ADA kampusunda yeni təqdim edilən riyaziyyat ixtisası üzrə “Açıq qapı günü” keçirildi.
Bu sahə üzrə bakalavr təhsili almağa qərar verən gələcək tələbələr qarşısında Stanford Universitetinin (ABŞ) Riyaziyyat üzrə doktorantura məzunu Cəfər Cəfərov çıxış edib.
O, qeyd edib ki, sürətlə rəqəmsallaşan və texnologiyanın durmadan inkişaf etdiyi hazırkı dövrdə riyaziyyat təhsili alanlar bu günün və gələcəyin ən çox tələb görən peşəkarlarına çevriləcəklər.
ADA Universitetinin rektoru və riyaziyyat üzrə bakalavr proqramının təşəbbüskarı səfir Hafiz Paşayev deyib ki, əlaçı tələbələri təhsil haqqı güzəştləri gözləyir.
Belə ki, 650-dən çox bal toplayanlar bakalavr təhsili müddətində təhsil haqqından tamamilə azad olunacaqlar. 600-dən çox bal toplayanlar isə bir il müddətində təhsil haqqı güzəştindən yararlanacaqlar.
Qeyd edək ki, artıq proqramın ilk tələbələrinin qəbul edilməsinə başlanılıb.