Logo

Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi

17.07.2021 17:51 293 baxış
IMG

İyulun 17-də Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 

 

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Giriş nitqi ilə çıxış edən Təhsil Nazirliyinin Lisey, gimnaziya və özəl təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev Respublika fənn olimpiadaları nəticələrinin analitik təhlilinə dair təqdimatla çıxış edib. Bildirib ki, bu il olimpiadanın rayon (şəhər) mərhələsində 28 828 şagird iştirak edib. Onlardan 16 116 nəfəri qız, 12 712 nəfəri isə oğlan olub. Olimpiadanın nəticələrinə əsasən, 155 nəfər bürünc, 116 nəfər gümüş, 56 nəfər qızıl olmaqla, ümumilikdə 327 nəfər qalib elan edilib.  Hər bir fənn üzrə ən yaxşı nəticə göstərmiş 1 nəfər olmaqla, ümumilikdə 8 şagird “Birincilərin birincisi” nominasiyasına layiq görülüb. 

 

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev qalibləri təbrik edərək istedadlı uşaqlarla iş sahəsində həyata keçirilən tədbirlərdən söz açıb. Şagirdlərimizin olimpiada nailiyyətlərinin tarixindən danışan Emin Əmrullayev digər ölkələrdə innovativ sahələr üzrə keçirilən  yarışların ölkəmizdə də təşkilinin vacibliyinə toxunub.

 

Emin Əmrullayev çıxışının sonunda olimpiadanın təşkilində dəstək olan hər kəsə təşəkkür edib, bütün qalibləri bir daha təbrik edib və onlara uğurlar arzulayıb. 

 

Mərasimdə Respublika fənn olimpiadalarında hər fənn üzrə ən yüksək nəticə göstərmiş 8 qızıl medalçıya – “Birincilərin birincisi”nə, ümumilikdə olimpiada qaliblərinə mükafatlar təqdim olunub. 

 

Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir. Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.

Xəbər lenti