Logo

WorldSkills Asia 2021 bacarıq yarışlarında Azərbaycanı kiber təhlükəsizlik üzrə təmsil edəcək şəxslərin seçim turu keçiriləcək

22.07.2021 17:08 876 baxış
IMG

23 iyul tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərəfdaşlığı ilə WorldSkills Azerbaijan platforması tərəfindən ölkəmizi kiber təhlükəsizlik istiqaməti üzrə WorldSkills Asia 2021 bacarıq yarışlarında təmsil edəcək şəxslərin seçim turu keçiriləcək.

 

Sənaye və İnnovasiyalar üzrə Bakı Peşə Təhsili Mərkəzində baş tutan seçim mərhələsinə onlayn qaydada qeydiyyatdan keçmiş 30 iştirakçının qatılması planlaşdırılır. Ümumilikdə iki hissədən ibarət olan seçim mərhələsi 4 saat davam edəcək və namizədlər 3 istiqamət üzrə tapşırıqları həll edib öz biliklərini sınayacaqlar.

      

Qeyd edək ki, seçim mərhələsində ən yaxşı nəticə göstərən şəxs 28-31 iyul tarixlərində WorldSkills Asia tərəfindən təşkil ediləcək kiber təhlükəsizlik yarışında Azərbaycanı təmsil etmək hüququ əldə edəcək. Onlayn formatda təşkil ediləcək yarışlara 26 müxtəlif ölkə təmsilçilərinin qatılması nəzərdə tutulur.

      

Xatırladaq ki, WorldSkills Azerbaijan peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Azərbaycan ötən ilin oktyabr ayında peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən WorldSkills hərəkatına qoşulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan WorldSkills hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə  inteqrasiya etmək imkanı yaradır.

Xəbər lenti