Logo

Milli mətbuatımızın ənənələrini yaşadan cəfakeş müəllim - Peşə bayramınız mübarək

22.07.2021 16:28 1121 baxış
IMG

Bu gün 22 iyul 2021 - ci il Azərbaycan Milli Mətbuatının yaranmasından 146 il ötür.


   1875-ci ilin bu günü xalqının hər dərdinə zərdab olacaq "Əkinçi" qəzetinin ilk sayı dərc olundu. O zaman cəmi 56 sayı işıq üzü gördü. Fiziki yox olmağına baxmayaraq, mənəvi şəkildə mətbuatımıza mayak olmağı bacardı.
 

Həsən bəy Zərdabi, Üzeyir bəy Hacıbəyli, Mirzə Fətəli Axundzadə, Əsgər Ağa Gorani, Seyid Əzim Şirvani... ilə yaranan Klassik Mətbuatımız, bu gün Müasir Mətbuatımızla özünün "birgəlik anını" (C.Məmmədli) yaşayır, ələlxüsus da senzurasız, müstəqil və bəxtəvər çağındadır.


Vaxtilə maarif babası Həsən bəy Zərdabi yazırdı: "Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur."

 

146 il bundan öncə Zərdabinin yandırdığı elm işığı bu gün daha gur və qorxusuz yanır. Zərdabinin maarif  işığı altında konfranslar, dəyirmi masalar, tədbirlər keçirilir.

 
Ötən il Cənab Prezident İlham Əliyev Azərbaycan Milli Mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncam isə Zərdabi ruhuna böyük sevginin,sonsuz ehtiramın təzahürü idi.
 

 "Milli Mətbuat və Jurnalistika günü" münasibətilə bütün mətbuat işçilərini ürəkdən təbrik edirəm.
 

Müasir Azərbaycan jurnalistikasının təməl daşı, ağsaqqalı, Zərdabinin elm işığını qəlbində daşıyan, əməllərində yaşadan və klassik ənənənin layiqli davamçısı Cahangir Məmmədlini bu gün ayrıca təbrik edib, mətbuatımızı - jurnalistikamızı bundan sonra da sağlam canla öz ziyalı nuru ilə boyamasını arzu edirəm.

 
   22 iyul Milli Mətbuatımızın əziz günündə Azərbaycanın bir sıra nüfuzlu şəxsiyyətləri, dəyərli ziyalıları Ustad Cahangir Məmmədli haqqında xoş sözlər deyib, təbrik paylarını yetirdilər:

 

Əsəd Cahangir - ədəbiyyatşünas, yazıçı, tanınmış tənqidçi


"Cahangir müəllim Azərbaycan jurnalistikasının klassik dövrünün nümayəndəsidir. Bununla yanaşı, həm də çox müasirdir. Onun bu iki cəhəti özündə birləşdirməsi həm hörmət, həm də rəğbət doğurur. Hörmət Cahangir müəllimin ağsaqqallığına görədir. Rəğbət isə müasirliyinə görə. Bu gün Azərbaycan mətbuatında onun qədər zamanla ayaqlaşan, onun sürətlə dəyişən tələblərinə cavab verən o yaşda ikinci şəxs tapmaq çətindir"

 


Elşən Əliyev - "Vətən səsi" qəzetinin baş redaktoru, Əməkdar jurnalist

 

"Cahangir müəllim müasir Azərbaycan jurnalistikasının ustadlarından və nadir nəzəriyyəçilərindəndir. O, milli mətbu irsimizə də, dünya mediasına da dərindən bələd olan, bilik və təcrübəsini gənc nəslə həvəslə öyrədən, hər bir yetirməsinin uğur qazanması üçün çalışan  əziz müəllimdir. Mən həm də bir həmyerli, doğma Ağdama hörmət-izzət, şan-şöhrət gətirən nüfuzlu şəxsiyyət kimi onunla fəxr edirəm. Qarabağın işğaldan azad edilməsi, əminəm ki, onun qəlbində hədsiz sevinc hissi doğurub, bax, bu dəqiqə könlü hər zaman yaddaşında diri və unudulmaz olan Novruzluda, yanından Qarqar axan, üzü Şuşaya baxan ata-baba yurdundadır. İnşallah, Allah-təala Cahangir müəllimə o torpaqların yenidən xoş və firvan günlərə qovuşduğunu görməyi də nəsib edəcək."

 


Mənsum İbrahimov - Xalq artisti, Prezident mükafatçısı, Azərbaycan Milli Konservatoriyasının professoru
 

“Cahangir Məmmədli Azərbaycan jurnalistikasının canlı əfsanələrindən biridir. Və eyni zamanda olduqca Vətənpərvər, dəyərli bir ziyalımızdır. Düşünürəm ki, Cahangir müəllim kimi ziyalılar cəmiyyətimizə çox lazımdır. Uzun illərdir ki, Cahangir müəllimlə gözəl münasibətimiz, dostluğumuz var. Hətta müəyyən çıxışlarım, verilişlərim olanda zəng edib gözəl fikirlərini söyləyir, təbrik edir, eyni zamanda mən də Cahangir müəllimin fəaliyyətinə biganə qalmıram. 
"Milli Mətbuat və Jurnalistika günü" ndə istəyirəm ki, Cahangir Məmmədliyə öz xoş arzularımı bildirim, Ustada can sağlığı arzulayım. Bundan sonra daha gümrah yaşasın, yaratsın və həmişəki kimi savadlı, vətənpərvər jurnalistlər hazırlasın.
Başda Cahangir Məmmədli olmaqla bir daha mətbuat işçilərini peşə bayramları münasibətilə ürəkdən təbrik edirəm, onlara bu çətin və şərəfli işlərində uğurlar arzulayıram.”

 

Əli Məhəmmədoğlu - Xalq artisti, diktor

 

“Cahangir müəllimi xeyli vaxtdır tanıyıram. Məni tanıyanlar yaxşı bilir ki, boğazdan yuxarı təbrikim yoxdur. Əzizim Cahangir Məmmədlini o qədər çox istəyirəm ki, o, bütün xoş sözlərə layiqdir. Yəni, Cahangir müəllim üzündən nur yağan şəxsiyyətdir. Biz həm də yerliyik.
Cahangir müəllimlə radio, mətbuat günü münasibətilə müəyyən verilişlərdə qonaq olmuşuq.
Bu böyük insanı tanıyanların hamısının dilindən xoş sözlər eşitmişəm.
Cahangir Məmmədlinin çöhrəsinə baxmaq kifayətdir ki, qəlbinin təmizliyi, daxili saflığı, səmimiyyəti ilə qarşısındakı xoş əhval-ruhiyyəyə köklənsin.
Bir daha deyim ki, Cahangir müəllim haqqında ancaq xoş fikirlər söyləyə bilərəm. Onun simasından ziyalılıq, nur yağır.
Cahangir Məmmədli timsalında bütün mətbuat  işçilərinin bayramı mübarək olsun.”

 

Gülhüseyn Kazımov - İctimai xadim, yazıçı və şair

 

“Cahangir müəllim milli mətbuatımız üçün sağlam jurnalist kadrlarının hazırlanmasında müstəsna əməyi olan insanlardandır.
Cahangir Məmmədli, mətbuat gününüz mübarək olsun.” 

 


Elçin Mirzəbəyli - Siyasi analitik, jurnalist, şair

 

“Milli Mətbuatımızın 146-cı ildönümündə təbrikə hər kəsdən çox layiq olan ağsaqqal jurnalistlərimizdən biri də Cahangir Məmmədlidir. Cahangir müəllim Azərbaycan mediasının işıqlı, pozitiv, enerji dolu, yenilikçiliyə meylli simalarındandır, mətbuatımızın dünəni ilə bu günü arasındakı körpülərdən biridir. Cahangir Məmmədli Azərbaycan Milli Mətbuatının klassik ənənələrinin yeni mediaya daşınmasını təbliğ edən, bu istiqamətdə yorulmadan fəaliyyət göstərən, keçmişlə gələcək arasındakı mədəni, mənəvi bağları qoruyan Ustaddır!”

 


Azad Şükürov - Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti

 
“Cahangir Məmmədli müasir Azərbaycan jurnalistikasının ağsaqqalıdır. Müdrik, qayğıkeş, təmkinli, ağırtaxtalı eyni zamanda uşaqlıq saflığını qoruyub saxlaya bilən, poeziya qədər yumşaq, əziz və mehriban ziyalımızdır. Cahangir Məmmədli bütün həyatını öyrətməyə sərf edən və bu yolda qaranlıq məqamlara gözucu da olsa dönməyən, öz nümunəvi həyat tərzilə müəllim adını uca tutan və bu ada yalnız və yalnız şərəf gətirən bir ustaddır. Cahangir müəllim böyük Vətənpərvərdir və bu keyfiyyəti öz yetirmələrinə ustalıqla ötürməyi bacaran bir Azərbaycan ziyalısıdır. Azərbaycan mətbuatının elə bir bağı-baxçası yoxdur ki, orada Cahangir müəllimin əkib becərdiyi mer-meyvə, gül-çiçək olmasın. Bu qollu budaqlı, əzəmətli ağacın kölgəsi hələ uzun müddət qəlblərimizə bir sərinlik gətirəcək, jurnalist olmaq istəyən Azərbaycan gəncliyinə dayaq olacaq.”

 

Bünyamin Qəmbərli - Azərbaycan Turizm və Menecment Universitetinin baş müəllimi


“Cahangir müəllim jurnalistikada yetərincə ardıcılları olan, yetərincə savadlı jurnalistlər yetişdirən azman müəllimlərdəndir.
Cahangir Məmmədli jurnalistikada və cəmiyyətdə sözünün çəkisi olan fikir sahibidir, bu sahənin incəliklərini bilən, müasir Azərbaycan jurnalistikasında mühüm rolu olan şəxsiyyətlərdən biridir.
Ümumiyyətlə, jurnalistin sözü acı olsa da, dediyi sözlər dərman olmalıdır. Lakin Cahangir Məmmədlinin təbiəti kimi həm sözləri həlimdir, həm də söylədiyi fikirlər dərdimizə dəvadır.
Cahangir müəllim, gününüz mübarək...”

 

Əlabbas Bağırov - Azərbaycan Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin üzvü, yazıçı, publisist, esseist


“Cahangir müəllim çağdaş jurnalistikamızın tək  sayılıb-seçilən isimlərindən yox, həm də ağsaqqallarından biridir. Biz həm də uzun illərin dostuyuq.  Xətri yanımda əziz olan insanlardan biridir. Həm də ona görə ki, Cahangir müəllim əsərlərimin ilk oxucularından biri olaraq fikir bildirənlərdəndir. Onun "Köhnə kişi" barədə söylədikləri indi də xatirimdədi. İllah da o sözü ki, darıxma, "Köhnə kişi"nin də zamanı gələcək. O zaman həm də sənin, Əlabbasın zamanı olacaq. Cahangir müəllim bu sözü hələ səksəninci illərin əvvəllində, əsərin əlyazmasını oxuyub bitirəndə demişdi. O vaxt ki, onda o yazının çapına olan bütün ümidlərimi itirmişdim.”

 

Elnur Niftəliyev - Filologiya üzrə fəlsəfə doktoru

 
 “ "Bakı Dövlət Universitetinin" Jurnalistika fakültəsində təhsil alan tələbələrin hamısı Cahangir müəllimi çox yaxşı tanıyır, Ustadın xətrini çox istəyir. Mən də əziz müəllimimizin tələbələrindən biri kimi hər zaman Ustadımızın qayğısını, dəstəyini üzərimdə hiss etmişəm. Müəllimimə sevgim sonsuzdur və onu hədsiz çox istəyirəm.
Bildirmək istəyirəm ki, Cahangir müəllimin üzərimizdə böyük əməyi olub. Universitetdə təhsil aldığım vaxtlarda, diplom müdafiəsi zamanı, "filologiya üzrə fəlsəfə doktoru" elmi dərəcəsi alanda, kitabımın nəşri zamanı AĞSAQQAL MÜƏLLİMİMİZİN dəstəyini görmüşəm. Hətda kitabımın universitetdə təqdimatı zamanı əziz və dəyərli müəllimim mənim haqqımda söylədiyi yüksək fikirlər hesab edirəm ki, fəaliyyətimə verilən ən yüksək dəyərdir, qiymətdir.
Cahangir müəllimə möhkəm can sağlığı arzu edirəm. Arzu edirəm ki, Ustadımın yetişdirdiyi tələbələrin sayı bundan sonra daha çox olsun və gələcək jurnalistlərimiz Cahangir Məmmədli təcrübəsindən hələ uzun illər yararlansınlar və öyrənsinlər.
Cahangir Məmmədli, "Milli Mətbuat və Jurnalistika gününüz" mübarək olsun.”

 

Qeyd: Yazının hazırlığı zamanı göstərdikləri diqqətə, sevgiyə görə müsahiblərimə sonsuz sayğımı, dərin hörmətimi ifadə edirəm.

 

Əsgər İsmayılov

BDU-nun jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti