Logo

Milli Mətbuat günü Azərbaycan xalqının tarixində ən əlamətdar günlərdən biridir

22.07.2021 22:19 856 baxış
IMG

Azərbaycan xalqı çox qədim dövlətçilik tarixinə, milli-mənəvi dəyərlərə və mədəniyyətə sahib xalqdır. Tarixin müxtəlif  dövrlərində Azərbaycan ərazisində güclü, qüdrətli, sarsılmaz dövlətlər mövcud olmuşdur. Və bu dövlətlərin hər biri bəşər cəmiyyətinin tarixində xüsusi yerə malikdirlər.

 

Həmin dövrlər haqqında biz dövrün tarixçilərinin əsərlərindən məlumatlar əldə edirik. Müasir dövrdə bu məlumatların, tarixi mənbələrin, əhəmiyyətli informasiyaların gələcək nəsillərə ötürülməsini, dünya ictimaiyyətinə çatdırılmasını mətbuat vasitəsilə həyata keçiririk. Bu prosesdə mətbuat sahəsində çalışanların, jurnalistlərin böyük əməyi vardır. 


Azərbaycanda mətbuat sahəsi çox çətin tarixi inkişaf yolu keçmişdir. XIX yüzilliyin ikinci yarısında Azərbaycanın mədəni həyatının ən mühüm hadisəsi Azərbaycandilli mətbuatın meydana gəlməsi olmuşdur. 


H.Zərdabi bu yolda böyük zəhmət sərf etmişdir. Qəzet nəşrinin təşkilində H.Zərdabiyə o zamankı Bakı qubernatoru D.S.Staroselski yardım göstərmişdi. Onun cəhdləri ilə Bakı səhnəsində M.F.Axundovun bir sıra pyeslərinin ilk tamaşası təşkil edilmiş, Şamaxıda üçsinifli məktəb açılmışdı. Məhz D.S.Staroselskinin vəsatəti ilə ilk Azərbaycan qəzetinin mətbəəsi üçün İstanbuldan şrift alınmış, qəzet çap olunmağa başlamışdı.


“Əkinçi” qəzetinin ilk nömrəsi 1875-ci il iyulun 22-də işıq üzü gördü. Bu xəbər bütün Qafqazda geniş əks-səda doğurdu. H.Zərdabi qəzetin təkcə naşiri və redaktoru deyil, həm də onun korrektoru, bəzən isə hətta mürəttibi idi.


1875-1877-ci illərdə “Əkinçi”nin 56 nömrəsi çıxmışdı. Geniş kütlələrin “Əkinçi”yə marağını oyatmaq üçün H.Zərdabi qəzetin pulsuz yayılması vasitəsinə də əl atdı.


H.Zərdabi tədricən “Əkinçi”nin ətrafında ziyalılar və təhsil alan gənclərdən ibarət kifayət qədər böyük bir fəallıq qrupunu birləşdirdi.Bu qəzet bütün Şərq dünyasının Avropa üsulunda nəşr olunmuş birinci mətbu orqanı idi. Onu həm də Qərb ölkələrində tanıyırdılar.


“Əkinçi” mütərəqqi maarifçı, demokratik ideyaları təbliğ edir, mövhumata, cəhalətə və avamlığa qarşı çıxır, Azərbaycan gerçəkliyinin bir çox zəruri problemlərini qaldırırdı. Qəzet təhsil və tərbiyə məsələlərinə xüsusi əhəmiyyət verir, məktəblərdə yeni təlim və tərbiyə üsullarının tətbiq edilməsinə tərəfdar çıxırdı: “Əkinçi” Azərbaycanda qadın təhsilinin, qadınların ictimai həyata cəlb olunmasının zəruriliyini müdafiə edən ilk Azərbaycan qəzeti idi.


 “Əkinçi”nin demokratik ideyaları bəzi mürtəce bəylər, ruhanilər və çar məmurları tərəfindən narahatlıqla qarşılanırdı. Qaragüruhçular ona qarşı qalxmışdılar. 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsinin başlanması ilə çar senzurası qəzetdə siyasi xarakterli məsələlərə toxunmağı qadağan etdikdən sonra “Əkinçi” üçün ağır şərait yarandı. Belə ki, belə şəraitdə hökumət 1877-ci ilin sentyabrında qəzetin nəşrinin dayandırılması barəsində fərman verdi.


“Əkinçi”nin nəşri dayandıqdan iki il sonra Tiflisdə Azərbaycan dilində başqa bir qəzet –“Ziya” çıxmağa başladı. Onun birinci nömrəsi 1879-cu il yanvarın 16-da çıxdı. “Ziya” qəzeti  “Ziyayi-Qafqaziyyə” adı altında çıxmağa başladı. Özü də bu qəzet mətbəə üsulu ilə çap olunurdu. Onun nəşri 1884-cü ilədək davam etdi. Bu müddət ərzində qəzetin 104 nömrəsi çıxdı. “Ziyayi-Qafqaziyyə” qəzeti daha geniş proqram üzrə nəşr olunurdu. 1880-ci ildə Tiflisdə Seyid Ünsizadənin qardaşı Cəlal Ünsizadə tərəfindən  “Kəşkül” adlı yeni qəzet nəşr olunmağa başladı. “Kəşkül” qəzetdən çox jurnala oxşayırdı. “Kəşkül” öz ideya istiqamətinə görə “Əkinçi”yə yaxın idi. 1884-cü ildən “Kəşkül” həftəlik qəzetə çevrildi və 1891-ci ilədək nəşr edildi. Qəzetin səhifələrində A.A.Bakıxanov, M.F.Axundov, S.Ə.Şirvani və başqalarının yaradıcılığına geniş yer verilirdi. 
Çar hökuməti Azərbaycan dilində mətbuat orqanlarının nəşrinə hər vasitə ilə mane olurdu.

 

Ana dilində qəzet və jurnalların çox məhdud miqyasda çap olunduğu bir şəraitdə Azərbaycan mədəniyyət xadimlərindən çoxu öz publisistik fəaliyyətlərini Qafqazın rusdilli mətbuatı vasitəsi ilə davam etdirir, İran, Türkiyə, Misir və Hindistanda çıxan qəzetlərin səhifələrində məqalələrlə çıxış edirdilər.


Tiflisdə çıxan “Vozrojdeniye”, “Zakafqazye” jurnallarında, “Zakavqazskaya reç.Yejenedelnoye obozreniye” qəzetində C.Məmmədquluzadə, Ə.Sultanov, N.Nərimanov, H.Minasazov “Müsəlman şöbələri” adında xüsusi rubrika açaraq, orada öz məqalələrini dərc edirdilər. 


80-90-cı illərdə Bakıda rus mətbuat orqanları - əvvəlcə “Kaspi” qəzeti (1881-ci ildən), sonra isə “Birjevıye vedomosti” və başqa qəzetlər çıxmağa başladı. Azərbaycan və rus mətbuat orqanlarının sayının artması ilə əlaqədar olaraq Bakı, Şamaxı, Gəncə və başqa şəhərlərdə ilk mətbəələr, litoqrafiyalar və digər poliqrafiya müəssisələri yaradıldı. 1900-cü ildə  Bakıda artıq  16 mətbəə işləyirdi.


Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndər Heydər Əliyev və Ümummilli liderin siyasi varisi Cənab Prezident İlham Əliyev tərəfindən Mətbuat sahəsinə, bu sahənin davamlı və dayanıqlı inkişafına  xüsusi diqqət və qayğı ilə yanaşılmışdır. 


 Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü funksiyasını yerinə yetirib. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib.


Müxtəlif dövrlərdə ölkə rəhbərliyinin təşəbbüsü ilə çap mediasının vergidən azad edilməsi, eləcə də qəzetlərin, jurnalların nəşriyyata olan borclarının silinməsi haqqında qəbul olunan qərarlar ölkədə mətbuatın inkişafına dair göstərilən dəstəyin daha bir təzahürüdür. Burada Mətbuat Şurası tərəfindən qəzet və jurnalların Şuraya olan borclarının da silinməsi faktları qeyd olunmalıdır.


Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli fərmanı ilə yaradılmış Medianın İnkişafı Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir; 


Qanunvericilik müstəvisində mətbuatın inkişafına verilmiş ən böyük töhfələrdən biri 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunması olmuşdur. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir, mətbuatın bütün sahələrdə funksionallığı sürətlə artır. Qabaqcıl texnologiyalar media sektoruna daxil olduqca yeni trendlər meydana gəlir. Bu gün jurnalistlərin, milli mediamızın qarşısında cəmiyyəti daha obyektiv, daha peşəkar şəkildə məlumatlandırmaq missiyası durur. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın qarşısıalınmaz tələbidir. Bununla əlaqədar, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır.


Bu gün ölkədə 5 mindən çox media subyekti var. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan ixtisasartırma və təkmilləşmə kurslarında iştirak edirlər. Vaxtilə Azərbaycanda Mətbuat Şurasının formalaşması media sahəsində pərakəndəliyi aradan qaldırmağa imkan verib, 2003-cü il martın 15-də Azərbaycan jurnalistlərinin birinci qurultayında qəbul edilmiş Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları isə media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərib.


Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması dövlətimizin başçısının diqqət mərkəzindədir. KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə qayğının göstəricisidir. Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında yaşayış binaları tikilib jurnalistlərin istifadəsinə verilmişdir. Eyni zamanda, Mətbuat Şurası üçün yeni binanın ayrılması və onun müasir avadanlıqla təmin edilməsi ölkəmizdə azad mətbuatın inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasının sübutudur.
KİV-lərin İctimai qınağın formalaşmasında və inkişafında müstəsna rol oynayır. Cəmiyyətə zərər verəcək proseslərin qarşısının alınmasında, insanlararası münasibətlərin düzgün qurulmasında KİV-lərin rolu çox böyükdür. 


Milli mətbuat günü bu sahədə çalışan bütün insanların peşə bayramıdır. Bu münasibətlə bütün mətbuat işçilərini, jurnalistləri səmimi qəlbdən təbrik edirəm. Şübhəsizdir ki, Azərbaycan mətbuatı durmadan inkişaf edərək yaxın gələcəkdə ən yüksək inkişaf səviyyəsinə çatacaqdır! 

 

Anar Salehoğlu

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi, 
“Müzəffər Azərbaycan Gəncləri” İctimai Birliyinin sədri

Xəbər lenti