Logo

“ZƏFƏR” düşərgəsi

30.07.2021 15:48 419 baxış
IMG

Quba STEAM Mərkəzində ŞƏHİD övladları üçün təşkil edilən “ZƏFƏR” düşərgəsində bir gün

 

İyulun 25-dən ölkəmizdə fərqli və maraqlı layihəyə start verilib. Vətən müharibəsində qazanılan zəfərdə payı olan şəhidlərin yadigar qoyduğu övladları üçün Qubada maraqlı, rəngarəng, əyləncəli yay tətili təşkil edilib. 71 şəhid balası üçün düşərgə salınıb, adına da “Zəfər” düşərgəsi deyiblər.

 

Müxtəlif yaş qrupunda olan 71 uşaq 8-9 və 10 nəfərlik qruplarda birləşib. Düşərgə 2 alt qrupa bölünüb. Birinci və ikinci alt düşərgələrin hər birində 4 kiçik qrup fəaliyyət göstərir.  Hər qrupda rəhbər və onun köməkçiləri uşaqlarla iş qurur.

 

STEAM dərsləri

 

Proqramın əsas hissəsi STEAM təlimləri üzərində qurulub. Uşaqlar 3D dizaynı tərtib edir, layihələrini 3D printerlərdə çap edir, kiçik mühəndislər olaraq layihələr işləyib hazırlayırlar. Mikrobitdə kodlaşdırma və alqoritmlər üzərindən əmrlər verir, onu praktiki olaraq reallaşdırırlar.

 

Fəaliyyətlərdə öyrənmə istiqaməti

 

Hər gün 8 əsas mövzu üzrə hər biri 90 dəqiqəlik təlimlər keçirilir.  3D dizayn, mikrobit, kodlaşdırma, həmçinin kapoero, dağçılıq, aykido, xilasedicilik, ilk tibbi yardım, kinoloq və çölçülük üzrə təlimlərə qatılan uşaqlar həyati bilik və bacarıqları əldə edirlər. Edərək öyrənmək prinsipi ilə qurulan bu təlimlərə məktəblilər böyük maraq göstərirlər.

 

Düşərgədə axşam əyləncəsi

 

Hər gün Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin əməkdaşlarının iştirakı ilə uşaqların axşam proqramı hazırlanır. Rəqs, musiqi, şən və hazırcavablar klubu qurulur, axşam əyləncəsi başlayır.

 

“İşimizi sorğu əsasında qurduq”

 

Uşaqların buradakı günü xüsusi təhlilə əsaslanaraq planlaşdırılıb. Düşərgə rəhbəri Hüseyn Hüseynovun sözlərinə görə, düşərgə fəaliyyətə başlamadan öncə sorğu keçirilib: “İşimizi həmin sorğu əsasında qurduq. Düşərgə başa çatdıqdan sonra yenidən sorğu keçirəcək, nəticələri təhlil ediləcək”.

 

Hüseyn Hüseynov düşərgədə fəaliyyət göstərən hər əməkdaşın xüsusi seçildiyini, proqramların təhlil və araşdırmalara əsaslanaraq hazırlandığını vurğulayıb: “Düşərgənin fəaliyyətini planlaşdırmaq üçün ikigünlük hazırlıq görüşü keçirdik. Görüşün nəticəsindən asılı olaraq, uşaqların vaxtının səmərəli təşkil edilməsi, düşərgənin düzgün idarə olunmasını təmin etmək məqsədi ilə simulyativ seminar keçirildi. 7 gün ərzində uşaqlarla işləyəcək 32 nəfərdən ibarət təlimçi heyət yaradıldı. Təlimçilər bir ay əvvəldən müəyyən edilib, onların proqram və metodları razılaşdırılmışdı”.

 

49 nəfər işçi heyət - düşərgə rəhbəri, alt-düşərgə rəhbərləri, qrup rəhbərləri, proqram rəhbəri, könüllülər, psixoloqlar, çəkiliş qrupu, polis, həkim və əlavə olaraq 31 nəfər təlimçi uşaqların günlərinin maraqlı keçməsi üçün əlindən gələni edib: “Təyin edilən hər proqramda intellektual, psixoloji, fiziki, emosional məqamlar nəzərə alınıb, maraqlı əyləncəli öyrədici proqram hazırlanmasına çalışılıb”. 

 

Hüseyn Hüseynov deyib ki, şəhid övladları çox həssas qrup olduğundan onlarla işə xüsusi önəm verirlər: “Onların dəstəyə ehtiyacı yaranır. Düşərgədə dincələn 71 uşaqla 2 psixoloq qrupu işləyir. Psixoloqlar həm fərdi söhbətlər aparır, həm də qrup görüşləri keçirir”.

 

“Nəticə ürəyimizcədir”

 

Beləliklə, aralarında beynəlxalq səviyyəli təlimçilərin də olduğu heyət uşaqların sevgisini qazanıb. Uşaqların sevimli təlimçilərindən biri Ebru sənəti üzrə təlimçi, Mübariz İbrahimov adına liseyin baş müəllimi Ruslan Həsənov olub. Təlimçi uşaqların Ebru sənətinə xüsusilə maraq göstərdyini deyir. Bu sənətə qarşı uşaqlarda maraq yaratmaq elə də çətin olmayıb: “Düşərgə iştirakçılarına Ebru sənətinin vətənlərindən birinin də məhz bizim ölkəmiz olduğunu dedim. Tarixi mənbələrdə bu barədə kifayət qədər məlumat verilib. Qədim sənətlərimizdən biri olması faktı uşaqların diqqətini daha çox cəlb etdi”.

 

Beləcə, Ruslan müəllimin bələdçiliyi ilə uşaqlar təxəyyülündə canlandırdığı dünyanı rənglərdən uğurla istifadə edərək su üzünə çıxardıblar. Əldə etdikləri nəticədən özləri də heyrətləniblər: “Bunu uşaqlar özləri də gözləmirdilər. Hətta işləyə biləcəklərinə şübhə ilə yanaşırdılar. Ancaq sonradan sənətə də, öz bacarıqlarına da münasibətləri dəyişdi. Ebru sənətinin texnologiyasını belə uşaqlara oyunlar və başqa yollarla öyrədə bildik. Uşaqlar Ebru suyunun kitrədən necə hazırlanması, rənglərin öd ilə emal olunması, fırçaların texnologiyasına qədər hər şeylə maraqlandılar.Təlim nəticəsində bu sənətə aid bir çox məlumat öyrəndilər, çox gözəl işlər ortaya çıxartdılar və həmin işlər şagirdlərimizə hədiyyə edildi”.

 

Ruslan müəllim deyir burada olmaq nəinki uşaqlar, elə təlimçilər üçün də maraqlı təcrübə olub: “Ebru sənəti üzrə təlim keçməyə dəvət alanda çox qürurlandım və həvəslə bu dəvətə müsbət cavab verdim. Təlimlər uşaqlarda yaradıcı qabiliyyətlərinin, incəsənətin ayrı-ayrı sahələri üzrə bacarıqlarının üzə çıxarılmasına xidmət edir. Əldə etdiyimiz nəticə ürəyimizcədir”.

 

“Uşaqların vaxtı çox maraqlı keçir”

 

 

 

Səlmi Vəliyeva 8 şagirddən ibarət qrupun rəhbəridir: “İlk gün bir az darıxdılar, adaptasiya oluna bilmədilər. Ayrı-ayrı ailədə böyüyən uşaqlar üçün ailəsindən uzaqda keçirdiyi ilk gün asan olmadı. İkinci gündən isə artıq hər şey qaydasına düşdü. Çox maraqlı fəaliyyətlərimiz var. Fəaliyyətlərdən əlavə maraqlı praktiki məşğələlər, əyləncəli oyunlar keçirir, uşaqların vaxtının səmərəli keçməsini təmin edirik. Müşahidələrimə görə, uşaqların vaxtı burada çox maraqlı keçir. Əminəm ki, düşərgədən ayrıldıqdan sonra da biri-biriləri üçün darıxacaq, buradakı günləri həyatlarının ən maraqlı günləri olaraq ömürlük xatırlayacaqlar”.

 

 

 

 

Qubaya ekskursiya

 

Uşaqlar günlərini, sadəcə düşərgədə keçirməyiblər. Onlar düşərgənin yerləşdiyi Quba rayonunun görməli yerlərinə də baş çəkiblər. Uşaqların günlərinin biri-birindən fərqlənməsi, rəngarəngliyinin təmin edilməsi məqsədilə Quba rayonu ərazisində yerləşən tarixi yerlərə ekskursiyalar təşkil edilib. Məsələn, Quba rayon Tarix Diyarşünaslıq Muzeyinə gedib, “Soyqırım” memorial kompleksini ziyarət edib, şəhər gəzintilərində olublar.

 

Düşərgənin qonaqları

 

Düşərgənin hər gün qonağı olur. Müxtəlif sahələrin nüfuzlu, tanınan nümayəndələri düşərgəyə baş çəkir, uşaqlarla görüşür. Müğənni Tünzalə Ağayeva, Vətən müharibəsi iştirakçısı, topçu Vüsal Məmmədovla görüş uşaqlar üçün çox maraqlı olub. Təhsil naziri Emin Əmrullayev də düşərgənin ən çox gözlənən, gəlişi maraqla qarşılanan qonaqlarından idi. Təhsil naziri düşərgədə uşaqların birgünlük fəaliyyəti ilə tanışlıqdan sonra onlarla yaxından ünsiyyətdə olub.

 

Düşərgədə olan hər qonaq uşaqların düşərgə xatirələrini zənginləşdirməklə yanaşı, həm də yeni mühitə adaptasiyalarını sürətləndirib. Hər görüş uşaqların xatirəsində iz qoyub.

 

Onlar bu istirahətdən razı qalıb

 

Quba STEAM Mərkəzində salınan düşərgə artıq yekunlaşmaq üzrədir. Uşaqlar Təhsil Nazirliyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə təşkil edilən düşərgədən razı qalıbmı? Gedəndən sonra buradakı günlərini necə xatırlayacaqlar?

 

“Burada imkan vermirlər ki, ürəyimiz sıxılsın”

 

“Zəfər” düşərgəsinin iştirakçısı Süleyman Musayev şəhid polkovnik-leytenant Sədi Musayevin oğludur. O, düşərgədəki günlərindən belə danışır: “Düşərgədə günə himnimizi oxuyaraq başlayırıq. Qubada çox gözəl hava var. Səhər duranda təmiz havanı içimizə çəkir, bu havadan zövq alırıq. Qrup rəhbərlərimiz bizim çox əyləncəli, rəngarəng vaxt keçirməyimiz üçün əllərindən gələni edirlər. Burada imkan vermirlər ki, bizim ürəyimiz sıxılsın”.

 

Burda olduğu müddətdə Süleymanın dostlarının da sayı artıb: “Düşərgədə mənimlə birgə dincələn 70 nəfərin hər biri ilə yaxşı münasibət qurdum. Aralarında dostlaşdıqlarım da çoxdur. Düşünürəm ki, onlarla dostluğum biz böyüyəndən sonra da davam edəcək”.

 

Böyüyəndən sonrakı dönəm üçün, sadəcə dostluq münasibətləri yox, başqa qərarlar da verib. Belə ki, o, Fövqəladə Hallar Nazirliyinin təşkil etdiyi xilasedici təlimlərinə qatılıb və gələcəkdə xilasedici olmağa qərar verib.

 

“Hər maraqlı məlumat mənim üçün qiymətlidir”

 

 

Aysun Ağazadə şəhid mayor Ramil Ağayevin qızıdır. “Zəfər” düşərgəsində maraqlı və əyləncəli günlər keçirdiyini deyir: “Ebru, kapoera, ilk tibbi yardım və s. fəaliyyətlərinə qatıldıq, milli rəqsləri öyrəndik. STEAM-da 3D rəsmləri hazırladıq, ekskursiyaya getdik. Ekskursiya zamanı Qubanın tarixi ilə bağlı mənim üçün çox maraqlı olan məlumatlar əldə etdim. Bütün bunları öyrənmək maraqlı oldu. Hər maraqlı məlumat mənim üçün qiymətlidir”.

 

Aysun da burada qurduğu dostluq münasibətlərindən çox razıdır: “Burada qazandığım və mənim üçün dəyərli olan dostlarım var ki, onlarla gələcəkdə də əlaqələrmi davam etdirməyi düşünürəm”.

 

Ruhiyyə DAŞSALAHLI

Xəbər lenti