Logo

Azərbaycan Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dövrdə təşkilatın nüfuzunun daha da artmasına öz töhfələrini vermişdir

17.07.2021 15:26 461 baxış

Azərbaycan 1961-ci ildə yaradılmış Qoşulmama Hərəkatına 2011-ci ildə tam hüquqlu üzv qəbul olunmuşdur. Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş zirvə görüşündə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv olduqdan qısa müddət sonra ölkəmizin sədrlik etməsi ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə zirvə görüşü keçirilmişdir. Hazırda qlobal liderliyə ehtiyac duyulduğu bir şəraitdə Prezident cənab İlham Əliyev təşəbbüslə çıxış edərək, “özünə qapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirmiş, dünyanın dörd bir yanından müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail olmuşdur. Bu gün biz əyani şəkildə Qoşulmama Hərəkatının fikir mübadiləsi, qlobal həmrəylik və əməkdaşlıq üçün səmərəli platformaya çevrildiyinin şahidi oluruq. Dövlət başçımızın Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsü üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənmiş və Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunmuşlar. 40-a yaxın ölkənin dövlət və hökumət başçılarının, Xarici İşlər nazirlərinin iştirak etdiyi sözügedən tədbir bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir. Bu gün Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Habelə, Zirvə görüşündə bu qədər ölkənin iştirakı Azərbaycan Prezidentinin şəxsi nüfuzunun və uğurlu siyasətinin nəticəsidir. Qəbul olunmuş bəyannamədə vaxtında irəli sürülmüş təşəbbüsə görə Prezidentimizə təşəkkürün öz əksini tapması bunun bariz göstəricisidir. Təsadüfi deyil ki, BMT-nin Baş katibi cənab İlham Əliyevin belə bir görüşü çağırmasına görə təşəkkürünü bildirərək BMT-nin Prezidentimizin səylərini dəstəklədiyini xüsusilə vurğulamışdır. Prezident cənab İlham Əliyev nümunəvi addım ataraq, pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi. Dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronovirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək vermişdir. Azərbaycan koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq, Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırmışdır. Habelə, Azərbaycan tərəfindən bir sıra ölkələrə də ikitərəfli əsasda yardım həyata keçirilmiş və keçirilməkdədir. Bu gün Koronavirus infeksiyası hər bir dövləti ciddi sınaq qarşısında qoymuşdur. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən 2020-ci ilin mart ayının 23-də Prezidentimizə ünvanlanmış məktubda Azərbaycanda görülmüş işlərə Təşkilat tərəfindən yüksək qiymət verildiyi qeyd edilmişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər cərgəsində gəlir. Eləcə də, effektiv nəticələrə görə Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunur. Azərbaycan Prezidentinin yaranmış vəziyyətin sosial-iqtisadi sferaya çətinlik yaratmaması ilə bağlı verdiyi qərarlar da Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən təqdir olunur. Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Qeyd olunmalıdır ki, məhz Azərbaycan daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq olmuşdur. Sadalanan faktlar Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın dünya miqyasında nüfuzunu daim artdığının göstəricisidir.


 
             Elşən Ağalarov
             Neftçala rayon sakini, müəllim

Xəbər lenti