” kimi qalan Günnüt zəfərini xatırladaraq qeyd edib ki, həmin illərdə peşəkarlıqla aparılan əməliyyatların nəticələri ordumuzun istənilən vaxt ərazi bütövlüyümüzü bərpa etmək qüdrətində olduğunu göstərdi.
Sentyabrın 27-dən etibarən təcavüzkar erməni ordusunun Azərbaycanın yaşayış məntəqələlərini və mülki şəxsləri atəşə tutmasından sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatlarına başlanıldı və torpaqlarımızın azad olunması uğrunda mübarizəyə qalxan Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr vuraraq, onu ağır məğlubiyyətə uğratdı.
Fəxrəddin Səfərli vurğulayıb ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun parlaq qələbələri sayəsində mənfur erməni təcavüzkarları layiqli cəzalarını alaraq işğal edilən torpaqlardan qovulurlar. Vətənimizin ərazi bütövlüyü uğrunda gedən haqq savaşında həmrəy olan xalqımız dövlətimizin başçısının ətrafında yumruq kimi birləşərək həm döyüş meydanında, həm də informasiya müharibəsində düşmənə qalib gəlir. Əsgərlərimizin qəhrəmanlıq və şücaəti sayəsində uzun illər işğalda qalmış torpaqlarımız qarış-qarış düşməndən azad edilir. Müzəffər Ordumuzun üstünlüyü ilə düşməndən təmizlənmiş ərazilərimizdə indi Azərbaycan bayrağı dalğalanır.
Daha sonra institutunun Etnoqrafiya şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova “Dağlıq Qarabağ haqqında tarixi faktlar”, Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Emin Şıxəliyev “Qarabağ müharibəsi: zəfərə gedən yol” və Elmi Kitabxananın direktoru Sahab Əliyeva “Qarabağ mövzusu bədii ədəbiyyatda” mövzusunda elmi məruzələrlə çıxış ediblər. Məruzələrdə qeyd olunub ki, əzəli və əbədi torpaqlarımız uğrunda gedən Vətən müharibəsində həm döyüşdə, həm də masada Azərbaycan qarşısında məğlub olduğunu anlayan Ermənistan tərəfi əsas çarəni saxta xəbərlər yayaraq dövlətləri müharibəyə cəlb etməkdə axtarır. Bu, Azərbaycanın haqlı davasıdır. İnanırıq ki, ölkəmiz qısa müddətdə qalib gələcək. Azərbaycanda dövlət və xalqın birliyi sarsılmazdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli strateji addımları və zəfərə səsləyən çıxışları Azərbaycan xalqında böyük ruh yüksəkliyi yaradıb və xalq Prezidentin ətrafında sıx birləşib. Azərbaycanı da zəfərə aparan yol yalnız və yalnız sarsılmaz birlikdir.
Konfransda Elmi Kitabxananın hazırladığı “Qarabağ Azərbaycandır!” adlı virtual sərgi nümayiş olunub.