Logo

BDU şəhid və qazi tələbə və məzunları ilə bağlı kompleks tədbirlər həyata keçirir

29.07.2021 10:50 160 baxış
IMG

2020-ci ilin sentyabr ayının 27-də başlanan və Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun Böyük Qələbəsi ilə başa çatan və Azərbaycan tarixinə əbədi həkk olunan 44 günlük Vətən Müharibəsində Bakı Dövlət Universitetinin (BDU) tələbə və məzunları da qəhrəmancasına iştirak etmiş, həm ön, həm də arxa cəbhədə böyük şücaət və rəşadətlə mübarizə aparmışlar. Vətən müharibəsində Bakı Dövlət Universitetinin onlarla məzunu iştirak etmiş, onlardan 18 nəfəri şəhidlik zirvəsinə ucalmışdır: Salayev Elşən Fuad oğlu (Tarix fakültəsi), Şalıyev Ceyhun Nüsrət oğlu (Hüquq fakültəsi), Nadirli Nadir Arzu oğlu (Biologiya fakültəsi), Qurbanov Tərxan Zabit oğlu (Biologiya fakültəsi), Eyyubov Tural Yadulla oğlu (Tətbiqi riyaziyyat və kibernetika fakültəsi), Əlizadə Yüksəl İlqar oğlu (Tarix fakültəsi), Zeynallı Fikrət Akif oğlu (Fizika fakültəsi), Həbibli Şəhriyar Vidadi oğlu (Fizika fakültəsi), Məmmədov Kənan Nifdalı oğlu (Filologiya fakültəsi), Quliyev Hüseyn Həsən oğlu (Tarix fakültəsi), Məmmədov Vüqar İlqar oğlu (İlahiyyat fakültəsi), Nəcəfov Şamil Rəfi oğlu (Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi), Dadaşov Seyfəddin Məhiyyədin oğlu (Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi), Bəhmənli Manaf Bəhmən oğlu (Mexanika-riyaziyyat fakültəsi), Əhmədov Nicat Həsən oğlu (Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi), Manafov Cavid Faiq oğlu (Sosial elmlər və psixologiya fakültəsi), Musaoğlu Ataməli Seyidməmməd oğlu (Sosial elmlər və psixologiya fakültəsi), Əbilov Nurlan Fərrux oğlu (Coğrafiya fakültəsi).

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid tələbə və məzunlarımız müxtəlif orden və medallarla təltif edilmişdir.

 

Universitetin kollektivi, struktur bölmələri, eləcə də tələbə təşkilatları şəhidlərimizin xatirəsini daim uca tutmaq, tələbə-gəncləri şəhid və qazilərimizin qəhrəmanlıqları ilə tanış etmək məqsədilə mütəmadi tədbirlər həyata keçirir. Universitet rəhbərliyinin qərarına əsasən, şəhidlərimizin xatirəsinin uca tutulması,  şəhidlik zirvəsinə ucalmış məzunlarımıza diqqət və qayğı göstərilməsi, qazi tələbələrimizin təhsil problemlərinin öyrənilməsi və həlli istiqamətində müvafiq dəstəyin göstərilməsi, qəhrəman məzunların fakültələrdə tələbələrlə görüşlərinin keçirilməsini və s. nəzərdə tutan Tədbirlər Planı işlənilib hazırlanmışdır.

 

Tədbirlər Planına müvafiq olaraq, şəhidlərimizin xatirəsinin əziz tutulması, qəhrəman döyüşçülərimizin təhsil problemlərinin öyrənilməsi və onlara qayğı və diqqət göstərilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

 

BDU-nun şəhid tələbə və məzunlarının xatirə lövhəsi yaradılmışdır. BDU-nun əsas binasının foyesində BDU-nun şəhid tələbə və məzunlarının xatirə lövhəsində müqəddəs şəhidlərimizin hər birinin fotoşəkli əks olunmuşdur.

 

Vətən müharibəsində iştirak etmiş BDU tələbələrinin təhsil problemləri diqqətlə təhlil edilir, onlara pedaqoji, metodiki dəstəyin göstərilməsi istiqamətində müntəzəm  iş aparılır. BDU Elmi Şurasının 2021-ci il 3 fevral tarixli iclasının qərarı ilə Vətən Müharibəsi iştirakçısı olmuş alt qruplarda təhsil alan BDU tələbələrinin ödənişləri BDU büdcəsindən ödənilir. Həmçinin müharibə iştirakçısı olan tələbələrin təhsil problemlərini həll etmək üçün, qanunvericiliyə müvafiq olaraq, bütün şərait yaradılır.

 

BDU-nun şəhid məzunlarına həsr olunmuş videoçarxlar hazırlanaraq təqdim edilir. BDU TV və BDU Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə şəhid və qazi tələbə və məzunlarımıza həsr olunmuş, onların keçdiyi şərəfli döyüş yolu, valideynlərinin, ailə üzvlərinin, tələbə yoldaşları və müəllimlərinin xatirələrinin əks olunduğu videoçarxların hazırlanmasına başlanılmışdır. Sosial elmlər və psixologiya fakültəsinin şəhidlik zirvəsinə ucalmış məzunu Cavid Manafova həsr olunmuş ilk videoçarx ictimaiyyətə təqdim edilmişdir. Hazırda Vətən müharibəsində şəhid olan digər tələbə və məzunları haqqında videoçarxlar hazırlanır.

 

Hüquq fakültəsində də “Qəhrəmanını tanı” layihəsi çərçivəsində qəhrəmalarımızın gənclər arasında tanıdılması məqsədilə videoçarxlar hazırlanır. İlk videoçarx Hüquq fakültəsinin Vətən Müharibəsində rəşadətlə döyüşmüş və şəhidlik zirvəsinə ucalmış məzunu Ceyhun Şalıyevə həsr olunmuşdur.

 

Hazırda BDU TV-də BDU-nun 18 nəfər şəhid məzunu haqqında sənədli film hazırlanır.

 

BDU-nun şəhid məzunlarının ailələri ilə mütəmadi əlaqə saxlanılıronlara diqqət və qayğı göstərilir, şəhid valideynləri Universitetdə təşkil olunan tədbirlərə dəvət olunurlar. BDU-nun rəhbərliyi, professor-müəllim heyəti, eləcə də tələbə təşkilatlarının üzvləri şəhid məzunların ailələrini ziyarət edir, onlarla müntəzəm əlaqə saxlayırlar.

 

BDU və Missiya internet televiziyasının birgə layihəsi – “BDU-nun tarix yazan şəhid məzunları” layihəsi çərçivəsində şəhidlərimiz haqqında reportajlar hazırlanır.  Layihənin məqsədi Universitetin şəhidlik zirvəsinə ucalmış məzunlarının xatirəsini yaşatmaq, onların şərəfli döyüş yolunu yaddaşlara əbədi həkk etməkdir. Bu məqsədlə Universitet kollektivinin və tələbə təşkilatlarının iştirakı ilə ziyarət olunan şəhid ailələrindən reportajlar hazırlanır və geniş ictimaiyyətə təqdim edilir. Layihə çərçivəsində BDU-nun şəhid tələbə və məzunlarından Cavid Manafov, Nicat Əhmədov, Şamil Nəcəfov, Manaf Bəhmənli, Ceyhun Şalıyev, Vüqar Məmmədov, Ataməli Musaoğlu haqqında reportajlar hazırlanmışdır. Reportajlarda şəhid məzunlarımızın həyat yolu və keçdikləri şərəfli döyüş yolu barəsində həm valideynlərinin, həm də Universitet müəllimlərinin fikirləri öz əksini tapır. Hazırda layihə davam etdirilir.

 

2021-ci il 10 iyun tarixində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və Universitetin əməkdaşları Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu, Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış Şamil Nəcəfovun ailəsi ilə görüşmüş, məzarını ziyarət etmişdir. Şəhidin ali təhsil haqqında diplomu valideynlərinə təqdim olunmuşdur.

 

BDU-nun şəhid tələbə və məzunları və qazi tələbələri haqqında məqalələr, müsahibələr hazırlanaraq ölkənin kütləvi informasiya vasitələrində dərc olunur. Qəhrəmanlarımızın keçdiyi şərəfli döyüş yolu, eləcə də onlar haqqında xatirələr qələmə alınaraq mətbuatda işıqlandırılır. Sosial elmlər və psixologiya fakültəsinin şəhid məzunu Cavid Manafovun dayısı qızı Nigar İbrahimovadan müsahibə alınmış, Jurnalistika fakültəsinin tələbəsi Əsgər İsmayılov “Xarı bülbülün yarı Şuşa” adlı məqalə hazırlamış və mətbuatda işıqlandırılmışdır. Jurnalistika fakültəsinin magistrantı Kənan Novruzovun Vətən Müharibəsi qazisi Elmir Səftərov haqqında, Tarix fakültəsinin şəhid məzunu  Elşən Salayev haqqında “Şəhid əsgərin atası: Onu arxeologiya dəlisi adlandırırdılar”, “44 gün” adlı sənədli film: Şaxta sümüyümüzü kəssə də”, “Qələmini süngüyə çevirən jurnalist - baş leytenant: cibində vəsiyyətini yazdığı kağız var idi”, “Tələbə-həkimdən təsirli sözlər: Yaralı əsgərlər ağlayıb deyirdilər ki.. ağ ümid”, “Şəhidlərin portretini çəkən rəssam: Allahdan başqa nə istəyirəm ki”, BDU-nun Biologiya fakültəsinin şəhid məzunu Tərxan Qurbanov haqqında hazırladığı silsilə yazılar və s. mətbuatda dərc edilmişdir.

 

Eləcə də BDU-nun rəsmi saytı, sosial media hesabları və “Bakı Universiteti” qəzetində şəhid tələbə və məzunlarımız, qəhrəman qazilərimiz haqqında mütəmadi olaraq materiallar dərc olunur.

 

Vətən Müharibəsi iştirakçısı olan tələbə və məzunlarla onlayn mütəmadi görüşlər, dəyirmi masalar və s. keçirilir. 2020-ci il 17 dekabr tarixində Biologiya, 2021-ci il 11 fevral tarixində Şərqşünaslıq, 2021-ci il 12 fevral tarixində Tətbiqi riyaziyyat və kibernetika,  2021-ci il 15 fevral tarixində Tarix, 2021-ci il 15 fevral tarixində Hüquq, 2021-ci il 22 fevral tarixində Coğrafiya fakültəsində Vətən Müharibəsi iştirakçısı olan BDU tələbə və məzunları ilə tələbələrin onlayn görüşü keçirilmişdir.

 

2021-ci ilin 12 mart tarixində Kitabxanaçılıq-informasiya fakültəsində şəhid ailələri, əsgər anaları və Vətən Müharibəsi qaziləri ilə dəyirmi masa təşkil olunmuşdur.

 

17 mart 2021-ci il tarixində BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Şəhid ailələrinə və qazilərə qayğı hər birimizin borcudur” adlı onlayn tədbir keçirilmişdir.  03 aprel 2021-ci il tarixində Mexanika-riyaziyyat fakültəsində Aprel döyüşlərinin 5 illiyinə həsr olunmuş qazilərlə tələbələrin görüşü, 15 aprel 2021-ci il tarixində isə Jurnalistika fakültəsində fakültənin Vətən Müharibəsində iştirak edən qazilərlə tələbələrin görüşü keçirilmişdir.

 

2021-ci il 16 mart tarixində Filologiya fakültəsinin təşkilatçılığı ilə “Zəfər yolu” adlı onlayn tədbir keçirilmişdir. Tədbirdə fakültənin məzunları, Vətən Müharibəsi iştirakçıları Ülvi Əhmədov, Oktay Cahangirov və Elnur Soltanov öz döyüş yolları haqqında danışmışlar.

 

2021-ci il 16 mart tarixində TGT və Şərqşünaslıq fakültəsinin təşəbbüsü ilə keçirilən, şəhid Xudayar Yusifzadənin xatirəsinə həsr olunmuş tədbirdə qazilərlə görüş tələbələrdə böyük təəssürat yaratmışdır.

 

2021-ci ilin 14 aprel tarixində BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Şəhidlər - mənəviyyata açılan pəncərə” adlı onlayn tədbir keçirilmişdir.

 

2021-ci ilin 12 iyul tarixində BDU-nun şəhid məzunu Cavid Manafovun yaşadığı ünvanında barelyefinin açılış mərasimi keçirilmişdir. Açılış mərasimində BDU-nun rəhbərliyi, şəhid Cavid Manafovun təhsil aldığı Sosial elmlər və psixologiya fakültəsinin rəhbərliyi, tələbə təşkilatlarının üzvləri iştirak etmişlər.

 

Vətən Müharibəsinə həsr olunmuş müsabiqələr keçirilmişdir. 2020-ci ilin 15 dekabr tarixində “Vətən müharibəsi BDU tələbələrinin gözü ilə” onlayn rəsm müsabiqəsi elan olunmuş, müasbiqə qaliblərinin əsərləri KİV-də dərc olunmuşdur.

 

2021-ci il 2 mart tarixində Kimya fakültəsində “Qarabağa bahar gəldi” onlayn rəsm müsabiqəsi elan edilmiş, müsabiqəyə tələbələr parlaq Qələbəmiz və qəhrəman əsgərlərimizə həsr etdikləri rəsmləri təqdim etmişdir.

 

BDU-nun şəhid məzunlarına həsr olunmuş kitab nəşrə hazırlanır. Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış BDU-nun məzunlarının xatirəsini yaşatmaq və onların keçdiyi qəhrəmanlıq yolunu gənclər arasında tanıtmaq  məqsədilə xatirə kitabı nəşrə hazırlanır. Kitabda BDU-nun 18 qəhrəman şəhid məzunu haqqında müəllimlərinin və tələbə yoldaşlarının fikirləri də öz əksini tapacaqdır.

 

Tədbirlər Planına müvafiq olaraq BDU-da Vətən Müharibəsində iştirak edən, ərazi bütövlüyümüzün bərpası uğrunda canını fəda edən və şəhidlik zirvəsinə ucalmış tələbə və məzunlar, müharibə iştirakçıları ilə bağlı müxtəlif layihələr, tədbirlər davam edir.

 

Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir. Gənc nəsilə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvər ruhda böyütmək, torpağına bağlı, millətinə hörmət hissi ilə tərbiyə etmək isə hər bir vətəndaşın ən ümdə vəzifəsidir. Şəhidlərimizi yad etmək, xatirəsini əziz tutmaq hər birimizin ən müqəddəs borcudur.

 

Ramin Səmədov

Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri

Xəbər lenti