Logo

Qurban bayramı münasibətilə ADPU-nun rektoru, professor Cəfər Cəfərovun təbriki

20.07.2021 11:01 397 baxış
IMG

Qurban bayramı münasibətilə ADPU-nun rektoru, professor Cəfər Cəfərovun

 

                                    TƏBRİKİ

 

Hörmətli müəllimlər və universitetimizin əməkdaşları!
Əziz tələbələr!
Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, firavanlıq, elmi-pedaqoji fəaliyyətinizdə, təhsil və şəxsi işlərinizdə uğurlar arzulayıram.
Azərbaycan multikultural məkan kimi bu gün dünyada sülhün və həmrəyliyin, ümumbəşəri və dini dəyərlərin ahəngdar bərqərar olduğu nadir ölkələrdəndir. Müasir dövrdə respublikamızda milli və dini mənsubiyyətindən asılı olmayaraq, bütün insanların unikal tolerant birgəyaşayış mühitinin formalaşmasında həm Azərbaycan xalqının saf və zəngin mənəvi-əxlaqi aləmi, həm də təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən humanizm prinsiplərinə söykənən mütərəqqi siyasət əsas amil kimi çıxış edir. 
Xalqımızın zəngin milli-mənəvi dəyərlər kodeksində önəmli yer tutan İslam dinində uca Allaha ehtiramın, insanlar arasında birlik və bərabərliyin, qarşılıqlı yardımlaşma, xeyirxahlıq və fədakarlığın rəmzi olaraq xüsusilə seçilən qurban ayini ölkəmizdə də hər il geniş keçirilir. Bu il vətənimizin əmin-amanlığı, xalqımızın firavanlığı kimi müqəddəs niyyətlərlə yerinə yetirilən qurban mərasimləri yurdumuzun düşmən işğalından azad edilməsindən doğan xoş ovqat və yüksək əhval-ruhiyyə şəraitində icra olunur. 
Çoxəsrlik  milli-mənəvi və dini dəyərlərin sintezilə yoğrulmuş Azərbaycan xalqı vətən uğrunda fəda olmağı ən ali məqam hesab edərək “Səndən ötrü can verməyə cümlə hazırız!” devizi ilə doğma diyarın azadlığını həmişə hər şeydən üstün tutub. 2020-ci ilin 44 günlük möhtəşəm Vətən müharibəsində qəhrəman əsgərlərimiz Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə erməni işğalçılarına sarsıdıcı zərbə vurmaqla ölkəmizin ərazi bütövlüyünü bərpa edərək hamımıza böyük qələbə sevinci yaşatdılar. Bu gün biz bütün milli və dini bayramlarımızı artıq qalib xalq olaraq qeyd edir, bu yolda canlarını əsirgəməmiş şəhidlərimizi dərin ehtiram və sonsuz qürur hissilə anırıq. 
Əziz həmkarlar və tələbələr!
Sizə bir daha Qurban bayramı münasibətilə ən səmimi arzularımı çatdırır, əmin-amanlıq, xoşbəxtlik və nəcib niyyətlərinizin çin olmasını diləyirəm.  
Qoy bu bayramda kəsilən qurbanlar müqəddəs şəhidlərimizin ruhunu şad eləsin, xalqımıza səadət və firavanlıq gətirsin.
Bayramınız mübarək!

Xəbər lenti