Logo

“Universitetə buraxılmaq istəyirsinizsə, peyvənd olunun, əks halda…”

20.07.2021 22:04 203 baxış
IMG

Tələbə və valideynlər intizarda, ali məktəblər müstəqil qərar verə bilmir və qarşıda bizi nə gözləyir?

 

İki aydan sonra yeni tədris ili başlayacaq, ancaq təhsilin hansı rejimdə keçiriləcəyi hələ bəlli deyil. Ötən təhsil ilində pandemiya səbəbindən tələbələr daha çox onlayn təhsil almağa məcbur oldular, lakin bütün universitetlər, müəllimlər və tələbələr buna hazır deyildilər. Mütəxəssislər qeyd edirlər ki, distant təhsilin keyfiyyəti indikindən daha yaxşı olsa da, universitetlərdə keçirilən canlı dərsləri əvəz edə bilməz.

 

Bəzi ölkələr, tələbələr aşılandığı halda, ənənəvi təhsili bərpa etməyə qərar verdi. Məsələn, Rusiyada heç bir ciddi səbəb olmadan peyvənddən imtina edən tələbələri fərdi tədris planına keçməyi planlaşdırırlar və belələrini əksər universitetlərdə əyani təhsilə buraxmayacaqlar.

 

Belə bir yolun universitetlərimizdə tətbiqi mükünlüyü indi yerli təhsil dairələrində müzakirə olunur. Əlbəttə, fikirlər müxtəlifdir, amma bir çoxları peyvəndin tərəfdarıdır.

 

AYNA əməkdaşının müraciət etdiyi universitetlərdən bu barədə Nazirlər Kabinetindən məlumat gözlədikləri bildirildi. Ali məktəblər tələbələrin məcburi aşılanmasına müstəqil olaraq qərar verə bilmir.

 

Tələbələrdən və onların valideynlərindən məcburi peyvəndlənmənin perspektivləri ilə bağlı fikirlərini soruşduq.

 

Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbəsi Esmira Məmmədova dediyinə görə, universitetlərdən tələb olunmasa belə, onsuz da peyvənd vurdurub, çünki bunsuz idman zallarına gedə bilməzdi: “Bir universitetə getmək üçün bənzər bir şərt qoyulsaydı, seçimim eyni olardı. Ancaq ümumiyyətlə, əhalinin məcburi aşılanmasına mənfi baxıram, çünki insanların seçim imkanı olmalıdır. İnsanları, xüsusən tələbələri bir fakt (işlərini itirmək, tədbirlərə və ya təhsil müəssisələrinə getməmək təhdidi) qarşısında qoya bilməzsiniz”.

 

Bu il qızı universitetə ​​gedəcək Ləman Babayevanın sözlərinə görə, yalnız aşılanan insanların universitetə buraxılması qərarı olsay, məcburi peyvənd vurduracaqlar: “Ümumiyyətlə, bir çox yerdə peyvənd pasportu tələb olunur. Qızım indi iş axtarır və heç bir yerdə bu pasport olmadan işə almırlar. Əgər belə tələblər olmasaydı, aşılanmağa tələsməzdik, amma indi başqa seçimimiz yoxdur”.

 

Təhsil Nazirliyi yanında İctimai Şura sədrinin müavini Nadir İsrafilov AYNA-ya açıqlamasnda deyib ki, tələbə və müəllimlərin əksəriyyəti adi təhsil formatına qayıtmaq istəyir: “Pandemiya ilə bağlı vəziyyətin tədris ilinin əvvəlinə qədər necə olacağını heç kim proqnozlaşdıra bilməz, çünki yeni ştamlar yaranır. Vəziyyət daha da pisləşə bilər və ya əksinə, pandemiya sona çata bilər, hər halda, istənilən bir ssenariyə hazır olmaq və panika yaratmamaq vacibdir. Vəziyyətə uyğun hərəkət etmək lazımdır, artıq bu sahədə müəyyən təcrübə də qazanmışıq”.

 

Peyvəndləmə məsələsinə gəldik, mütəxəssis bunun könüllü olduğunu, lakin bir sıra təşkilatların rəhbərliklərinin işçilərinə aşılanmaq şərti qoyduğunu bildirib: “Universitetlərdə peyvənd vurdurma könüllü olmalıdır. Amma tələbələr bu addımın onların universitetlər daxilində təhsil almağa qayıtmaq imkanını daha da yaxınlaşdıracağını bilməlidirlər”.

 

Təhsil eksperti Səbinə Əliyeva AYNA-ya şərhində söyləyib ki, indi tələbələr üçün yay məktəbləri təşkil olunub və onlar imtahanlarını canlı verəcəklər: “Bu baxımdan, imtahanlara buraxılma üçün aşılanma məsələsi müzakirə olunur. Şəxsən mən peyvənd olundum və deyə bilərəm ki, peyvəndin heç bir ziyanı yoxdur. Bununla bağlı çoxlu şayiələr yayılır və bunlardan biri də peyvəndin sonsuzluğa səbəb olmasıdır. Ancaq bu, belə deyil və mən hamilə qalan və peyvənddən sonra problemsiz uşaq dünyaya gətirən qadınları tanıyıram”.

 

Həmsöhbətimiz toylarda və idman zallarında artıq COVID pasportu tələb edildiyini xatırladıb: “Universitetlərdə də risk altında olan bir çox insan - yaşlı işçilər var. Onların bir çoxu diabet və digər xəstəliklərdən əziyyət çəkir, bu zaman koronavirusa yoluxmaları ciddi fəsadlara gətirib çıxara bilər”.

 

“Onları təhlükəyə atmaq düz deyil. Ancaq heç bir halda tələbələri qorxutmamalı, universitetdən qovulma ilə təhdid etməməlisiniz. Koronavirusa qarşı aşılanma haqqında məlumatları gənclərə düzgün çatdırmaq, onları könüllü peyvənd olunmağa sövq etmək vacibdir. Günümüzdə gənclər məlumatlarının çoxunu internetdən alır, bu səbəbdən hörmətli həkimlərin, etimadı olan və səlahiyyət sahibi olan mütəxəssislərin internet səhifələrində görünməsi vacibdir”, - deyə Əliyeva vurğulayıb.

 

Əlavə edib ki, tələbələri aşılamağa məcbur etməyə başlasaq, Gürcüstanda olduğu kimi, eyni problemlərlə qarşılaşa bilərik: “Bu qonşu ölkədə məcburi peyvəndlənməyə qarşı gənclər arasında etirazlar baş qaldırdı. Ancaq məsələni bəzi ölkələrdə olduğu kimi həll etmək olar: dərslərə qatılmaq istəyirsinizsə, peyvənd vurdurun, əks halda onlayn oxuyun”.

 

Qeyd edək ki, vaksinasiya sosial məsafəyə, tibbi maskaların taxılmasına və pandemiyada zəruri olan digər qaydalara riayət olunmasını istisna etmir.

Xəbər lenti