Logo

"Peşə təhsili Azərbaycanda da dövlət siyasətinin bir parçasına çevrilmişdir" - MÜSAHİBƏ

24.07.2021 12:25 972 baxış
IMG

"Tehsil.biz" saytının müsahibi Azərbaycan Texniki Universitetinin (AzTU) “Mühəndis fizikası və Elektronika" kafedrasının müəllimi, Respublika Təhsil Şurasının üzvü və Peşə təhsili üzrə müstəqil tədqiqatçı Qadir Qafarovdur. 

- Peşə təhsilinə ilk dəfə maraq nədən yarandı?

- Peşə təhsili və təliminə, ümumiyyətlə bu təhsil sisteminə maraq məndə 2018-ci ildə ilk pedaqoji fəaliyyətimə başladığım 14 nömrəli Bakı Peşə Liseyində yaranmışdır. O zamanlarda bu sahə üzrə görülən işlərlə tanış olmağa, inkişafetdirici proqramlara qoşulmağa başladım. İstər burada xüsusi yanaşma tələb edən təhsilalanlarla işləmək, istər ixtisas fənlərini tədris etmək həvəsi məndə peşə təhsilinə maraq hissi yaratmışdır.

- Peşə məktəbindən başqa hansı sahə üzrə fəaliyyət göstərirsiniz?

- Belə bir ifadə var, ilk iş yeri sənin həyatının istiqamətini müəyyən edir. Mənim də ilk iş yerim təhsil müəssisəsi olduğu üçün çox vaxt tədris işləri ilə məşğul olmuşam. Peşə təhsili müsəssisəsində işlədiyim müddətdə paralel olaraq özəl kursların birində çalışmışam. Hal-hazırda Azərbaycan Texniki Universitetinin “Mühəndis fizikası və Elektronika" kafedrasının müəllimi vəzifəsində çalışıram. Ali təhsil müəssisəsində çalışsam da, peşə təhsili və təlimi hər zaman maraq dairəmin mərkəzində olmuşdur.

- Sizi peşə liseyindən universitetə gətirən səbəb nə oldu?

- Əminəm ki, hər bir kəs öz fərdi inkişafını düşünür. Peşə təhsilində bir cavan kadr kimi diqqət və qayğıdan məhrum olmaq məni bu sahədən kənarlaşmağa məcbur etmişdir. Bu o demək deyil ki, bu sahədən əl çəkdik. İndi də peşə təhsili üzrə qəbul edilən qanunları, aparılan dəyişiklikləri izləyirəm. Vaxtaşırı peşə təhsilində ixtisas fənlərinin tədrisi ilə bağlı araşdırmalar aparıram. Əsas məqsədim səriştəli modulların tədrisi üçün komseptual modelini yaratmaqdır. Bir daha vurğulayım ki, əsas səbəb əzm və həvəslə işlədiyim müddətdə əks reaksiyanı görməməyim məndə bir küskünlük yaratmışdır.

- Peşə təhsili haqqında hansı fikirləri söyləyə bilərsiniz?

- Peşə təhsili digər inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da dövlət siyasətinin bir parçasına çevrilmişdir. Onu da xüsusi vurğulayaraq deyim ki, bu bir tələbata çevrilmişdir və zəruridir. Azərbaycanın peşə təhsili sistemi dünya peşə təhsil modellərinə inteqrasiya mərhələsindədir deyə bilərik. Düşünürəm, təəssüf ki, özümüzün oturuşmuş peşə təhsil modelimiz formalaşmamışdır. Yəni peşə təhsilimizdə yeni yanaşmalar və çağırışlara cavabvermə mərhələsinə başlamışdır. Lakin burada bəzi məqamlar nəzərə alınmır. Mən ümid edirəm ki, bir gün peşə təhsilinə qarşı formalaşan səhv düşüncələrin əsasız olduğuna və peşə təhsili sisteminin cəmiyyət üçün nə qədər faydalı olduğunun şahidi olacağıq. Sonda peşə təhsilində reallaşmağı arzuladığım bir çox işlər mövcuddur.  

- Peşə təhsilində və ya ümumiyyətlə iş həyatınızda hansı nailiyyətləriniz var, hansı yenilikləri etmisiniz?

- Özümun uğurlarımı qələmə aldığım yazılarımda, əsərlərimdə və peşə təhsili üçün tərtib etdiyim vəsaitlərdə görürəm. Bir halda ki, peşə təhsili düzgün və keyfiyyətli dərs vəsaitlərindən məhrumdur. Tədris etdiyim ixtisasa uyğun ilk laboratoriya işlərinin cəmləşdiyi metodik vəsaitimi öz vəsaitim hesabına çap etdirərək tələbələrə təqdim etmişdim. "Elektrik ölçmələri", "Elektron qurğuların nasazlıq diaqnostikası" kimi praktiki vəsaitləri nümunə kimi göstərə bilərəm. Əsas uğurlarımdan birini Təhsil İnstitutunda "Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək" layihəsində iştirakımı və orada kurikulum standartları tərtib etdiyimiz 3 modul dərs vəsaiti həmmüəllifliyim ilə nəşr edilmişdir. Bundan başqa "Peşə ixtisas fənlərinin tədrisinə təsir edən amillərin müəyyənləşdirilməsi" adlı silsisə araşdırma işlərimin uğurla nəticələnməsi mənim üçün çox sevindirici hal olmuşdur və bu işləri özümün uğurlu işlərimdən hesab edirəm. Pedaqoji kadrların əsas hökmlü olduğu məsələlərdən məhz elə biri yazıb-yaratmaqdır.

- Peşə təhsilində çalışan həmkarlarınıza və tələbələrinizə nə kimi tövsiyələr edə bilərsiniz?

- İlk öncə həmkarlarıma səslənmək istəyirəm. Hər nə qədər mövcud vəziyyət qənaətbəxş olmasa da, ixtisaslarının tədrisinə önəm vermələrini və həvəslə tədris etmələrini xahiş edirəm. "Entuziazm" adlanan müəllimlərə dair bir xüsusiyyət mövcuddur. Şagirdlər müəllimlərinin tədris etdiyi fənnə və öz işinə olan sevgisini asanlıqla hiss edirlər. Bu çox vacibdir. Şagirdlərə isə əsas tövsiyəm budur ki, şəraitdən asılı olamayaraq oxumaq həvəsini heç bir zaman itirməmələridir.

Fəqan Əzimli

Xəbər lenti