Logo

MİQ imtahanlarını Dövlət İmtahan Mərkəzi keçirsin –TƏKLİF

24.07.2021 12:54
IMG

“Son 2-3ildir ki, müəllimlərin işə qəbulu imtahanlarında olduqca bərbad, heç bir məntiqə sıxmayan suallarla qarşılaşırıq. Hər il MİQ imtahanları suallarının çətinlik səviyyəsini artırırlar. Müəllimlər arasında hər il suallarla bağlı ciddi narazılıq yaranır”.

 

Tehsil.biz xəbər verir ki, bu sözləri Editor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

 

Onun sözlərinə görə əksər müəllimlər tələb edirlər ki, MİQ imtahanlarının keçirilməsi Təhsil Nazirliyindən alınaraq Dövlət İmtahan Mərkəzinə verilsin:

 

“Dövlətin vahid imtahan mərkəzi varsa, Təhsil Nazirliyinin MİQ imtahanlarını keçirməyi yersizdir. Təhsil Nazirliyinin vahid ədəbiyyat siyahısı yoxdur. Vahid sual bazası yoxdur. Hərə gündə bir kitab çıxarır. Müəllimlər bilmir ki, imtahanlara konkret olaraq hansı vəsaitdən istifadə edərək hazırlaşsınlar. Əgər bu imtahanların keçirilməsi DİM-ə həvalə olunarsa, mərkəz bu vaxta qədər keçirdiyi ali təhsil müəssisələrinin bakalavr,magistratura pilləsinə, ortaixtisas təhsil müəssisələrinə kolleclərə qəbul, dövlət qulluğuna qəbul imtahanları və digər imtahanları keçirdiyi kimi şəffaf, səliqəli şəkildə keçirəcək. DİM imtahanda iştirak edənlərə konkret ədəbiyyat siyahısı təqdim edir və hazırlaşanlar bu siyahı əsasında hazırlaşırlar. DİM imtahanı keçirə bilər, Təhsil Nazirliyi isə müsabiqədən keçən namizədlərin işlə təmin olunmasını təsdiq edə bilər. Prosesin nizamlanması bu cür tənzimlənməlidir”.

 

Ekspert qeyd edib ki, bu gün MİQ imtahanında salınan suallar çox mənasız məntiqsiz və cavabları heç bir elmi biliyə əsaslanmayan suallardır:

 

“Suallarla bağlı xeyli sayda şikayətlər gəlir. Müəllimlər sualları paylaşırlar, baxırsan ki, çox gülünc, anlaşılmayan, əlaqəsiz suallardır. Əsərdə obrazın hansı rəngdə paltar geyinməsi gələcəkdə heç bir şagirdə lazım deyil ki, müəllim bunu öyrənsin. Əminəm ki, bu sualların tərtibində Təhsil Nazirliyində təsadüfən oturub özünü “sübut”etməyə çalışan şəxslər iştirak edib. Necə olur ki, ötən il imtahanlarda iştirak edib 50-58 bal toplayan müəllimin bu il nəticəsi 35-40 baldır? Bu hansı məntiqə sıxır? 50-60min müəllim 6-7min yerə qarşı mübarizə aparır deyə ortaya çətin və gülünc suallar çıxarıb camaata “savadsız”damğası vurmayın! Çünki o savadı ölkənin Ali təhsil müəssisələrində sizin proqram əsasında qazanırlar”.

 

Elçin Əfəndi Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət edərək bildirib ki, bu il müəllimlərin işə qəbulu imtahanında suallarla bağlı biabırçılıq nəzərə alınaraq bu səlahiyyət Təhsil Nazirliyindən alınsın, Dövlət İmtahan Mərkəzinə verilsin.

Xəbər lenti