Logo

İlin tələbəsi: "Abituriyentlərə BANM-i seçməyi məsləhət görürəm"

05.08.2021 23:13 573 baxış
IMG

“Bakı Ali Neft Məktəbinin təhsil, tələbələrə göstərilən qayğı, müəllim və professor heyətinin bilik səviyyəsi baxımından yaratdığı brendi təkrarlayacaq başqa bir universitet yoxdur. Abituriyentlər təhsil alacaqları 5 il müddətində BANM-in onların həyatında oynayacağı rolu görəcəklər. Çünki 1-ci kursdan orta məktəbdən yüksək bal toplamış abituriyentlər olaraq gəlirlər və BANM-də 5 il ərzində peşəkar mühəndis olaraq  yetişirlər”. Bakı Ali Neft Məktəbinin (BANM) 2021-ci ildə Kimya mühəndisliyi ixtisasını birinciliklə bitirən və “İlin tələbəsi” adını qazanan Səfər Usubov bu fikirdədir. 

BANM - in məzunu bildirib ki, ali məktəbi düzgün seçmək insanın təhsili, gələcək karyerası və həyatında önəmli rol oyanır. Abituriyentlərə BANM - i seçməyi məsləhət görən Səfər Usubov bunu belə əsaslandırıb : “İlk növbədə yüksək səviyyəli və düzgün təhsildir. Bunun sayəsində tələbələr universiteti bitirdikdən sonra birbaşa işə qəbul oluna bilirlər, eyni zamanda xarici universitetlərin hansına müraciət etsələr BANM adı onların istənilən yüksək səviyyəli xarici ali məktəbə qəbul olmalarında çox böyük rol oynayır. Xarici ölkələrdə BANM tələbələrini yüksək qiymətləndirirlər. Mühəndislik elə bir sahədir ki, xüsusi biliklər tələb edir. Həmin biliklər sayəsində işlər aparılır və əgər o biliklər mühəndislərdə varsa, iş düzgün gedəcək. Əks təqdirdə işə götürən şirkət müəyyən bir vaxt həmin tələbəni və ya yeni işə başlayan gənc mühəndisi öyrətməyə vaxt sərf edir. BANM – in məzunu isə tam hazır, ixtisaslaşmış mühəndis olur. Həm iş, həm təhsil imkanlarının yüz faiz olması, böyük kampus, geniş dərs otaqları, yüksək səviyyədə tədris materialları, idman və incəsənət sahəsinə verilən dəyərlər BANM-i seçmək üçün digər səbəblərdir. BANM sizin həm təhsil sahəsində, həm də insani cəhətdən inkişafınıza töhfə verir. Buna görə BANM ən düzgün seçimdir”, - deyə “İlin tələbəsi” əlavə edib.   

Səfər Usubov uğurlarını fədakar, peşəkar, yüksək səviyyəli müəllim-professor heyəti və valideynlərinə borcludur. Uğurlu tələbə deyir ki, onun üçün “İlin tələbəsi” olmaq və ixtisası birinciliklə bitirmək fəxr dolu bir hiss və şərəfdir. BANM-in rektoru cənab Elmar Qasımov, müəllim-professor heyəti, valideynlərimə minnətdaram. Valideynlərim məni bu günə gətirib çıxarmaq üçün çox əziyyət çəkiblər. Atam epilepsiya xəstəsidir. Mənim yüksək səviyyədə təhsil almağım üçün səhər saat 6-dan gecə saat 9-a qədər dayanmadan işləyib. Anam və qardaşım da  həmçinin”. 
Yeni tədris ilindən BANM-də Kompüter mühəndisliyi ixtisası açılacaq. “İlin tələbəsi” bu ixtisasın da uğurlu olacağına əmindir: “Biz artıq kompüterləşmə və avtomatlaşdırmaya doğru gedirik. Gələcək bunun üzərində qurulub. Bütün sahələrdə kompüter mühəndisliyi ixtisasının öz yeri və rolu var. BANM bu ixtisas üzrə də öz brendini yaradacaq. BANM-in bu sektora giriş etməyi onu göstərir ki, Ali Məktəb artıq nəinki neft-qaz sahəsi, ümumiyyətlə bütün sahələri düşünür və bu istiqamətdə öz işlərini davam elətdirir”. 

Qeyd edək ki, Səfər Usubov 600-ə yaxın tələbə arasından seçilən Erasmus Mundus proqramının 10 qalibindən biridir. BANM-in məzunu 12 tanınmış xarici  universitetə qəbul olub. O, ABŞ-ın 4 universitetinin birbaşa tam təqaüdlə doktorantura, 2 universitetinin isə təqaüdlə magistratura pilləsini  qazanıb. Lakin Səfər Usubov Avropanı seçib. O, Fransa, İspaniya və Portuqaliyada 2 il müddətində magistratura təhsili alacaq.

Xəbər lenti